RU

Ən ali dəyərlərə uyğun davranış

Yeniazerbaycan saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dövlətçilik anlayışı - cəsarət, milli maraqlar, müstəqil siyasi kurs, qonşuluq prinsipləri, beynəlxalq hüquq, humanizm...

Yaxın Şərqdə baş verən gərginliklər təbii olaraq bütün regionun iqtisadi-siyasi həyatına siraət etməkdədir. Son illərdə Azərbaycanın bölgənin gələcək iqtisadi planlaşdırmasını uğurla reallaşdırması, eləcə də konstruktiv əməkdaşlıq platformalarını genişləndirərək olduqca vacib bir konsolidasiyaya: Şərq-Qərb, Şimal-Cənub kontentləri üzrə birgə əlaqələrin uzlaşdırılmasına nail olması mühüm mənzərə yaratmışdı. Bakı Cənubi Qafqazda daimi sabitlik faktoru üzərindən hərəkət edərək yeni bir iqtisadi-ticari nizam formalaşdırmışdı.

Vurğulandığı kimi, Yaxın Şərqdə baş verənlər həm də bu kontekstdə bir çox suallar formalaşdırır. Azərbaycanın bölgənin aparıcı aktorlarından biri kimi problemin həllinə fokuslanıb - hələ müharibənin ilk günlərindən Bakı münaqişənin danışıqlar yolu ilə həllinin vacibliyini ortaya qoyaraq özünün vasitəçilik missiyasına belə təklif edib - bununla ölkəmiz həm də bir daha özünün müstəqil xarici siyasət kursuna sadiqliiyni, münasibətlərdən asılı olmadığını, bərabərhüquqlu əməkdaşlığı prioritet seçdiyini sübut edir.

Bakı səmimi qonşuluq münasibətlərinə hər zaman sadiqdir...

Azərbaycanın sadiq və ləyaqətli qonşuluq münasibətlərinə hər zaman hörmətlə yanaşması sirr deyil - Bakı qonşuları ilə daim istər iqtisadi, istərsə də, siyasi münasibətlərini hörmət və qarşılıqlı səmimiyyət üzərində qurur. Düzdür, bu münasibətlər bəzən qarşı tərəflərin məsuliyyəti daxilində “dalğalansa” da, biz problemlərin dərinləşməməsi, beynəlxalq hüquq çərçivəsində həll edilməsi, qarşılıqlı milli maraqlar müstəvisində anlaşmanın əldə olunması üçün səy göstərir, çox zaman da müsbət yöndə və uğurlu nəticə əldə edirik. Bir daha qeyd olunmalıdır ki, burada əsas amil Bakının asılı olmayan, müstəqil siyasi xəttinin mövcudluğu, bizim bu xəttə sadiqliyimizdir.

Sadə bir misal - Yaxın Şərqdə döyüşən tərəflərə diqqət yetirdikdə ortaya müəyyən bir mənzərə çıxır.

- İran Azərbaycanın tarixi qonşusu, yaxın iqtisadi partnyorlarından biri, yüksəksəviyyəli əlaqələri olan dövlətdir;

- İsrail Azərbaycanın ən yaxın dost ölkələrindən biri, həm iqtisadi, həm də siyasi əlaqələrinin möhkəm olduğu dövlətdir;

- ABŞ Bakının yeni dövrdə əsas tərəfdaşlarından biri, “Strateji Tərəfdaşlıq Xartiyası” imzaladığı dövlətdir.

Hələ fevralın son günündən başlayaraq Azərbaycan yalnız problemin həllinə fokuslanıb - hansısa bir tərəfə dəstək məsələsi gündəmə gətirilməyib. İranın Ali dini rəhbərinin həyatını itirməsi münasibətilə Bakı özünün rəsmi başsağlığını rəsmi Tehrana çatdırıb. Prezident İlham Əliyev ilk dövlət başçısı oldu ki, İranın Azərbaycandakı səfirliyinə gedərək matəm kitabına öz ürək sözlərini yazıb və başsağlığı verib. Bir sözlə, Azərbaycan müstəqil, ləyaqətli, özünün siyasi xəttinə uyğun davranışlar sərgilənir.

Regionun lideri, humanizm nümunəsi...

