ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
Kəlbəcəri 13 yaşı olarkən tərk edərkən erməni əsirliyinə düşən rayon sakini Azər Qurbanov 1993-cü il martın 31-ni ailəsinin həyatında ən dəhşətli və unudulmaz gün sayır.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, 31 mart Kəlbəcər tarixinin ağrılı və unudulmaz günlərindən - "Tunel qırğını"nın növbəti ildönümüdür.
1993-cü ilin bu günündə Kəlbəcərin 35 kəndini rayon mərkəzi ilə birləşdirən tunelin qarşısında erməni hərbçiləri tərəfindən qətliam törədilib.
Sakinlər doğma yurdlarını tərk etməyə məcbur olduqları zaman erməni silahlı birləşmələrinin pusqusuna düşüblər. Dinc əhaliyə qarşı törədilən bu hücum nəticəsində onlarla günahsız insan - qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirilib.
Azər Qurbanov həmin günü xatırlayaraq bildirib ki, həmin gün anası və atası onları - iki qız, dörd oğlan olmaqla altı övladı - xilas etmək ümidi ilə qohumlarının yük maşını ilə yola salıblar, özləri isə kəndi dağ yolu ilə tərk etməli idilər:
"Biz təhlükədən uzaqlaşdığımızı düşünürdük. Lakin tuneldən çıxarkən erməni silahlı birləşmələri tərəfindən pusquya düşdük. Bizdən irəlidə gedən avtomobil vuruldu. Ardınca isə bizim olduğumuz maşın atəşə tutuldu".
O deyib ki, həmin hücum zamanı üç yaşlı bacısı ağır yaralanıb, o özü isə ciddi güllə yaraları alıb:
"İki qardaşım elə həmin ərazidə itkin düşdü - bu günə qədər onlardan heç bir xəbər yoxdur. Mən yaralı halda üç yaşlı bacımı qucağıma alıb oradan uzaqlaşmağa çalışdım. Lakin aldığım ağır yaralara görə huşumu itirdim və əsir düşdüm. Ayılanda mənə bacımın artıq həyatını itirdiyini və oradaca dəfn olunduğunu dedilər".
A.Qurbanov bildirib ki, bu acı xatirənin üstündən illər keçsə də, ürəyində silinməz iz qoyub.
Kəlbəcər sakini bildirib ki, əsirlikdə üç ay 15 gün qaldıqdan sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə geri qaytarılıb.
Artıq Kəlbəcər azad olunandan sonra insanlar hər il bu əraziyə gəlir, öz qətlə yetirilən və itkin düşən yaxınlarını yad edirlər. Bu faciə təkcə bir kəndin, bir ailənin deyil, bütövlükdə Azərbaycan xalqının yaddaşına qanla yazılmış bir tarixdir.








Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.