RU

“Peşəkarlığa gedən yolu ancaq özünütənqid müşayiət etməlidir” Fuad İbrahimov

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Müsahibim Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Münhen Yeni Filarmoniya Orkestrinin və Bakı Kamera Orkestrinin baş dirijoru, nüfuzlu Beynəlxalq müsabiqələrin mükafatçısı və qalibi, Prezident təqaüdçüsü Fuad İbrahimovdur. O, Royal Philharmonic Orchestra (London), Orchestre Symphonique de Mulhouse (Fransa), Nord Czech Philharmonic, MDR Symphony Orchestra (Leipzig), Staatskapelle Halle, Göttingen Symphony Orchestra və Nuremberg Symphony Orchestra, Philharmonie Südwestfalen, Vienna Chamber Orchestra və Kritisches Orchester® Berlin və s. kimi orkestr kollektivlərinə rəhbərlik etmiş və dünyanın müxtəlif guşələrində (Almaniya, Böyük Britaniya, Fransa, Çexiya, Avstriya, Yaponiya, Rumıniya, Polşa, Macarıstan, Latviya, Rusiya, Belarusiya və s.) konsert proqramları ilə çıxış etmişdir. İbrahimov həmçinin müxtəlif konsert və festival layihələrində latviyalı violin ifaçısı Gidon Kremerin yaradıcısı və bədii rəhbəri olduğu Kremerata Baltica orkestri ilə əməkdaşlıq içərisindədir. 2017-ci ildə Fuad İbrahimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mədəniyyət sahəsində xidmətlərinə görə ordenlə təltif olunmuşdur.

- Dirijorluq sənətinə bir tərif verməli olsanız, onu necə ifadə edərdiniz?

- Dirijorluq sənəti yüksək fədakarlıq və davamlılıq, zəhmət tələb edən, nəticədə isə hər zaman eyni ölçüdə qiymətləndirilməyən, bəzənsə layiqi dəyəri tamamilə görməyən sənət növüdür. Rusca belə bir söz birləşməsi var: неблагодарная профессия. Bütün qüvvəni sərf edərək çalışmaq və tənqidlərə sinə gərmək şübhəsiz ki, asan deyildir. Lakin bu təbiidir; əslində bu sənətin məxsusiliyi də ondadır, fikrimcə. Gəlin bu peşənin dahi və mötəbər nümayəndələrini xatırlayaq... Belə anlaşıla bilər ki, dirijorluq diktaturadan başqa bir şey deyil. Amma indiki reallığımızda razı salmaq, kompromisə meyilli olmaq bu sənətə yaraşmır. Zənnimcə, hansısa balansı tapmaq və  bu yolda irəliləmək lazımdır. Çünki tarazlıq pozulduğu anda uduzan tərəf həmişə ali musiqi olacaq.

- 35 il Berlin Filarmonik Orkestriniidarə etmiş məşhur Avstriya dirijoru Herbert von Karajan düşünürdü ki, bir orkestrlə 15 və ya 20 il işləməyincə tələb olunan yüksək nəticənin əldə olunması qeyri-mümkündür. Ona görə də, Karajan müqavilə bağlamazdan öncə orkestrin ömür boyu onun idarəsində qalacağını tələb etmişdi. Əks halda müqavilə imzalamağa razı olmazdı. Mənə maraqlıdır ki, orkestrlərlə çalışmaq üçün dəvət alarkən belə istək və ya tələblər qoyursunuzmu?