Həyata keçirilən rasional və praqmatik xarici siyasət kursu sayəsində bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı regionun, xüsusilə Cənubi Qafqazın hərbi-siyasi, iqtisadi, ekoloji təhlükəsizliyinin təmin olunmasına fundamental strateji töhfələr bəxş edən regional güc mərkəzi kimi dəyərləndirir. Bu isə ona dəlalət edir ki, Azərbaycan regionun təhlükəsizlik qarantı və inkişaf mənbəyi qismində çıxış edir. Vurğulandığı kimi, Azərbaycan az-az ölkələrdəndir ki, hərbi münaqişələrin sülh və danışıqlar yolu ilə tənzimlənməsini arzulayır, bitərəfliyini qoruyur, sabitliyin bərpası üçün səy göstərir və təhdid, təhlükə formalaşdırmır.

Ən əsası isə, Bakı bu münaqişdə mənəvi tərəfləri də unutmur - İrana humanitar yardımların göndərilməsi bunun bariz sübutudur. Azərbaycanın İran ətrafında baş verənlərə münasibəti neytrallıq və qonşuluq praqmatizmi, suverenliyə hörmət üzərində qurulub. İrana endirilən hava zərbələri fonunda Azərbaycan qonşu ölkəyə humanitar yardım göndərən ilk dövlət oldu. Bu, sadəcə, xeyriyyəçilik aktı yox, həm də dərindən düşünülüb-hesablanmış strateji addımdır. Regionun təhlükəsizlyində aktiv rol oynayan, sabitləşdirici faktor kimi qeyd edilən Bakı bu dəfə mənəvi qonşuluq prinsiplərinə də hörmətlə yanaşdığını hər kəsə nümayiş etdirdi. Açıq demək olar ki, Bakının indiki dövrdə bu davranışı həm də bir nümuunə, cəsarət stimuluna çevrildi. İrana sonradan humanitar yardımlar məhz bu addımından sonra gerçəkləşdi. Bakı ikinci dəfə - martın 18-də Tehrana humanitar yardım karvanı göndədərək addımıın simvolik jest mənası daşımadığını, “bir atımlıq barıt” olmadığını ortaya qoydu. Bu, Azərbaycanın humanitar missiyaya həssas yanaşmasının növbəti isbatıdır. Eləcə də Azərbaycan hər zaman bildirdiyi kimi, regional sabitlik faktoruna bir nömrəli fəaliyyət kimi yanaşır - paralel olaraq İrana münasibətdə də mövqeyimiz aydın, dəyişməz və qətidir: Prezident İlham Əliyev hər zaman bəyan edib ki, Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Dövlət başçısı bildirib ki, biz heç vaxt öz ərazimizdən qonşu ölkələrə, o cümlədən İrana qarşı təhdidlərin yaranmasına imkan verməyəcəyik. Rəsmi Bakı bütünlüklə öz davranışlarında bu tezisləri təsdiqləyib və ötən dövrdə nəinki İran, digər region dövlətinə qarşı da heç bir təhdid və ya təhlükə formalaşdırılmayıb.

“Mövsümi qonşuluq” - İrəvan nədən qorxur?

Dünyada yeni iqtisadi nizam formalaşdığı kimi, siyasi münasibətlər sisteminə də mühüm korrektələrin şahidi oluruq. İllərlə müstəqil siyasi xəttə malik olmayan dövlətlər bu gün “çətirini” dəyişir. Və ya “dost” adlandırdıqları ölkələri çətin vəziyyətdə qoyub yan qaçır. Bunun da misalı uzaqda deyil - Ermənistan illərdir ki, İranı özünün müttəfiqi adlandırır, dostu çağırır. Amma vəziyyət bir az bərkə düşən kimi İrəvan burada da “rəngini” dəyişir. Diqqət yetirsək, müharibə başlanan dövrdən etibarən Ermənistan İranla əlaqələr barədə hər hansı bir rəsmi açıqlama yaymayıb. Hətta göndərilən humanitar yardımla bağlı informasiyanın da ciddi-cəhdlə qorunduğunun şahidi oluruq. Sanki Ermənistanın siyasi rəhbərliyi bu humanitar yardımı göndərməklə pis bir iş görmüş kimi xəbəri gizlətməyə çalışır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin İrana yardım göndərdiyini ağızucu deyir - ayrı vaxt olsa, ermənilər bunu “İran-Ermənistan dostluğunun simvolu” halına gətirməmiş dincəlməzdilər. Bu da aydın səbəblərə söykənir:

- Ermənistan Qərbin ona “çəp-çəp” baxacağından çəkinir;

- İrana humanitar yardım Ermənistanın özünün ianəsinin kəsilməsi ilə nəticələnə bilər;

- Qəzəbə gəlmək istəmir:

- Nəhayət, qorxur. Bəli, açıq aşkar qorxur. 

