RU

Aprel döyüşləri Azərbaycan cəmiyyətində ruh yüksəkliyi yaratdı - Əkrəm Bəydəmirli

2016-cı ilin aprel ayında cəbhə xəttində baş verən şiddətli döyüşlər bölgədə vəziyyəti yenidən gərginləşdirdi. Qısa müddət davam etməsinə baxmayaraq, Aprel döyüşləri həm hərbi, həm də siyasi baxımdan mühüm hadisə kimi yadda qaldı.

Aprel döyüşlərindən 10 il ötür və bu tarixi hadisə Azərbaycan cəmiyyətində bu gün də qürurla xatırlanır. QHT.az xəbər verir ki, bu sözləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli öz sosial şəbəkə hesabında bildirib ki, 2016-cı ilin Aprel döyüşləri ölkənin hərb tarixində mühüm dönüş nöqtəsi olub.

Ə.Bəydəmirlinin sözlərinə görə, həmin döyüşlər zamanı Ordumuz düşmən işğalı altında olan 2000 hektar ərazini azad etməklə xalqda böyük ruh yüksəkliyi və qələbəyə inam yaradıb. O qeyd edib ki, məhz bu uğur Azərbaycan cəmiyyətində bütün torpaqların azad ediləcəyi ilə bağlı güclü ümid formalaşdırıb.

Sədr vurğulayıb ki, Aprel döyüşləri ordu–xalq birliyinin ən yüksək səviyyədə nümayiş olunduğu mühüm mərhələlərdən biri kimi yadda qalıb. Onun fikrincə, bu vəhdətin real nəticəsi 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində daha aydın şəkildə özünü göstərib.

Əkrəm Bəydəmirli bildirib ki, Aprel döyüşləri başlayanda yüzlərlə Azərbaycan gənci çağırış vərəqəsini gözləmədən könüllü şəkildə səfərbərlik xidmətinə müraciət edib. O, bunu xalqın vətənpərvərlik ruhunun və orduya dəstəyinin bariz nümunəsi kimi qiymətləndirib.

“Aprel döyüşləri Azərbaycan cəmiyyətində xeyirin şər üzərində mütləq qalib gələcəyi düşüncəsini daha da möhkəmləndirdi”– deyə sədr qeyd edib.

Ə.Bəydəmirlinin sözlərinə görə, həm 2016-cı ilin Aprel döyüşləri, həm də 2020-ci ilin Vətən müharibəsi zamanı Ermənistan ordusunda fərarilik hallarının artması qarşı tərəfdə ciddi mənəvi-psixoloji böhranın olduğunu göstərib.

Sədr həmçinin bildirib ki, Aprel döyüşləri Qarabağ münaqişəsinin uzanmasında maraqlı olan xarici qüvvələrə də ciddi mesaj olub. Onun sözlərinə görə, bu əməliyyatlar Azərbaycan Ordusunun gec-tez öz torpaqlarını azad etmək əzmini və gücünü açıq şəkildə nümayiş etdirib.

“Aprel döyüşləri Ermənistanın ‘məğlubedilməz ordu’ mifini tamamilə dağıtdı və 2020-ci ildəki tarixi zəfərin əsas psixoloji təməlini yaratdı” – deyə Əkrəm Bəydəmirli əlavə edib.

Yekunda sədr qeyd edib ki, İkinci Qarabağ müharibəsində əldə olunan tarixi zəfər düşünülmüş strateji siyasət, güclü ordu quruculuğu və xalqın birliyi sayəsində mümkün olub. O, Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinin daim ehtiramla anıldığını vurğulayıb.

Fatimə Nəbiyeva

Избранный
37
qht.az

1Источники