- Hamıya yaxşı məlumdur ki, hər bir orkestr öz ənənələri ilə seçilir və tarixdə öz yerini bərqərar edir.Dayanıqlı ənənələri isə zaman formalaşdırır. Bu isə birbaşa işinin mütəxəssisi olan dirijorlar və ifaçılarla bağlı məqamdır. Ümumiyyətlə, orkestr hər bir üzvünün harmoniyada olması vaciblik ehtiva edən canlı bir orqanizmdir. Bu harmoniyaya nail olmaq illər tələb edir. Bu yaxınlarda bir sənədli filmi izləyirdim.  Wilhelm Furtwänglerdən sonra Berlin Filarmoniyasının dirijor pultunun arxasına Karajan gəldikdə musiqiçilər ona adaptasiya olmaqda çətinlik çəkmişdilər. Furtvenqler daha sərt və sistemli idi. Karajanın üslubu isə necə deyərlər başqa idi.Onun ən işarəvi xüsusiyyətlərindən biriifa zamanı gözləri yumulu dirijorluq etməsi idi. Bu, adətən qeyri-adi hesab olunur, çünki dirijorların orkestr üzvləri ilə ünsiyyəti üçün göz kontaktı son dərəcə vacib vasitədir. Hansısa qəribəliklərə baxmayaraq onunla orkestr tamamilə başqa səviyəyə və əzəmətə çatmış, məşhurluq əldə etmişdi. Qısası, demək istərdim ki, heç kimin sehrli çubuğu yoxdur. Yaradıcı prosesin uğurla nəticələnməsinin təmini üçün dirijora və orkestrə geniş imkanlar yaradılmalıdır. A nöqtəsindən B nöqtəsinə yol qət edərkən çətinliklər qaçılmazdır. Lakin hərtərəfli dəstəyin mövcudluğu buradakı ən böyük güc və stimul qaynağına çevrilə bilər.

- Maraqlıdır, bəs Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri ilə çalışmaq necə?

- Artıq 2 ildən çoxdur ki, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin bədii rəhbəri və baş dirijoruyam. Əlbəttə ki, xüsusi hörmət bəslədiyim, uzun illər ADSO-nun bədii rəhbəri və baş dirijoru olmuş əziz Rauf Abdullayevdən sonra mənə həvalə olunmuş bu vəzifəni icra etmək üzərimə müstəsna dərəcədə böyük məsuliyyət qoyur. Xüsusilə, nəzərə aldıqda ki, bu böyük tarixə malik orkestrə neçə-neçə mötəbər, dahi insanlar dirijorluq etmiş və ənənə formalaşdırmışlar. Bilirəm ki, mənim gəlişim musiqi cameəsində bir çox müsbət dəyişikliklərin baş verəcəyinə dair nikbin arzuları doğurub. Bu sevindiricidir. Lakin fürsətdən istifadə edərək vurğulamaq istəyirəm ki, orkestrdə fəaliyyət göstərən ifaçıların attestasiyadan keçirilməsi kimi həssas məsələlərin tərəfdarı deyiləm. Bu həm kollektivə, həm də sevimli maestro Abdullayevə qarşı hörmətsizlikdir. Fikrimcə, maestronun artıq qurmuş olduğu düzəni nəinki dağıtmalı, əksinə qoruyub saxlamalı, onun işini müsbət anlamda davam və inkişaf etdirməliyik. Musiqiçilərin attestasiyaya cəlb olunmaması məbadə hər şeyin olduğu tempdə qalacağı anlamına gəlmir. Hər bir orkestrantın öz üzərində çalışması olduqca vacibdir. Lakin bir xüsusi məqama diqqəti yönəltməkdə fayda var... Orkestrin lazımi alətlərlə təmin olunması, tez-tez qastrol səfərlərinin təşkili, adlı-sanlı solist və dirijorların kollektivə dəvəti, münasib məvacib, kənar müdaxilələrin sıfıra endirilməsi və s. kimi faktorlar... ADSO-nun ifaçılarının məvacibinin daha yüksək olması arzuolunandır.Bütün bu məsələlər orkestri canlandıra və orada fəaliyyət göstərən hər bir ifaçıda ruh yüksəkliyi yarada bilər. Və ya orkestrantların solist qismində çıxış etdiyi kamera konsertlərinin keçirilməsi dünya təcrübəsində artıq çoxdan qəbul olunmuş ənənədir. Bu nümunəni bizdə də reallaşdırmağa başlamışıq. Digər tərəfdən orkestrin fəaliyyətinin mediada işıqlandırılması, reklam olunması, musiqişünaslar tərəfindən keçirilən konsertlərə dair məqalə və məlumat, tənqidi xarakterli dürüst və obyektiv yazıların qələmə alınması da mühüm şərtlərdən biridir. Yəni hər şey bir-biri ilə zəncirvari bağlıdır və əslində bu da ənənəyə çevrilməlidir. Onu da deyim ki, konsertlərə dair yazılacaq professional tənqidi məqalələrdə bəyənilməmiş nüansların detallı qeyd olunması ifaçıların da öz nöqsanlarına güzgü tuta bilər.Almaniyada orkestr konsert verməzdən öncə artıq yazılacaq tənqidi məqalənin necəliyi haqqında düşünür.

