RU

Qivami Rəhimli: Tur Heyerdalın tədqiqatları sivilizasiyalar arasında qarşılıqlı təsir və ortaq köklər ideyasına əsaslanırdı

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 1 aprel, AZƏRTAC

XX əsrin görkəmli tədqiqatçı-alimi və səyyahı Tur Heyerdal dünya elmi və mədəni düşüncə tarixində özünəməxsus yer tutur. Onun fəaliyyəti yalnız coğrafi kəşflərlə məhdudlaşmayıb, eyni zamanda, müxtəlif sivilizasiyalar arasında tarixi-mədəni əlaqələrin araşdırılmasına yönəlib.

Tur Heyerdalın zəngin irsi və mirası bu gün də insanların düşüncəsinə və duyğularına nüfuz edir, dialoqu təşviq edir, multikultural əməkdaşlığı gücləndirir və etnik müxtəliflik, milli sərhədlər, siyasi və dini fərqlər arasında körpülər qurur. Onun “Kon-Tiki Ekspedisiyası” kitabı 70-dən çox dilə tərcümə olunaraq klassik nümunəyə çevrilib. Kon-Tiki ekspedisiyası haqqında çəkilmiş sənədli film isə Oskar mükafatına layiq görülüb.

Tur Heyerdal Amerika və Avropada 11 universitetin fəxri doktoru adını alıb. 2011-ci ildə Tur Heyerdalın arxivi UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil edilib.

Oslodakı məşhur Kon-Tiki muzeyi Tur Heyerdalın dünyaşöhrətli ekspedisiyalarına aid orijinal qayıqları və eksponatları qoruyub saxlayır. Bu muzeyi bir çox görkəmli şəxsiyyətlər - Böyük Britaniya Kraliçası II Elizabet, Tailand Kralı Bhumibol Adulyadey, ABŞ prezidentləri Duayt Eyzenhauer və Bill Klinton, Azərbaycan Prezidenti Heydər Əliyev və digərləri ziyarət edib.

Prezident Heydər Əliyev Osloda məşhur Kon-Tiki muzeyində - 1996-cı il

Tur Heyerdal Azərbaycanın dövlət xadimləri, elm adamları ilə dostluq edirdi. Bu torpağa, xüsusilə dünyanın ən qədim sivilizasiya qaynaqlarından olan Qobustan abidələrinə böyük bir məhəbbətlə bağlanmışdı. O, Azərbaycan-Norveç Dostluq Cəmiyyətinin Fəxri Prezidenti idi. Tur Heyerdal 1999-cu ilin may ayında Bakıya səfəri zamanı Dostluq Cəmiyyətinin təşkil etdiyi ictimaiyyətlə görüşündə çıxışı zamanı xüsusi olaraq vurğulamışdı ki, Azərbaycan sivilizasiyaların təkamülündə çox mərkəzi rol oynayıb və bunu ilk növbədə Qobustandakı petroqliflər - qayaüstü rəsmlər sübut edir. Azərbaycanlılar qədim mədəniyyətləri ilə fəxr etməlidirlər, bu mədəniyyət Çin və Mesopotamiya qədər zəngin və qədimdir.

Yuxarıdakı sətirlər filologiya üzrə fəlsəfə doktoru, BDU-nun dosenti Qivami Rəhimliyə məxsusdur. Azərbaycan - Norveç Dostluq Cəmiyyətinin təsisçisi və ilk prezidenti olmuş Qivami Rəhimli Tur Heyerdal barədə xatirələrini AZƏRTAC-la bölüşüb.

“Əsrin müqaviləsi”ni həyata keçirən beynəlxalq konsorsium - ABƏŞ-də çalışan ilk azərbaycanlılardan biri olaraq mən norveçli mütəxəssislərlə sıx əlaqədə olurdum. Bunun səbəblərindən biri də müstəqilliyimizin ilk illərində mənim Norveçin Oslo Universiteti ilə qurduğum əlaqələr idi. O illərdə BDU-da beynəlxalq mərkəzin rəhbəri kimi mən azərbaycanlı tələbələri Oslo Universitetində müxtəlif kurslarda təhsil almasına nail olmuşdum. Bunları nəzərə alaraq biz birlikdə Norveç və Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq münasibətləri qurmaq məqsədilə 1995-ci ilin noyabr ayında Azərbaycan-Norveç Dostluq Cəmiyyətini təsis etdik. Dostluq Cəmiyyətinin idarə heyəti çox yüksək statusa malik idi. İdarə heyətində Norveçin Azərbaycandakı səfiri və baş konsulu ilə bərabər ABƏŞ-in rəhbərliyində təmsil olunan norveçli mütəxəssislər, Azərbaycan tərəfindən isə hökuməti təmsil edən 3 nümayəndə var idi.

Təşkilatımız o zaman Azərbaycan cəmiyyətində ən çox gündəmdə olan bir qurum kimi Prezident Heydər Əliyevin diqqətini cəlb etmişdi və o, iş qrafikinin çox sıx olmasına baxmayaraq, cəmiyyətin tədbirlərinə dəvət almış norveçli qonaqları qəbul edirdi. Qonaqların arasında dünyaşöhrətli tədqiqatçı-səyyah, – antropoloq, arxeoloq və etnoqraf Tur Heyerdal, Norveçin sabiq energetika naziri Hens Stoltenberq (sonradan Baş nazir və NATO-nun Baş katibi olmuşdu), Oslo Xarici Araşdırmalar İnstitutunun xarici siyasət üzrə aparıcı eksperti Arne Olav Brundtland və Norveç parlamentinin deputatları var idi”,- deyə o bildirib.

Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu və Norveçin Azərbaycandakı səfiri Olav Berstadın Tur Heyerdalla təmasları

Qivami Rəhimli və Tur Heyerdal: sivilizasiyaları birləşdirən fikir mübadiləsi anı

Tur Heyerdalın elmi irsində əsas istiqamətlərdən biri qədim xalqların miqrasiyası və sivilizasiyalararası əlaqələrin öyrənilməsi olub. O, eksperimental arxeologiya metodlarından istifadə edərək, nəzəri hipotezlərini praktik ekspedisiyalarla əsaslandırmağa çalışıb. Bu kontekstdə onun “Kon-Tiki”, “Ra I”, “Ra II” və “Tigris” kimi qayıqlarla həyata keçirdiyi ekspedisiyalar qədim dəniz yollarının və sivilizasiyalararası əlaqələrin mümkünlüyünü nümayiş etdirən mühüm elmi təşəbbüslər kimi dəyərləndirilir.

Tur Heyerdalın elmi araşdırmalarında Azərbaycan xüsusi yer tutub. O, Azərbaycana dörd dəfə səfər edib, xüsusilə Qobustan qayaüstü rəsmləri üzərində apardığı tədqiqatlarında bu ərazini qədim sivilizasiya mərkəzlərindən biri kimi qiymətləndirib. O, Skandinaviya xalqlarının, o cümlədən norveçlilərin mənşəyi ilə bağlı irəli sürdüyü hipotezdə Xəzər hövzəsi ilə mümkün əlaqələrə diqqət çəkib.

Tur Heyerdal bu fikirlərini “INGEN GRENSER” - “Sərhədsiz dünya" adlı kitabında apardığı tədqiqatlarla əsaslandırıb. Bu yanaşma, sivilizasiyalararası əlaqələrin öyrənilməsi baxımından yeni istiqamətlər açıb. Onun irəli sürdüyü konsepsiyalar yalnız tarix və arxeologiya sahələri üçün deyil, eyni zamanda, beynəlxalq münasibətlər və mədəni diplomatiya baxımından da əhəmiyyət kəsb edir.

Tur Heyerdal bu ideyanı irəli sürdüyü dövrdə Azərbaycan mürəkkəb informasiya və ideoloji təzyiqlərlə üz-üzə idi. Ölkəmizin tarixi və mədəni irsinə qarşı qərəzli yanaşmalar yayılırdı. Belə bir şəraitdə Tur Heyerdalın Azərbaycanla bağlı fikirləri həm mənəvi dəstək, həm də beynəlxalq elmi marağın artması baxımından xüsusi önəm daşıyırdı.

Dünyanın müxtəlif guşələrində olduğu kimi, Azərbaycanda da Tur Heyerdala xüsusi sevgi və hörmət bəslənilirdi. Lakin Azərbaycanda ona olan sevginin, hörmətin başqa mənası var. Tur Heyerdal xalqımızın yaddaşına əbədi yazılan tarixi bir hadisədir. Azərbaycana olan məhəbbəti məşhur səyyahı sonuncu dəfə 2000-ci ilin sentyabrında yenidən bu diyara gətirdi. Ölkəmizə böyük maraq göstərən Tur Heyerdal Azərbaycanda olmaqdan həmişə məmnunluq duyurdu.

Köhnə dostunu mehribanlıqla qarşılayan Heydər Əliyev qeyd etmişdi ki, “...xalqlarımız arasında əlaqələr getdikcə genişlənir. Bunun əsasını 1981-ci ildə sizinlə mən qoymuşam. Güman edirəm ki, XXI əsrdə də bu əlaqələr inkişaf edəcəkdir”.

Bu gün Azərbaycanda, Şəkinin Kiş kəndindəki “Müqəddəs Yelisey” kilsəsinin divarları önündə Tur Heyerdalın abidəsini görmək olar. Moisey Kalankatlyunun “Alban ölkəsinin tarixi” əsərində qeyd olunun bu Alban məbədi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdəndir.

2000-ci illərdə Norveç arxeoloqları tərəfindən aparılmış arxeoloji və elmi-tədqiqat işləri əsasında Kiş “Müqəddəs Yelisey” kilsəsi memarlıq, arxeologiya və tarixi baxımdan tədqiq edilib. Tur Heyerdal Kiş Alban məbədində aparılan arxeoloji qazıntılarda proto-skandinavların mövcudluğu barədə fikirlərinə müəyyən əsas görür. Vikinqlərə xas sirli aura Kişdə tapılan qəbirlərlə bağlıdır. Burada çox hündürboylu insanlar dəfn olunub. Onların boyları 6 fut 7 düym (təxminən 2 metr) və 7 fut 3 düymə (təxminən 2,2 metr) çatırdı.

Tur Heyerdalın Azərbaycanla Norveç tarixi əlaqələrinin üzə çıxarılmasına xidmət edən ekspedisiyalarının əks-sədası Norveçin məşhur SKRUK xoru tərəfindən Azərbaycan musiqiçiləri ilə əməkdaşlıqda buraxdığı “Landet vi kommer fra” - “Bizim gəldiyimiz diyar” adlı CD albomda da yer alıb.

SKRUK-un rəhbəri Per Oddvar Hildre Azərbaycan-Norveç Dostluq Cəmiyyətinin Alman lüteran kilsəsi - Kapellhausda təşkil etdiyi konsertdə iki ölkə haqqındakı yaxınlığı xüsusi qeyd edib: “...bu, bizə bəlkə də çoxdan unudulmuş vətənimiz ola biləcək bir mədəniyyətə qiymətli bir baxış imkanı verdi”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
1
azertag.az

2Источники