RU

"Dindar dindən danışmağı ilə yox, dini yaşamağı ilə tanınan adamdır"- Tural İrfan yazır

Bir kütlə var ki, onun bir çox gerçəkliklərə baxış bucağı, zövqü, tərəzisi əyridir, yanlışdır, tərsinədir. Kim xurafatla, mövhumatla daha çox məşğuldursa ona dindar deyirlər. Dinin mahiyyətini, dərinliyini, tarixi gerçəkliyini anlayıb anladanları isə "mürtəd, kafir, Əhli Beyt düşməni, sionist" deyə şərləyib Seyid Əzim kimi ya məscid qapısında sıxıb "öldürür" ya da sosial şəbəkələrdə linç edirlər. Sabir, Mirzə Cəlil, Haqverdiyev kimilər bu vəhşi və yabanı sürüyə qarşı qəzet çap etdilər, kitab yazdılar, maarifləndirmə işi apardılar ki, bəlkə əhliləşə, mədəniləşələr, xeyri olmadı.
Reallıq budur ki, sanki dindarlıq xeyirxahlıq, savad, təhsil, cəmiyyətə mənəvi, (yeri gələndə maddi!) fayda vermək, insani - mənəvi dəyərləri özü yaşamaqla yaşatmaq kimi yox, uzun təsbeh, uzun saqqal, ancaq gödək ağılla ölçülür.
Nağıl şirin olur. Uşaqları nağıllarla yatırdırlar. Böyükləri də din adı ilə sırınan, reallıqda isə mövhumat və xurafat olan rəvayətlərlə, saxta hədislərlə uyudurlar, qəflət yuxusuna verirlər, əsl dinin həqiqi mahiyyətindən uzaqlaşdırırlar.
Kimlər dini, elmi, müasir üsul və üslubda anladırsa ənənəvi xurafatçı kütlə həmin adamları konkret olaraq şərləyir. Baxmayaraq ki, dində şər, şantaj, böhtan da haramdır. Demək əsasən zahirə, riyakarlıq qabiliyyətinə yüksək qiymət verilir. Kim həqiqətən dindardırsa yox, kim özünü dindar kimi sırıya, göstərə bilirsə ona tərəf gedirlər.
Adamlar dələduzlara, saxtakarlara daha çox meyllidir. Bir neçə il əvvəl özünü İmam Mehdi elan edən şəxsə xeyli adam aparıb nə qədər pul vermişdi. Ancaq bəlkə də həqiqi Mehdi gəlsə, öz diliylə istəsəydi ona beş manat verən olmazdı.
Dindar dindən danışmağı ilə yox, dini yaşamağı ilə tanınan adamdır.
Əgər xurafat və mövhumat dinlə, din əxlaqı və mənəvi dəyərlər ilə paralel addımlayırsa, inkişaf edirsə heç zaman müsbət nəticə olmayacaq. Xurafat və mövhumat dinin zəhəridir. Elə bir təsirli və uyuşdurucu zəhərdir ki, camaat dinlə məşğul olana, oxuyub maarifləndirmə aparana deyil, xurafatla məşğul olana dindar deyir. Demək camaatın zənnini də yanıldıb, ayırd etmək meyarını korlayıblar. Sanki biri on beş dəfə Həccə gedibsə demək yaxşı adamdır.
Əslində isə kim yaxşı adamdırsa, yaxşılıq edib onu başa qaxıb reklam etmirsə, lap insanlara faydası dəyməsə belə ziyanı da dəymirsə, kimsə onun şərindən Allaha pənah aparmırsa, cəmiyyətdə dini kimliyini zahiri görkəmi və riyakarlığı ilə deyil, xeyirli əməlləri ilə sübut edirsə dindar odur.
Saqqal, çalma, əba, təsbehin uzunluğu Allaha lazım deyil. Heç Peyğəmbərə də lazım deyil, cəmiyyətə də xoş deyil. Elə şeylər özünü fərqləndirmək, guya başqalarından daha çox düz adam görkəmi, özü haqda dindar obrazı yaratmaq üçündür. Halbuki Qurana görə insan əbası və saqqalı ilə yox, cəmiyyətə, bəşəriyyətə verdiyi fayda və Allaha sədaqəti ilə fərqlənməlidir. Peyğəmbər də öz dövrünün adamları ilə eyni libası geyinirdi. Ərəb milli geyimi həm də coğrafiyanın iqliminin tələbi idi. Yəhudilər, xristianlar, müsəlmanlar, müşriklər hamısı eyni qiyafədə idi. Dövrün ənənəsinə uyğun olaraq hamısı saqqal saxlayırdı. Amma dindarları dinsizlərdən, doğruları azğınlardan fərqləndirən saqqal deyildi, rütbə, əba deyildi, əməllər idi, əməllər...
Kim daha çox yaxşılıq edirdisə, cəmiyyətə faydalı olurdusa, elmi - savadı, əxlaqı ilə fərqlənirdisə məhz onu mömin, dindar kimi xarakterizə edirdilər. Yoxsa əba geyib saqqal saxlayan hər kəsə dindar demirdilər. Çünki ərəb milli geyimi olduğu üçün həmin əbanı Peyğəmbərə qarşı mübarizə aparan müşrik Əbu Cəhl, Əbu Ləhəb və Kərbəla faciəsini törədən Yezid də geyinirdi. Əba və saqqal xisləti dəyişmir, imanı artırmır, əxlaqı zənginləşdirmir. Darvin və Marksın çox səliqəli saqqalı vardı. Amma o saqqal onları Allaha imana gətirmədi. Yaxud Üsamə bin Ladenin, Abu Bəkr Bağdadinin saqqalı onları qəddarlıqdan, terrordan çəkindirmədi.
Saqqal, əba, əsa, təsbeh, beş üzük dindarlıq əlaməti deyil, riyakarlıq əlamətidir. Dindarlıq əlaməti reklamsız və minnətsiz yaxşılıq, xeyirxahlıq etmək, nəinki bütün insanlara hətta bütün canlılara bacardığı qədər fayda vermək, ən azı ziyan verməməkdir. Susuz bir itə su vermək riya ilə saxlanan saqqaldan üstündür. Qıçı sınmış bir pişiyi müalicə etdirmək beş üzük taxmaqdan əfzəldir. Bir fəqirə yemək vermək əba ilə namaz qılmaqdan fəzilətlidir...
Sünnət, müstəhəb ünvanı ilə təqdim olunan geyim və imic kimi vasitələr əgər başqalarından üstünlük, xüsusi imtiyaz, öyünmək məqsədi ilə edilirsə riyakarlıqdır, dindən sui-istifadədir və günahdır.
Dindarlığı zahiri görkəm və əlamətlərlə sübut etməyə çalışmaq özü də riyakakarlıqdır. İnsanın dindarlığı daxili aləminin, mənəvi dünyasının zənginliyi ilə seçilməlidir.
Hələ də bəzi yerlərdə kim Aşura günü sabun işlətmir, başını daramırısa ona dindar deyirlər. Kim toya getmir, içki məclisində oturmursa ona dindar deyirlər. Halbuki qiybət məclisində başda oturdurlar...
Tural İrfan, dinşünas
Избранный
26
news365.az

1Источники