RU

Türkiyə milisinin DÇ-2026 şansları – Yığma mundialın BƏZƏYİNƏ çevrilə bilər, əgər...

Qardaş Türkiyə futbol millisi 24 illik həsrətə son qoyaraq Dünya Çempionatı-2026-ya vəsiqəni təmin etdi. Bu il iyunun 11-dən iyulun 19-nadək ABŞ, Kanada və Meksikada təşkil olunacaq turnirdə artıq “ay-ulduzlular”ın rəqibləri də məlumdur. Türkiyə D qrupunda Avstraliya, Paraqvay və ABŞ komandaları ilə mübarizə aparacaq.

İtalyan Vinçenzo Montellanın rəhbərlik etdiyi komandanın matçlarının hamısı Bakı vaxtı ilə səhər saatlarına təsadüf edəcək. Bu, Azərbaycanla mundiala təşkilatçılıq edəcək ölkələrin fərqli saat qurşaqlarında yerləşməsi ilə əlaqədardır.

Qardaş ölkənin mundialdakı qrup oyunlarının vaxtını təqdim edirik:

14 iyun, Bakı vaxtı ilə saat 08:00
Avstraliya - Türkiyə
(Vankuver, Kanada)
20 iyun, Bakı vaxtı ilə saat 08:00
Türkiyə - Paraqvay
(Santa Klara, ABŞ)
26 iyun, Bakı vaxtı ilə saat 06:00
Türkiyə - ABŞ
(İnqlvud, ABŞ)

Şübhəsiz ki, qazanılan bu uğur təkcə idman hadisəsi deyil, həm də milyonlarla azarkeşin emosional qələbəsi kimi tarixə düşdü. Xüsusilə pley-off mərhələsində Kosovo millisi üzərində əldə olunan həlledici qələbə komandanın həm psixoloji, həm də taktiki baxımdan yetkinləşdiyini bir daha nümayiş etdirdi. Sonuncu dəfə 2002-ci ildə bu turnirdə möhtəşəm çıxış edərək dünya üçüncüsü olan Türkiyə millisinin budəfəki dönüşü daha böyük ümidlər və gözləntilərlə müşayiət olunur.

Türkiyə millisini qarşıda nə gözləyir? Son illərdə Türkiyə millisinin heyətində formalaşan gənc və dinamik oyunçular, Avropanın top liqalarında çıxış edən futbolçuların təcrübəsi və oyun intizamı komandaya ciddi üstünlüklər qazandırır. Artıq Türkiyə təkcə emosional oyun sərgiləyən komanda yox, həm də taktiki baxımdan çevik və rəqibə uyğunlaşma bacarığı yüksək olan kollektivə çevrilib.

Şanslara gəlincə, Türkiyənin qrupdan çıxmaq ehtimalı real görünür. Doğru püşk və stabil performans sayəsində komanda ən azı 1/8 final mərhələsinə yüksələ bilər. 2002-ci ildəki möhtəşəm uğurun təkrarı mümkündürmü? Bu sualın cavabı həm “bəli”, həm də “çətin” kimi qiymətləndirilə bilər. Müasir futbol daha sürətli, daha rəqabətli və daha sistemlidir. Lakin tarix göstərir ki, doğru strategiya, komanda ruhu və kritik anlarda verilən düzgün qərarlar böyük sürprizlərin baş verməsinə imkan yaradır. Türkiyə millisinin hazırkı potensialı isə onu ən azı turnirin “qara atlarından” birinə çevirir.

Beləliklə, Türkiyənin dünya çempionatına qayıdışı, sadəcə, iştirak deyil, bu, yeni bir iddianın başlanğıcıdır. Azarkeşlər artıq yalnız iştirakla kifayətlənmək istəmir. Onlar yenidən böyük uğurun, bəlkə də yeni bir tarixi zəfərin şahidi olmağa inanırlar...