- Demək istəyirsiniz ki, hər bir kəs bu zəncirin halqası kimi öz öhdəsinə düşəni etməlidir?

- Birmənalı olaraq, bəli! Təsəvvür edin ki, intonasiya üzərində işləyirsiniz. Hansısa akkordun maksimal qüsursuz ifasını təqdim etməyə çalışırsınız. Bu zaman ifaçılardan biri haqqlı olaraq bəlkə də özünə belə bir sual verir: “Tutalım bu akkordun kamil səslənişinə nail olduq.. və ya olmadıq. Bəs sonra?”. Əgər alətlər yararsızdırsa və ya çox da yaxşı vəziyyətdə deyilsə, analoji olaraq səslənmə də qənaətbəxş olmayacaq. Düşünürəm ki, orkestrin yüksək səviyyədə ifasına maneə yaradan bütün mövcud nüansları aradan qaldırmaq üçün hamımız var qüvvəmizlə çalışmalıyıq... Axı bu orkestr dahi Üzeyir bəyin adını daşıyır. Böyük tarixə malik 105 yaşlı orkestrin dəyərini və qiymətini tək bilmək yetməz, qeyd etmək lazımdır. Bildiyiniz kimi, mən Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təhsilimi xaricdə almışam. Bu məqamı da hər zaman böyük qürur və sevgi ilə qeyd edirəm. Əlbəttə ki, bu dəstəksiz mənim belə yüksək təhsil almağım mümkünsüz idi. Bu təcrübə həm də məni xarici arenaya yaxınlaşdırdı. İndiyədək dünyanın müxtəlif guşələrindən orkestrlərlə əməkdaşlıqlar edirəm. Və daim məni yalnız bir sual düşündürür: Niyə bizdə belə olmasın? Hər halda mən əlimdən gələni edirəm və gücüm çatan qədər edəcəyəm.

- Sizin üçün dirijor kimdir və vəzifəsi nədir? Temperamenti, xarakteri, intellektual səviyyəsi və s. keyfiyyətləri müxtəlif, bəzənsə zidd olan ifaçılara ümumi estetik istiqamət vermək, yoxsa hər məşqdən öncə öz iş masası arxasında bütün nüansları gözdən keçirən,onun üçün çətinlik yarada biləcək “tələləri”müəyyənləşdirənbir nəzəriyyəçiyə çevrilmək?

- Bu sualın cavabını siz artıq ifadə etmisiniz. Bir neçə əlavələr qeyd edim. Mənim üçün dirijor həm bəstəkarın partiturada təcəssüm etdirdiyi ideya və konsepsiyaları doğru və inandırıcı şəkildə çatdırmalı, eyni zamanda kollektivi bu amala ruhlandırmalıdır.Hər məşqdən sonra pilləkənlərlə filarmoniyadakı öz iş otağıma qalxanadək, yolda gedərkən, hətta hər hansısa bir işlə məşğul olarkən belə, beynimdə ifa olunacaq əsərlərə dair təhlil prosesi bir perpetuum mobilehərəkətdə qalır, nə fiziki məkanın dəyişməsi, nə də gündəlik fəaliyyətlərin ritmi bu daxili analitik axını dayandıra bilir. Dirijor təbii ki, xarizmatik olmalıdır. Düşünürəm ki, dinləyiciyə çatdırılacaq istənilən ideyanın alt qatı dirijor tərəfindən ciddi hazırlanmalı və faktlara dayanmalıdır, hisslərə yol vermək isə minimala endirilməlidir. Hələ tələbə ikən müəllimim mənə bu yanaşmanı təlqin edirdi. Musiqi tarixində artıq iz salmış böyük dirijorların avtobioqrafiyasına vaxtaşırı müraciət edir, diqqətlə araşdırır və izləyirəm. Carlos Kleiber, Bernard Haitink... Demək olar ki, 10 dirijordan 9-u özünə tənqidi yanaşır. Məncə məhz özünütənqid hamı üçün prioritet olmalıdır.Peşəkarlığa gedən yolu ancaq özünütənqid müşayiət etməlidir. 

