Bu gün Azərbaycan və Ermənistan arasında 2016-cı ildə baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür.
Publika.az xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan həmin tarixi döyüşlərdən 10 il ötür.
2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.