RU

Gürcü ekspert: Bakının terrorizmlə mübarizədə topladığı təcrübə geniş maraq doğurur

 Bakı, 1 aprel, AZƏRTAC

Azərbaycanın qlobal terrorizmlə mübarizə İndeksində mövqeyi sadəcə rəqəmlərdən ibarət deyil, həm də dövlətçiliyin möhkəmləndirilməsi üzrə dərinləşən proseslərin təzahürüdür.

Bu fikri AZƏRTAC-ın müxbiri ilə söhbətində gürcü hərbi analitik, beynəlxalq təhlükəsizlik və terrorizmlə mübarizə üzrə ekspert, siyasət elmləri doktoru, professor, strateji tədqiqatlar hibrid təhdidlər sahəsində mütəxəssis Vaxtanq Maisaya bildirib.

Bu yaxınlarda bildirilib ki, “Global Terrorism Index 2026” (GTI) hesabatı ölkələrin terrorizm təhlükəsi səviyyəsinə görə son reytinqini təqdim edib. Keçənilki hesabatda 0,233 indeksi ilə 90-cı yerdə olan Azərbaycan 2026-cı ildə mövqeyini üç pillə yaxşılaşdıraraq 0,123 indeksi ilə 93-cü yerə çatıb və bununla da dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi yüksək reytinq qazanıb.

Agentliyin həmsöhbəti qeyd edib: “Reytinqdə 0,123 bal və 93-cü yer göstəricisi Azərbaycanın artıq sabit və möhkəm bir dövlət kimi ortaya çıxdığını göstərir. Bu, həm daxili, həm də xarici asimmetrik təhdidləri, o cümlədən qeyri-sabitlik cəhdlərini və hətta çevrilişlə bağlı ssenariləri effektiv şəkildə neytrallaşdıran bir ölkədir”.

Ekspert vurğulayıb ki, Azərbaycan xüsusi xidmət orqanları terrorçu qrupların fəaliyyətinin müəyyən edilməsi və qarşısının alınmasında dəfələrlə yüksək effektivlik nümayiş etdiriblər.

Maisaya Azərbaycanın regional təhlükəsizlik arxitekturasında roluna xüsusi diqqət yetirib. O bildirib: “Ölkənin Qazaxıstan, Gürcüstan və Türkiyə ilə birlikdə Orta Dəhliz layihəsində iştirakı bir növ “sabitlik kəməri” formalaşdırır. Bu baxımdan, fikrimcə, Azərbaycan əsas halqa - tranzit və infrastruktur təhlükəsizliyi sahəsində standartlar müəyyən edən liderdir”.

Ekspertin sözlərinə görə, tranzit təhlükəsizliyi təkcə Cənubi Qafqaz deyil, həm də daha geniş Xəzər regionu üçün getdikcə daha vacib hala gəlir.

“Azərbaycan müasir regional təhlükəsizlik sisteminin formalaşmasına əhəmiyyətli töhfə verir. Bu, həm nəqliyyat yollarının qorunmasına, həm də böhranların idarə olunmasına aiddir”, - deyə analitik bildirib.

Maisaya hesab edir ki, Azərbaycanın təcrübəsi digər ölkələr üçün faydalı ola bilər. Onun fikrincə, Bakının terror təhdidləri ilə mübarizə təcrübəsi təkcə Gürcüstan kimi qonşu dövlətlər deyil, həm də NATO da daxil olmaqla daha geniş beynəlxalq təşkilatlar üçün maraqlıdır.

Ekspert əlavə edib ki, terrorizmə qarşı müvafiq beynəlxalq mübarizə təşəbbüslərinin iştirakçısı olan Azərbaycanın töhfəsini yüksək qiymətləndirir: “Bu, təkcə milli səviyyədə deyil. Azərbaycan həm regional, həm də qlobal səviyyədə - istər böhranların idarə olunmasında, istərsə də müasir təhlükəsizlik təhdidlərinə qarşı mübarizədə effektivlik nümayiş etdirir”.

Söhbətin sonunda professor qeyd edib ki, Azərbaycanın öz əraziləri üzərində nəzarəti tam bərpa etməsi təhlükəsizliyin gücləndirilməsində də mühüm rol oynayıb: “Sözdə “boz zonalar”ın aradan qaldırılması və xüsusən də Qarabağ ətrafındakı məlum vəziyyətin həlli nəzarətsiz ərazilərdən qaynaqlanan riskləri əhəmiyyətli dərəcədə azaldıb. Bu, Azərbaycanın dövlət təhlükəsizlik siyasətinin yüksək effektivliyini bir daha təsdiqləyir”.

Qeyd edək ki, “Global Terrorism Index 2026” (GTI) hesabatı terror hücumlarının, ölüm hallarının, ciddi nəticələrin və girov götürülmə insidentlərinin sayı, terrorizmə qarşı mübarizə səylərinin effektivliyi və terror hücumlarının araşdırılması da daxil olmaqla çoxsaylı meyarlara əsaslanır. İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace – IEP) tərəfindən vaxtaşırı dərc edilən bu hesabatlar Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı, digər beynəlxalq təşkilatlar və akademik qurumlar üçün məlumat mənbəyi kimi xidmət edir. Onlar, həmçinin iqtisadi infrastrukturlarına xarici investisiyalar cəlb etməyi düşünən ölkələr üçün əsas resurslar hesab olunur.

Müəllif - Tamilla Məmmədova

Избранный
39
azertag.az

1Источники