RU

Şəhid Nadirli Ərtoğrulun mövlud günü dərin ehtiramla qeyd olunub

Sədərək rayon Şəhidlər Xiyabanında Vətən uğrunda canından keçərək əbədiyyətə qovuşan şəhid Nadirli Ərtoğrul Hümbət oğlunun mövlud günü dərin ehtiram, sonsuz minnətdarlıq və böyük qürur hissi ilə qeyd olunub.

Anım tədbirində əvvəlcə şəhidin məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, əziz ruhuna dualar oxunub. Tədbir iştirakçıları Şəhidlər xiyabanında uyuyan bütün qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sükutun sədasında bir xalqın ağrısı, qüruru və əyilməz iradəsi bir daha duyulub. Qeyd olunub ki, torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız hər zaman xalqımızın qəlbində yaşayır və əbədi qürur mənbəyi olaraq yaddaşlara həkk olunur.

Çıxış edənlər şəhid Nadirli Ərtoğrul Hümbət oğlunun həyat və döyüş yolundan bəhs edərək onun göstərdiyi igidlik və şücaətin gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu vurğulayıblar. Bildirilib ki, Vətənə sonsuz sevgi, torpağa bağlılıq, milli-mənəvi dəyərlərə sədaqət kimi ali keyfiyyətlər məhz belə igidlərin timsalında daha parlaq şəkildə təcəssüm edir. Onun keçdiyi şərəfli ömür yolu və döyüşlərdə göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün örnəkdir.

Tədbirdə o da xüsusi qeyd olunub ki, Azərbaycan xalqı öz qəhrəman övladlarını heç vaxt unutmur, onların xatirəsi daim uca tutulur, şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır və nəsildən-nəslə ötürülür.

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Ərtoğrul Hümbət oğlu Nadirli 1997-ci il martın 31-də Sədərək rayonunda anadan olub. 2012–2015-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2015–2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2019-cu ildən hərbi xidmətə başlayan gənc zabit 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 2-də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Şəhid Ərtoğrul Nadirli göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Şəhidlər ölməz, Vətən bölünməz!

Ruhu şad olsun!

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi



Избранный
19
herbiand.az

1Источники