RU

10 il əvvəl yazılan Zəfər ssenarisi - Aprel döyüşləri

“Aprel döyüşlərinin Azərbaycan ordusunun tarixində xüsusi yeri var. 1994-cü ildə mayın 12-də atəşkəs haqqında razılıq imzalandıqdan sonra ordumuz ilk dəfə 2016-cı ildə erməni-rus birləşmələrinə gücünü göstərdi. Hadisələrin siyasi tərəfi ondan ibarətdir ki, keçmiş ATƏT-in Minsk qrupunun sədrləri məhz həmin ildə açıq-aydın dərk etdilər ki, Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcək. Ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmalı idi”.

Bu fikirləri Musavat.com-a şərhində hərbi ekspert Üzeyir Cəfərov bildirib. O, xatırladıb ki, qısa müddət ərzində 2 min hektar ərazi azad edildi: “Düşmən başa düşdü ki, artıq Azərbaycan ordusu 90-cı illərdəki pərakəndə ordu deyil, Azərbaycan Silahlı Qüvvələri yeni döyüş taktikaları tətbiq edirlər. Bu baxımdan aprel döyüşləri həm siyasi, həm də hərbi rəhbərlikdə inam yaratdı. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsinin bünövrəsi 2016-cı ilin aprel ayında qoyulub. 4 gün ərzində baş verənlər göstərdi ki, Azərbaycan ordusu başladığı işi sona çatdırmağa qadirdir. Buna görə də keçmiş Minsk qrupu üzvləri danışıq təklif etdilər. Azərbaycan ordusu Seysulan, Lələtəpə, Cocuq Mərcanlı, Madagiz və digər yaşayış məntəqəsi lə bağlı elə sürətli həmlələr həyata keçirdi ki, düşmən məəttəl qalmışdı. Bir sözlə, aprel döyüşlərinin çox böyük əhəmiyyəti oldu”.

Ü.Cəfərov vurğulayıb ki, döyüşlər ərəfəsində vəziyyət bir qədər fərqli idi: “Azərbaycan haqqını tələb edirdi, amma eşidən yox idi. Ancaq aprel döyüşləri zamanı əmin oldular ki, Azərbaycanın haqlı tələblərinə diqqət etmək lazımdır. Azərbaycan 2016-cı il aprel döyüşlərində əldə etdiyi uğuru 44 günlük Vətən müharibəsində daha da böyütdü. Aprel döyüşləri hələ uzun müddət öyrənilməlidir çünki Zəfər tariximizin bünövrəsi məhz 10 il öncə 1-5 aprel tarixlərində qoyulub”.

Nigar Həsənli
Musavat.com

Избранный
56
musavat.com

1Источники