- Fransız dirijoru Çarles Munch qeyd edir ki, təbiət rəssamın baxışında necə əks olunursa, dirijorun ruhu da musiqinin əks olunduğu bir güzgüyə çevrilməlidir. Bəs sizcə?

- Gözəl bir fikirdir. Elədir ki var! Mən həmişə təsəvvür edirəm ki, dirijor orkestr və dinləyicilər arasında incə bir xəttdə yerləşir. Elə insanlar var ki, əsərə dair bütün tarixi faktları bilir və dinləmə prosesi onun üçün tam professional fəaliyyətdir. Bəziləri isə necə deyərlər gözü ilə dinləyir. Dirijor isə düzgün nizamlanmış jestikulyasiyaları ilə musiqinin rəsmini çəkməyə çalışır. Bütün bu nüanslar yəqin Munchun söylədiklərinə uyğunlaşır. Lakin bu o demək deyil ki, dirijor güzgü qarşısında durub jestlərini öncədən çalışmalıdır. Əksinə, o, musiqini ifaçılardan alıb, onlara geri verməli və bütün bunlar təbii, harmonik şəkildə cərəyan etməlidir. Qaldı ki, sualın birbaşa mənasına... ona fikrimcə, yalnız kənardan qiymət vermək olar, nə dərəcədə alınır bu əksolunma, ya yox...

- Universal dirijorluq istedadına inanırsınızmı? Məsələn, elə dirijorlar var ki, bütün karyerasını onlarla partitura üzərində qururlar və ya müəyyən bir dövrə aid əsərlər onların traktovkasında daha uğurlu alınır. Bu nə ilə bağlıdır?

- Burada əsas insan faktorudur. Məsələn götürək Carlos Kleiberi. Kaş ki, o daha çox əsərin ifasını reallaşdırardı. Hamıya məlumdur ki, onun qeyri-adi xasiyyəti var idi. Konsertləri qəfil ləğv edə, məşqləri təxirə sala, və ya birdən-birə yoxa çıxa bilərdi. Baxmayaraq ki, özünə tənqidi yanaşdığı üçün bir çox əsərləri ifa etməyib, amma əminəm ki, o, universal dirijor idi. Amma elə dirijorlar var ki, məsələn, onun traktovkasına Mozartın əsərlərini təsəvvür etmək mümkünsüzdü.Məsələn,Christian Thielemann A.Bruckner, R.Wagner, hətta L.Bethoveni çox gözəl təqdim edir. Özümə gəldikdə isə, bu barədə fikir bildirməyim doğru çıxmaz. Ümumiyyətlə isə, tezdir.

- Dövrümüzün bütün əlverişli şəraitinə baxmayaraq, indi dünyada əvvəlkindən daha böyük dirijorlar yoxdur. Sizcə bunda ən böyük səbəb nədən qaynaqlanır?

