RU

Vens İranla atəşkəs üçün danışıqlar aparır - Əsas şərt Hörmüz boğazıdır

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ vitse-prezidenti Cey Di Vensin İranla atəşkəs əldə olunması və Hörmüz boğazının yenidən naviqasiya üçün açılması məqsədilə vasitəçilərlə intensiv danışıqlar apardığı məlum olub.

TurkicWorld xəbər verir ki, "Axios" və "Reuters" agentliklərinin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, Vaşinqton atəşkəs müqabilində strateji əhəmiyyətli boğazın dərhal açılmasını tələb edir.

Mənbələr bildirir ki, Prezident Donald Tramp vitse-prezident Vensə bu prosesdə geniş səlahiyyətlər verib. Vensin son olaraq Pakistan vasitəçiləri ilə görüşdüyü və Tehranın hərbi əməliyyatlarda fasilə istəyinə cavab olaraq ABŞ-ın şərtlərini çatdırdığı qeyd olunur. Pakistan hazırda Vaşinqton və Tehran arasında əsas kommunikasiya körpüsü rolunu oynayır.

Vitse-prezident vasitəçilər vasitəsilə İrana "qətiyyətli mesaj" göndərərək Donald Trampın səbrinin tükənmək üzrə olduğunu vurğulayıb. Ağ Ev rəhbəri artıq İranın infrastrukturunu, xüsusilə elektrik şəbəkəsini hədəf alan bombardman planlarını təsdiqləsə də, razılığın əldə olunması ehtimalını nəzərə alaraq bu hücumları aprelin 6-dək təxirə salıb. Əgər Tehran həmin vaxta qədər Hörmüz boğazının açılması da daxil olmaqla, ABŞ-ın tələblərini yerinə yetirməsə, İrana qarşı təzyiqlərin daha da kəskinləşəcəyi bildirilir.

Münaqişənin artıq beşinci həftəsinə daxil olduğu bir vaxtda Cey Di Vensin danışıqlarda aparıcı rol alması onun administrasiya daxilindəki nüfuzunun artması kimi qiymətləndirilir. Müşahidəçilər hesab edirlər ki, Vensin bu cür kritik diplomatik missiyanı idarə etməsi onun 2028-ci il prezident seçkiləri üçün potensial namizədliyini daha da gücləndirir.

Qeyd edək ki, Donald Tramp "Truth Social" platformasında verdiyi açıqlamada İranın atəşkəs istədiyini təsdiqləyib, lakin rəsmi Vaşinqtonun bu müraciətə yalnız Hörmüz boğazı açıldıqdan sonra baxacaqlarını bəyan edib.

Избранный
26
turkic.world

1Источники