2023-cü il mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak etdilər. Şuşanın azad edilməsindən sonrakı dövrdə - 2021-ci ilin oktyabrından etibarən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılmış, bulağın damı əvvəlki vəziyyətinə gətirilmişdir. Kompleksə daxil olan evin və məscidin binalarının dam örtükləri yenilənmiş, tavanlar bərpa edilməklə yanaşı, malikanə kompleksinin dağılmış divarı bərpa olunmuş, zədəli divarda bərkitmə işləri aparılmışdır. Həmçinin məscidin “Güldəstə”si restavrasiya olunmuşdur. Evin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrünün texnologiyalarına uyğun bərpa edilmişdir. Görülmüş işlərdən sonra malikanə kompleksində “Qarabağ zadəganının evi” mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu - XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülmüşdür. Ekspozisiyada Azərbaycan Milli Kino-Foto Sənədləri Arxivi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun materialları, həmçinin elmi ədəbiyyat mənbə qismində istifadə edilmişdir.
Zadəgan malikanəsinin qonaq otağı evin siması olduğundan burada ən müasir interyer elementlərindən istifadə edilmişdir. Fotolar Şuşanın tanınmış zadəgan nəsilləri - Mehmandarovlara, onlarla qohumluq əlaqəsi olan Rüstəmbəyovlara, Vəzirovlara, Qacarlara aiddir. Malikanədəki otaqları milli əşyalarla yanaşı, avropasayağı məişət əşyaları da bəzəyir. Otaqlar dövrün eksponatları ilə XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid interyer qaydalarına uyğun tərtib edilmişdir. Artıq buranı ziyarət edən hər bir insan özünü XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış azərbaycanlı zadəganının evindəki kimi hiss etmiş olur. Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə edilmişdir.