- Şəxsən mənim üçün bu çox heyfisləndirici bir məqamdır. O dövrün insanları təbii ki, yalnız elə o dövrdə ola bilərdi. Yəni, dahiləri dünyaya gətirən yaşadıqları zaman kəsiyidir. Çoxları deyir ki, Arturo Toskanini indiki dövrümüzün reallığında Toskanini ola bilməzdi. Çünki hazırki cəmiyyət, musiqiçilər onu və rəftarını qəbul etməzdi. Leonard Bernsteinin verdiyi nəticəni dövrümüzün dirijorları demək olar ki, verə bilmir. Səbəb isə məlumdur: həmin ciddilik, məqsədyönlülük yoxdur. Baxın, Berlin Filarmonik orkestri hələ də öz yüksək yaradıcılıq səviyyəsi və tempindədir. Çünki hansısa yad və lazımsız məqamlardan uzaq ali musiqi sənətinə xidmət edirlər. Lakin dünya üzərində ümumi tendensiyaya baxdıqda konsertə gələn müəyyən bir qrup insanları dirijorun və musiqiçilərin xarici görünüşünün və geyim tərzinin maraqlandırması, musiqi və yenə də yalnız musiqiyə dair vacib məqamların müzakirəsinin ikinci planda olması kimi təəssüf doğuran bir sıra hallar müşahidə olunur. Əlbəttə ki, bu hamıya aid deyil. Onu da deyim ki, kifayət qədər hazırlıqlı dinləyicilər də vardır və bu nüans bizi sevindirir və ruhlandırır. Hərhalda peşəkarlıq naminə bütün kiçik neqativləri nəzərə almamaq olar.

- Məşhur bir anlayış vardır ki,istənilən dirijor hansısa simli aləti mənimsəməlidir. Əvvəlki dövrlərdə dirijorların əksəriyyəti violin ifaçısı idi. Nikisch Artúr violin ifaçısı, Arturo Toskanini isə violonçelçi idi.Yəni hansısa alətdə ixtisaslı olmanın bir avantajı varmı?

- Bayaq qeyd etdiyim ki, istənilən məfhuma bir tərəfli yanaşmaq olmaz. Hər bir şeyin müsbət və mənfi tərəfləri var. Əgər nəzərə alsaq ki, orkestrin böyük hissəsini simli alətlər təşkil edir, o zaman dirijorun bu alətlərin ifa spesifikasına bələd olması böyük önəm daşıyır. Amma məsələn fortepianun da öz üstünlükləri var, və ya nəfəslilərin. Ən yaxşısı odur ki, dirijor bütün alətlərin diapazonları, ifa vətexniki imkanlarını dərindən mənimsəsin. Məsələn, çağdaş əsərlərin bir çoxu extended techniques (genişləndirilmiş ifa texnikaları) tələb edir. Şübhəsiz ki, belə partituraları ələ alarkən dirijor öncədən hazırlıqlı olmalıdır.

- Nəfəs alətləri ifaçıları ilə iş, zənnimcə mürəkkəb olur. Musiqiçilər 1 saniyədə nəfəs almalıdırlar və bu saniyələr həmişə qiymətlidir. Çünki mükəmməl ansambl həm də onlardan asılıdır. Siz, instinktiv olaraq giriş vermək lazım olan anı hiss etməlisiniz.

- İtalyan rejissoru Federico Fellininin çox gözəl bir satirik filmi var, “Orkestr məşqi” (“Prova d'orchestra, 1978). Orada hər kəs alətinə uyğun necə də doğru təsvir olunub. Sualınız mənə həmin filmi xatırlatdı. Sanki alət ifaçısının obrazını formalaşdırır və inkişaf etdirir, hətta onun davamına çevrilir. Bir çox hallarda başqa ölkələrə qastrol səfərlərinə getdikdə, hələ ifaçılarla tanış olmadan, onların hansı alətlərdə ifa etməsini təxmin etmək mümkün olur. Bu da əsasən nəfəs alətləri ifaçıları ilə baş verir. Dediyim kimi, orkestr özü canlı alətdir. Amma daha dərinə getsək nəfəsli alətlər individualdır. İndividumlarla işləmək müəyyən bir diqqət tələb edir. Ən əsası onlarla birgə nəfəs almalısan.

- Məşhur və bir qədər komik bir sual var. Əgər Aya getsəniz özünüzlə hansı parituranı aparardınız?

