RU

Yeni qayda: İstifadə olunmayan məzuniyyət üçün vergi tutulacaq

2019-cu ilin 1 yanvar tarixindən 2026-cı ilin 1 yanvarınadək qeyri-neft və qeyri-dövlət sektorunda çalışan işçilərin əməkhaqları hesablanarkən 8.000 manata qədər olan hissə gəlir vergisindən azad edilirdi. Lakin artıq bu ilin 1 yanvarından etibarən özəl sektorda çalışanların əməkhaqlarına 3% həcmində gəlir vergisi tətbiq olunmağa başlanılıb.

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə görə, əsas iş yerində çalışan əməkdaşların 2.500 manata qədər olan əməkhaqqının 200 manatlıq hissəsi vergidən azaddır.

Qanunvericilikdə edilən bu dəyişiklik digər gəlirlərin necə hesablanacağı və onların vergiyə cəlb olunub-olunmayacağı ilə bağlı müəyyən suallar yaradır. Məsələn, əvvəlki illərdə işləyib illik məzuniyyət hüququndan istifadə etməyən işçilərə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənildiyi halda, həmin məbləğin gəlir vergisinə cəlb edilib-edilməyəcəyi məsələsi aktuallaşır.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavat.com-a deyib ki, istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya əmək münasibətləri çərçivəsində əldə olunan gəlir hesab olunur: “Buna görə də bu məbləğ əməkhaqqına bərabər tutularaq gəlir vergisinə cəlb edilir. 2026-cı ilin 1 yanvar tarixindən qüvvədə olan qaydalara əsasən, özəl sektorda çalışan işçilər üçün tətbiq olunan vergi rejimi bu cür ödənişlərə də şamil olunur. Yəni istifadə olunmamış məzuniyyətə görə verilən kompensasiya da əməkhaqqı kimi hesablanır və müvafiq qaydada vergiyə cəlb edilir.

Eyni zamanda, əsas iş yerində çalışan işçilər üçün 2.500 manata qədər olan aylıq gəlirin 200 manatlıq hissəsi vergidən azad olduğuna görə, bu güzəşt həmin kompensasiyanın hesablanması zamanı da nəzərə alınır. Qalan məbləğ isə qüvvədə olan dərəcə ilə vergiyə cəlb olunur”.

Afaq Mirayiq,
Musavat.com

Избранный
96
50
musavat.com

10Источники