RU

Yaxın Şərqin “Bibi”si: Netanyahu kimdir...

Düşmənlərini bir-bir öldürən yəhudi liderlə kimsə düşmən  olmaq istəyərmi? - İsrailin baş naziri haqda bilinməyənlər...

“Qurdlar vadisi” serialında Süleyman Çakırın qisasını almaq üçün Polad Ələmdar bir gecədə 6 mafiya başçısını öldürür. Sonra “Kürt Bedo, öldü. Freud Fethi, öldü. Faris Sarıyayla, öldü. Üstün Kısa, öldü. Demir Görkemli, öldü. Cerrahpaşalı Halit, öldü”, -  deyə serialın qəhrəmanı bəyan edir.

İstənilən müqayisə qüsurlu olsa da, İsrailin Yaxın Şərqdə İranın proksi qüvvələrinin liderlərini bir-bir aradan götürməsi bu serialdakı əməliyyatı xatırladır. Necə ki, Polad Ələmdar böyük mafiyanı və odioz şəxsləri məhv etmək üçün əvvəlcə Bedo, Üstün, Xalid kimi aşağı ranqlı küçə mafiozlarını öldürür, eləcə də İrana birbaşa hücuma qədər İsrail onun dayaqlarının başında duranları aradan götürdü...

Haniyə və Nəsrullahla başlanğıc

Hər şey ondan başlayır ki, İran Prezidenti Məsud Pezeşkianın inaqurasiya mərasimində iştirak üçün gələn HƏMAS lideri İsmayıl Haniyə Tehranda qaldığı məkanda öldürülür. Onun yerinə təşkilatın başına gələn Yəhya Sinvar da oxşar aqibəti yaşayır. Həmçinin təşkilatın hərbi qanadının rəhbəri Məhəmməd Deif və onlarla mühüm HƏMAS komandiri fiziki olaraq zərərsizləşdirilir.

Ardınca İranın Livanda mənzillənən “sağ əli” - “Hizbullah”a 1992-ci ildən rəhbərlik etmiş Həsən Nəsrullah öldürülür. O, məhz İsrailin Beyruta endirdiyi zərbələr nəticəsində həlak olur. Bütün bu əməliyyatların məntiqi davamı proksi qüvvələrin zəiflədilməsindən sonra İrana birbaşa zərbələrin endirilməsi planı idi. Və nəhayət, bu da baş verir. Əvvəlcə 12 günlük müharibədə Baş Qərargah rəisinin və generalitetin infazı, sonra da hazırda davam edən 28 fevral müharibəsinin başlanması. Məhz 28 fevral əməliyyatında İsrail ABŞ-nin də dəstəyini yanına alaraq öz arzusuna çatır - İran İslam inqilabının önəmli siması və ölkəni 40 ildən çox idarə edən ali rəhbəri ayətullah Seyid Əli Xamenei, ailəsi, müşaviri Şamxani və 40-dan çox yüksək rütbəli şəxs öldürülür. Həmçinin Təhlükəsizlik Şurasının katibi Əli Laricani və SEPAH-ın onlarla mühüm fiquru aradan götürülür.

Bu əməliyyatların hamısı İsrailin baş naziri Benyamin Netanyahunun rəhbərliyi altında keçirilib. Yəni ondan qabaqkı yəhudi liderlərin heç birinə belə bir uğur nəsib olmayıb. Netanyahu isə yeganə İsrail lideridir ki, HƏMAS və “Hizbullah” rəhbərlərindən tutmuş İranın ali şəxsinə qədər hər birinin öldürülməsinə ali baş komandanlıq edib. Yəni bu müharibəyə qisasçılıq və şəxsi hikkə nöqteyi-nəzərdən baxsaq, nə ABŞ, nə Tramp, məhz Netanyahu öz hədəflərinə çatmış sayıla bilər. Təbii ki, o, Polad Ələmdar deyil və bu qarışıq dünyada mütərəqqi tərəfi təmsil etmir. Əksinə, BMT məhkəməsi yəhudi baş nazir barəsində Qəzza qətliamına görə həbs orderi çıxarıb. Lakin “Qurdlar vadisi”nin qəhrəmanı kimi Netanyahu da Yaxın Şərqdə özü və ölkəsi üçün təhlükə gördüyü, hücumlarına məruz qaldığı düşmənlərini öldürməyi bacarıb.