- Bu yaxınlarda Rumıniyaya qastrol səfərim gerçəkləşmişdi. Konsertdən bir gün öncə böyük bir auditoriya üçün əfsanəvi latviyalı violinçi Gidon Kremer və mənim iştirakımla gerçəkləşən görüş maraqlı musiqi hadisəsi kimi yadda qaldı. Bu sual orada da səsləndirilmişdi. Mən hansı əsər üzərində çalışmağa başlayıramsa orada bir sevgi tapmağa çalışıram. Bu yəqin ki, Allahın mənə bəxş etdiyi böyük xoşbəxtlikdir.Ola bilər, əsər hansısa mənada qeyri-peşəkar (!) yazılmış olsun və mənim xoşuma gəlməsin. Ümumilikdə, həm dünya musiqi ədəbiyyatı, həm də milli musiqi irsimiz nöqteyi nəzərindən baxdıqda mənə 1 əsərin adını çəkmək mürəkkəb gəlir. Mozartı qoyub, Bethoveni götürə, və ya Brahmsı götürməyə bilmərəm.

- Bəs elə əsərlər varmı ki, onlara bir daha qayıtmaq istəmirsiniz? Və səbəb nədir?

- Xeyr. Amma bir daha ifa etməkdən çəkindiyim əsərlər var. Hərdən düşünürəm ki, bəlkə bir daha ifa etsəm əvvəlki uğurlu nəticəyə müyəssər ola bilmərəm. Amma yenə də bəzən qayıtmalı oluram.

- Harmoniya və kontrapunkt biliyinizə toxunmaq istərdim.

- Anam Lətafət xanım nəzəriyyəçidir. Bu baxımdan bəxtim gətirmişdir ki, nəzəri predmetlər mənə yad deyil, əksinə yaxındır.Mənim musiqiçi kimi yaradıcılığımda və formalaşmağımda bir neçə insanın böyük rolu olmuşdur. Onlardan biri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrəelmlər doktoru, professor, Tərlan müəllim idi... Məhz mənim professional musiqi sənətinə gəlməyim və inkişafımda Tərlan Seyidovun mühüm əhəmiyyəti olmuşdur. Hamıya məlumdur ki, musiqi ilə erkən yaşlardan məşğul olmaq lazımdır. Mən ilk musiqi təhsilimi Şuşada almışam.O zamanlar ailə dostumuz, SSRİ-nin Xalq artisti, bəstəkar Süleyman Ələsgərov mənim üçün Bakıdan violin aləti yollamışdı. Lakin faciəli hadisələrin başlanğıcı mənim violində dərslərimi və bilavasitə musiqi təhsilimi dayandırdı. Birinci Qarabağ müharibəsi zamanı ailəmlə birlikdə doğulub böyüdüyüm, mənə əziz olan Şuşa şəhərindən məcburi köçkün düşdük.Xatirimdədir ki, Bakıya gəldikdən sonra anamla birgə təhsilimi davam etdirmək məqsədilə dəfələrlə musiqi məktəblərinə müraciət etmişdik. Lakin musiqi təhsili üçün qoyulmuş yaş standartlarına uyğunsuzluğu səbəb gətirərək məni heç bir məktəbdə qəbul etməmişdilər. Bir müddət sonra Azərbaycanın Əməkdar müəllimi, professor, mənim musiqi yaradıcılığımda əhəmiyyətli rol oynayan şəxsiyyətlərdən biri olan Tofiq Aslanovun​ məsləhəti ilə anam Lətafət xanım məni professor Tərlan Seyidovun əsasını qoymuş olduğu və öz övladı kimi yanaşdığı Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasına gətirdi. Tərlan müəllim məni dinlədi və bildirdi ki, əgər mən yaşıma uyğun olaraq nizamlanmış proqramı hazırlayıb təhvil verə bilsəm, o zaman məktəbə qəbul olunacağam. Beləliklə, əziz müəllimim Tofiq Aslanovun və məktəb-studiyanın pedaqoqu, LaləHüseynovanın, habelə Lalə Həsənovanın əməkləri sayəsində musiqi məktəbinin 6 illik kursunu olduqca qısa müddətdə, 1 il ərzində mənimsəyərək imtahanları keçdim vəT.Seyidov məni viola ixtisası üzrə 7-ci sinfə qəbul etdi. Bununla da mən, bir qədər gec, yəni 12 yaşımdan etibarən bu sənətlə ciddi məşğul olmağa başladım.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına qəbul imtahanlarına hazırlaşarkən solfecio və harmoniya fənnlərindən olduqca dəyərli bir pedaqoqla– Aygün İsgəndərova ilə fərdi dərslər sayəsində bu predmetləri yüksək səviyyədə mənimsəyə bildim. Almaniyada dirijorluq fakültəsinə qəbulda nəzəri fənnlərin məzmunun Azərbaycandakı sistemdən  tamamilə fərqli olduğunu gördüm. Funksiyaların yazılış qaydalarından tutmuş, mövzuların ardıcıllığı və s. daha neçə məqamlaradək... Odur ki, dirijorun peşəkar formalaşmasında bu predmetlərin vacib rolunu istisna etmirəm.