Bütün bu sadalananlar isə bir dövlətin siyasi iradəsinin zəifliyindən və beynəlxalq mərkəzlərdən asılı olmağından xəbər verir. Halbuki elə bir dövr vardı İran-Azərbaycan münasibətlərində bir çox səbəblərdən soyuqluq yaşanırdı. Həmin dövrdə Ermənistanın siyasi rəhbərliyi özlərinin demək olar ki, bütün “nitqlərində” İranın Ermənistandakı keçmiş səfiri Mehdi Sübhaniyə “istinad” edirdilər. Amma nə bu ölkənin baş naziri, nə də prezidenti Ali Xameneinin vəfatı ilə bağlı İranın Ermənistandakı səfirliyinin yaxınına belə hərlənmədi. Uzan illər Ermənistana “ümid yolu” olan, nəfəsliek olan İrana “təşəkkür” belə edildi.

Bakının sülh gündəliyi...

Bütün bu məntiq isə bir reallığı ortaya çıxarır - dövlətçilik ənənəsi, dövlətçilik anlayışı, qavrayışı və davranışı tam fəqlidir. Bakı ən çətin zamanlarda belə, ən kritik dövrlərdə belə özünün təmkinini qoruyur, situasiyanı realist dəyərləndirməklə yanaşı həm də dəyərlər toplusunu yaddan çıxarmır. Bizim üçün dövlətçilik anlayışı cəsarət, milli maraqlar, müstəqil siyasi kurs, qonşuluq prinsipləri, beynəlxalq hüquq, humanizm kimi ali dəyərlərə söykənir. Azərbaycan nəinki İrana qarşı davranışı, humanitar yardımlar göndərməsi, eləcə də öz ölkəsindən başqa dövlətlərin də humanitar yardım göstərməsi üçün dəhliz açması kimi bir addım atmaqla sübut edir ki:

- Azərbaycan çətin günün dostudur;

- Azərbaycan üçün gücün kölgəsində daldalanmaq kimi bir anlayış yoxdur;

- Azərbaycan öz tərəfdaşları ilə əlaqəsini və ya münasibətlərini bərabərhüquqlu müstəvidə qurur;

- Azərbaycan qonşuları ilə münasibətlərini üçüncü tərəflərin maraqları üzərindən rənzimləmir;

- Azərbaycan suveren bir dövlət olaraq qonşuluq prinsiplərini öz maraqları üzərində formalaşdırır.

Bu sadalanan faktorlar isə Azərbaycanın son illərdə reallaşdırdığı çoxtərəfli strategiyaların istiqamətlərini göstərir - beləliklə də  ölkəmiz artıq təkcə regional lider deyil, qitələrarası stabillik sisteminin strateji mərkəzidir. Bu sabitlik missiyası isə ümumən bölgənin sabitliyinə hədəflənib - Bakı regionda hərbi-siyasi qarşıdurmaların aradan qalxması üçün səy göstərir, qlobal güclərin təsir mübarizəsini balanslaşdır. Bu, ölkənin geosiyasi əhəmiyyətini artıran əsas məqamlardan biridir. Nəticə etibarilə, Azərbaycan günümüzün Yaxın Şərq reallığı fonunda sabitliyin qurulmasını real olaraq arzulayan dövlətlərdəndir və bu istiqamətdə addımları ilə seçilir. Bu reallıq yalnız hazırkı dövr üçün deyil, qarşıdakı onilliklər üçün də Azərbaycanın siyasi çəkisini və qlobal mövqeyini müəyyən edəcək əsas faktorlardandır.

Pərviz SADAYOĞLU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
1
yeniazerbaycan.com

2Источники