Atası sionist liderin adamı, özü iki dəfə yaralanıb

Bəs bu yəhudi lider (uğursuz yəhudi çətin ola - E.S.) kimdir? Niyə ona “Bibi” ləqəbi verilib? Azərbaycana dost olan ölkənin rəhbəri baş nazir vəzifəsinə gedən yolda nələrdən keçib?

...Təl-Əvivdə anadan olmuş olan Netanyahu İsrailin müstəqillikdən sonra anadan olmuş ilk baş naziridir. O, Massaçusets Universitetinin (memarlıq üzrə bakalavr dərəcəsi və idarəetmə üzrə magistr dərəcəsi) və Harvard Universitetini (siyasi elmlər üzrə magistr dərəcəsi) bitirib. O, 1973-cü ildə Yom Kippur savaşında  iştirak edib, orduda kapitan rütbəsinə yüksəlib.

Netanyahu İsrailin BMT-dəki səfiri vəzifəsində çalışıb. 1988-ci ildən Knessetin üzvüdür. O, həmçinin İsrailin ədliyyə naziri (1996), tikinti naziri (1996-1999), mədəniyyət və idman naziri (1996-1997), rabitə naziri (2014-2017), diaspora naziri (2019-2020) və dini işlər naziri (199) vəzifələrində çalışıb. Yəni həmişə yüksək vəzifələrdə olub.

O, 9 avqust 2005-ci ildə İsrail yaşayış məntəqələrinin Qəzza zolağından çıxarılmasına etiraz olaraq maliyyə naziri vəzifəsindən istefa verib. Bir neçə dəfə Likud Partiyasının lideri (1993-1999, 2005-ci ildən) olub, 2005-2009-cu və 2021-2022-ci illərdə Knessetdə müxalifətə rəhbərlik  edib.

Benyamin Zeev Jabotinskinin (sionist hərəkatının qurucusu) şəxsi katibi olan Benzion Netanyahu (Malikovskinin) və Tsiliya Netanyahu (Legal) Litva köçkünləri ailəsində doğulub. Benyamin ailənin ikinci oğludur. Onun böyük qardaşı İsrailin Milli Qəhrəmanıdır. Entebbe əməliyyatı zamanı yəhudilərin girovdan azad edilməsi zamanı öldürülüb. Kiçik qardaşı olan İdo Netanyahu isə həkimdir, ABŞ-də yaşayır.

1950-1960-cı illərdə Netanyahu ailəsi həm İsraildə, həm də ABŞ-də yaşayıblar. 1967-ci ildə ABŞ-də orta məktəbi bitirdikdən sonra Benyamin həqiqi hərbi qulluğunu keçmək üçün İsrailə qayıdır. Xidmətini Qərargah nəzdində yerləşən Sayeret Matkal diversiya-kəşfiyyat elit hərbi birliyində keçib. O bir sıra ərazilərdə gizli hərbi əməliyyatlarda iştirak edib. Həmçinin 9 may 1972-ci ildə Sabena aviaşirkətinə məxsus olan təyyarənin fələstinlilərdən azad edilməsi əməliyyatı zamanı iki dəfə yaralanıb. 1972-ci ildə kapitan rütbəsində hərbi xidmətini başa vurduqdan sonra o, ABŞ-yə ali təhsil almaq üçün geri qayıtmalı olur.

Ona niyə “Bibi” deyilir?

Ona “Bibi” deyilməsi Benyamin adının qısaldılmış variantıdır. İsrail ordusunda ayama qoşmaq bir adətdir. Türkiyə mediasının yazdığına görə, yəhudilərdə “Bibi” körpə deməkdir. Lakin “Bibi”nin tərəfdarları onu “İsrailin qoruyucusu”, tənqidçiləri isə “avtoritar meylli siyasətçi” kimi xarakterizə edirlər. Netanyahu ictimai rəyin gücünü və medianın rolunu dərindən anlayan  kommunikasiya ustasıdır. İslam dünyasında isə bəzi liderlər - məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu Fələstində törətdiyi dağıntı və qətliamlara görə alman faşistlərinin lideri olmuş Adolf Hitlerə bənzədir.