- Böyük bir tərkibi idarə etməkçün üçün hər bir dirijorun öz üsulu vardır, sözsüz ki. Bəs sizin üsulunuz nədir?

- Bu suala qısa cavab verəcəm. Mən çox xoşbəxt insan olardım, əgər bu suala cavab verə bilsəm! Dirijor həyatının sonunda dirijor olur. Qismət olsa 80 yaşımda bu suala qayıda bilərəm...

- Yaradıcı proses zamanı öz enerjinizi bərpa etmək üçün hansısa fəlsəfi cərəyanın təsirinə qapılmısınız? Və ya, hal-hazırda qapılmısınızmı? Məsələn, Karajan Buddizmə böyük sevgi ilə yanaşırdı.

- Məni bərpa edən çox yaxşı bir məşqin nəticəsi ola bilər. Hətta, uzun və mürəkkəb bir məşq prosesindən sonra insanların üzündə məmnun bir gülümsəmə görürəmsə, həmin yorğunluq sıfırlana bilər. Bundan əlavə, aviasiyaya olduqca böyük sevgim var. Partirura ilə işlədiyim zamanda fasilə etmək istəyəndə şahmat oynayıram. Oyun zamanı intensiv düşünməyə baxmayaraq, bu məndə enerjini bərpa edir. Amma yəqin ki bu sənətə daha yaraşan bərpa üsulları yoqa, meditasiya kimi fəaliyyətlər olardı. Karajan dəqiq fikir bildirib. Bu da illərlə alınan təcrübənin  nəticəsidir. Yəqin ki, illər sonra mənim də bu suala dair fikirlərim başqa olacaq.

- Çağdaş musiqiyə münasibətiniz necədir? Azərbaycanda fəaliyyət göstərən müasir ansambl və orkestrlərlə bağlı nə düşünürsünüz?

- Çağdaş əsərlərə də yanaşmam öncəki dövrü təmsil edən bəstəkarların əsərlərinə olduğu kimi olduqca müsbətdir. Ən əsası əsərin peşəkarlıqla qələmə alınmasıdır, hansını ki, dinləyici həmən hiss edəcək. Təəssüf ki,Qara Qarayev adını daşıyan mötəbər Beynəlxalq Müasir Musiqi Festivalının fəaliyyəti dayandırıldı. Həmin festival sayəsində ADSO ilə birgəAlfred Schnittkenin nadir ifa olunan əsərlərindən biri olan Birinci Simfoniyasına dirijorluq etmişdim. Həmin dövrə qədər əsər bildiyim qədərilə,mürəkkəbliyi səbəbilə cəmi 4 dəfə ifa olunmuşdu. Festivalda Azərbaycan musiqi mədəniyyətinin magikanlarından, professor Fərəc Qarayev bu əsərin ifasını mənə həvalə etmişdi. Lakin sevindirici haldır ki, bəstəkar Türkər Qasımzadənin bədii rəhbərliyi və böyük bir komandanın zəhməti ilə Bakı Müasir Musiqi Günləri adlı böyük bir festival ölkəmizdə həmin ənənəni davam etdirir və buraya dünyanın müxtəlif guşələrindən musiqiçi-ifaçılar qatılır. Ümidvaram ki, bu təşəbbüs davamlı olacaq.

Günay Məhyəddinli

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı, İxtisas musiqi məktəb-studiyanın elmi işçisi, musiqişünas

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
525.az

1Источники