Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 1 aprel, AZƏRTAC
Dünya enerji və ticarət xəritəsində mühüm strateji mövqeyə malik olan Hörmüz boğazı ətrafında baş verən son hadisələr beynəlxalq iqtisadi sistemin dayanıqlılığı ilə bağlı ciddi suallar doğurur. Qlobal neft tədarükünün əhəmiyyətli hissəsinin məhz bu dar keçiddən daşınması səbəbindən burada yaranan istənilən risk enerji bazarlarında kəskin qiymət artımlarına, sığorta xərclərinin yüksəlməsinə və logistik gecikmələrə gətirib çıxarır. Bu isə öz növbəsində dünya miqyasında inflyasiya təzyiqlərini artırmaqla yanaşı, tədarük zəncirlərində yeni böhran riskləri yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib.
Onun sözlərinə görə, son illərdə baş verən geosiyasi proseslər – pandemiya dövründə tədarük zəncirlərinin pozulması, regional münaqişələr və enerji təhlükəsizliyi ilə bağlı çağırışlar – artıq göstərib ki, qlobal ticarət yalnız bir neçə əsas marşrutdan asılı qala bilməz.
“Məhz bu səbəbdən alternativ nəqliyyat dəhlizlərinin inkişafı beynəlxalq gündəliyin əsas istiqamətlərindən birinə çevrilib. Bu kontekstdə Orta Dəhliz – Asiya ilə Avropanı birləşdirən və Xəzər dənizi üzərindən keçən multimodal nəqliyyat sistemi – getdikcə daha böyük əhəmiyyət qazanır. Bu marşrut Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxış imkanı yaradır və ənənəvi dəniz yollarına real alternativ kimi formalaşır. Orta Dəhlizin üstünlükləri təkcə coğrafi mövqeyi ilə məhdudlaşmır. Bu marşrut həm də vaxt və xərc baxımından daha səmərəli logistika imkanları təqdim edir. Belə ki, yüklərin Asiyadan Avropaya çatdırılması müddəti ənənəvi dəniz marşrutları ilə müqayisədə əhəmiyyətli dərəcədə azalır. Bu isə xüsusilə sürətli tədarük tələb edən sənaye sahələri üçün mühüm üstünlükdür. Azərbaycanın bu dəhlizdə oynadığı rol strateji xarakter daşıyır. “Son illərdə ölkəmizdə həyata keçirilən nəqliyyat və logistika layihələri, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir dəmir yolu xətləri və avtomobil yolları Orta Dəhlizin funksionallığını xeyli artırıb. Xüsusilə Bakı–Tbilisi–Qars dəmir yolu xətti Avropa ilə Asiya arasında birbaşa dəmir yolu bağlantısı yaradaraq yükdaşımaların həcminin artmasına mühüm töhfə verir. Orta Dəhliz yalnız iqtisadi deyil, həm də strateji təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Hörmüz boğazı kimi həssas nöqtələrdə yaranan risklər alternativ marşrutların nə qədər vacib olduğunu bir daha sübut edir. Bu baxımdan Orta Dəhliz qlobal ticarətin şaxələndirilməsi və risklərin bölüşdürülməsi baxımından etibarlı platforma rolunu oynayır”, - deyə o vurğulayıb.
Sədr bildirib ki, Avropa İttifaqı, Mərkəzi Asiya ölkələri və digər beynəlxalq tərəfdaşların bu marşruta marağının artması artıq müşahidə olunur. Bu maraq yalnız yükdaşımaların artırılması ilə məhdudlaşmır, həm də yeni investisiya layihələrinin həyata keçirilməsi, liman və logistika infrastrukturlarının modernləşdirilməsi ilə müşayiət olunur: “Bu isə Orta Dəhlizin uzunmüddətli perspektivdə qlobal ticarət sistemində mövqeyini daha da gücləndirəcək. Növbəti mərhələdə Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması üçün rəqəmsallaşma xüsusi rol oynayacaq. “Ağıllı logistika” sistemlərinin tətbiqi, elektron sənəd dövriyyəsinin genişləndirilməsi və vahid rəqəmsal platformaların yaradılması yükdaşımaların daha sürətli və şəffaf həyata keçirilməsinə imkan verəcək. Gömrük prosedurlarının sadələşdirilməsi və sərhəd keçidlərinin optimallaşdırılması Orta Dəhlizin effektivliyini artıran əsas amillərdən biridir. Bu sahədə iştirakçı ölkələr arasında koordinasiyanın gücləndirilməsi və vahid standartların tətbiqi marşrutun daha cəlbedici olmasına şərait yaradır”.
Aqil Camal bildirib ki, qlobal geosiyasi reallıqlar fonunda Orta Dəhliz artıq alternativ layihə deyil, strateji zərurət kimi çıxış edir. Hörmüz boğazında baş verən hər bir hadisə bu marşrutun əhəmiyyətini daha da artırır və onun gələcəkdə dünya ticarətinin əsas sütunlarından birinə çevriləcəyini göstərir.
Beləliklə, mövcud çağırışlar Orta Dəhlizin inkişafı üçün yeni imkanlar yaradır. Azərbaycanın bu prosesdə aktiv iştirakı isə ölkəmizin beynəlxalq nəqliyyat və logistika xəritəsində mövqeyini daha da möhkəmləndirir və onu regionun aparıcı tranzit mərkəzlərindən birinə çevirir.
Müxbir-Vüqar Qurbanoğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.