Onun siyasi fəlsəfəsinin mərkəzində İsrailin təhlükəsizliyinin təminatı dayanır. Netanyahu “iki dövlətli həll” ideyasına ehtiyatla yanaşır, Fələstinlə danışıqlarda hər zaman güc balansını qorumağa çalışır. Daxildə isə iqtisadiyyatın liberallaşdırılması, texnologiya və innovasiyaların inkişafı, eləcə də beynəlxalq investisiyaların cəlbi onun əsas prioritetlərindəndir. Netanyahu beynəlxalq səviyyədə ziddiyyətli, lakin təsirli bir fiqurdur. Onun ABŞ ilə münasibətləri tarixən yaxın olub. Xüsusilə respublikaçı prezidentlərlə (məsələn, Donald Tramp dövründə) Tel-Əviv Vaşinqtonla sıx əməkdaşlığa nail olub. Onun təşəbbüsü ilə İsrail bir sıra ərəb ölkələri - BƏƏ, Bəhreyn, Mərakeş və Sudanla - “Abraham Razılaşmaları” çərçivəsində diplomatik münasibətlər qurub. Bu, Yaxın Şərqdə tarixi dönüş nöqtəsi sayılır.

Bununla belə, Avropa İttifaqı və BMT kimi qurumlarda Netanyahunun Fələstin siyasəti tez-tez tənqid olunur. Analitiklər deyirlər ki, Netanyahu siyasi mübarizəni şahmat oyunu kimi aparır: hər gedişi əvvəlcədən planlaşdırır, opponentlərini zəiflətmək üçün həm daxili, həm də beynəlxalq arenada taktiki addımlar atır. O, koalisiyaların dağılmasından qorxmur, çünki böhranı öz siyasi gücünü bərpa etmək üçün vasitə kimi görür. Bu xüsusiyyət onu İsrailin həm ən güclü, həm də ən çox mübahisə doğuran liderlərindən birinə çevirib. Amma onun şəxsiyyəti yalnız seçki kampaniyaları, hökumət qərarları və diplomatik manevrlərlə izah edilmir. Onun üçün formalaşmış baxışların, ideoloji mövqelərin, nəsildən-nəslə ötürülən dəyərlərin kökünü anlamaq üçün valideynlərinə də baxmaq faydalıdır.

Netanyahu soyadının sirri

“Bibi”nin atası Benzion Netanyahu 1910-cu ilin martında Polşanın paytaxtı Varşavada doğulub. Onun əsl soyadı Mileukovskidir. Benzion Mileykovskinin ailəsi 1920-ci ildə Fələstinə köç edib. Burada onun atası (Benyamin Netanyahunun babası) ailənin yeni soyadını qəbul edib. Netanyahu sözü “Tanrı tərəfindən verilmiş” kimi tərcümə olunur. Benzion Netanyahu Yerusəlim Yəhudi Universitetini bitirib. O, yəhudi tarixçisi, alim kimi tanınıb. Benzion Netanyahu həmçinin yəhudi dövlətinin yaradılmasına dəstək vermək üçün ABŞ-də lobbiçilik hərəkatının fəallarından olub. O, İordan çayının hər iki tərəfində yəhudi dövlətinin yaradılmasını müdafiə edirdi. Benzion Netanyahu 2012-ci ildə 102 yaşında Qüds şəhərindəki evində vəfat edib.

Benyamin Netanyahu isə üç dəfə evlənib və üç övladı, nəvələri var. İlk həyat yoldaşı Miriam Veizmann idi. Onlar 1970-ci illərin ortalarında evləniblər və bir neçə il sonra boşanıblar. Cütlüyün Noa (1978-ci il təvəllüdlü) adlı bir qızı dünyaya gəlib. Netanyahunun ikinci həyat yoldaşı Fleur Cates idi. Onlar 1981-ci ildən 1988-ci ilə qədər evli olublar. 1991-ci ildə Netanyahu Sara Ben-Artzi ilə evlənib. Cütlüyün iki oğlu var: Yair (1991-ci il təvəllüdlü) və Avner (1994-cü il təvəllüdlü).

Bir sözlə, Benyamin Netanyahu İsrail siyasətində təsadüf deyil, faktdır. Onun bu yerə gəlişində atasının rolu hiss olunmaqdadır. İndi isə bir ritorik sual yaranır: ABŞ ilə müttəfiq olan, düşmənlərini bir-bir öldürən Netanyahu ilə kimsə düşmən  olmaq istəyərmi...

/Müsavat.com/

Избранный
3
2
moderator.az

3Источники