 “azərbaycan yığması onlar üçün də qapazaltı olub” – natiq muxtarlı

Tanınmış idman yazarı Natiq Muxtarlı Musavat.com-a açıqlamasında bu cür yarışlarda istənilən sensasiyanın mümkün olduğunu söylədi:

“Türkiyə yığması DÇ-yə vəsiqə qazanmaqla ilk hədəfi reallaşdırdı. İndi isə əsas hədəfə - mundialda uğurlu çıxışa köklənmək vacibdir. Mundialda isə hədəflər mərhələ-mərhələ müəyyənləşməlidir. Təbii ki, birinci hədəf qrup mərhələsini adlamaq olacaq.

İlk baxışdan Türkiyənin qrupundakı rəqiblərinin “dişə uyğun” olduğunu iddia etmək olar. Amma nəzərə alaq ki, dünya çempionatında zəif komanda olmur, orada istənilən yığma sensasiya etməyə qadirdir. DÇ-dəki çıxış hazırlıqdan, köklənmədən, komandadakı ab-havadan birbaşa asılıdır. Türkiyə yığmasının istedadlı oyunçuları, böyük potensialı var. Amma bu potensialdan yararlanmaq üçün bir çox “daşların” yerində oturması vacibdir.

Rumıniya və Kosovo ilə oyunlar göstərdi ki, Türkiyə yığmasında müəyyən çatışmazlıqlar var. Düzdür, müdafiə planında irəliləyiş hiss olunur, artıq türklər xaotik yox, nizamlı müdafiəyə üstünlük verirlər. Amma əvəzində hücum planında axsama hiss edilir. Xüsusən də əks-hücumlar zamanı sürət aşağı olur. Kosovo ilə oyunun son dəqiqələrində rəqib xeyli boşluq verdi, amma Türkiyə əks-hücumlardan yararlana bilmədi. Üstəlik, heyətdə Kənan Yıldız kimi superistedad olduğu halda Türkiyə cinah hücumlarından çox az istifadə edir. Oyun isə göstərdi ki, Türkiyə bütün təhlükəli vəziyyətləri məhz Kənanın cinahından qurulan hücumlar zamanı yaradır. Qol da məhz onun reydindən sonra vuruldu”.

Şərhçiyə görə, bu potensialdan maksimum istifadə edilməlidir:

“Digər cinah da işlək vəziyyətə gətirilməlidir. Müasir futbolda cinah hücumları önəmli silahdır. Türkiyənin heyətində bu hücumları reallaşdıra biləcək istedadlar var, amma bunu təkmilləşdirmək vacibdir”.

O, bir məsələni də xüsusi olaraq önə çəkdi:

“Mundiala qədər oyun planındakı çatışmazlıqlar aradan qaldırılsa, Türkiyə qrup mərhələsini asanlıqla adlayacaq. Ondan sonra isə hər oyun fərqli yanaşma tələb edəcək. Amma Türkiyənin heyətində xeyli istedadlı futbolçular var - istənilən Avropa klubunda oynamağı bacaran istedadlar. Kənan Yıldızın, Arda Gülərin yaşı azdır, amma təcrübələri kifayət qədərdir.

“Yuventus”, “Real” kimi komandalarda lider olan futbolçuların təcrübə ilə bağlı problemimi olmamalıdır. Sadəcə, onları psixoloji cəhətdən hazırlamaq və oyun üstünlüklərinə uyğun taktiki sxem müəyyənləşdirmək lazımdır. Türkiyə yığmasında istedadlar, liderlər və komanda ruhu mövcuddur. Qalır xırda detalları mundiala qədər həll edib döyüşkən komanda formalaşdırmaq. Türkiyə yığması bu istedadlarla yayda bütün dünyanı heyrətləndirə, mundialın bəzəyinə çevrilə bilər. Onların Türkiyə futbolunda tarix yazmaq üçün şansları çoxdur. Sadəcə eyforiyaya qapılmamaq, rəqiblərə hörmət etmək və məsuliyyət hissini dərk etmək lazımdır. Vəssalam”.

Cavanşir ABBASLI,
Musavat.com

Избранный
20
44
musavat.com

10Источники