Azərbaycanın qadın güləşi üzrə U-17 milli komandası Estoniyanın paytaxtı Tallində təşkil olunan beynəlxalq təlim-məşq toplanışında iştirakını davam etdirir.
Offsideplus.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmanın böyük məşqçisi, titullu güləşçimiz Mariya Stadnik gənc idmançılar üçün xüsusi "ustad dərsi" keçib. Təcrübəli mütəxəssis müxtəlif texniki fəndlərin düzgün icrasını yeniyetmələrə əyani şəkildə nümayiş etdirib.
Aprelin 1-nə qədər davam edəcək bu genişmiqyaslı toplanışda 41 ölkədən 250-yə yaxın güləşçi qüvvəsini sınayır. Estoniya mərhələsi başa çatdıqdan sonra komandamız Avropa çempionatına hazırlığın növbəti mərhələsi üçün aprelin 6-dan 24-dək Bakıda bir araya gələcək.