Bakı Mühəndislik Universitetində (BMU) 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirilib.
"Unikal" xəbər verir ki, öncə soyqırım qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət Himninin səsləndirilməsinin ardınca hadisələri əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev 1918-ci ilin 31 martını tariximizin ən faciəli səhifələrindən biri adlandırıb. Bildirib ki, kütləvi qırğınlar nəticəsində minlərlə günahsız insanın amansızcasına qətlə yetirilməsi, şəhər və kəndlərin dağıdılması, milli-mədəni irsimizə ağır zərbə vurulması təkcə xalqımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətlərdən biridir.
Rektor 19-cu əsrin əvvəllərində imzalanan Gülüstan və Türkmənçay müqavilələrinin ağır nəticələrinə toxunaraq Azərbaycan xalqının parçalanması, tarixi torpaqlarımızın bölünməsi və bu prosesin davamı kimi ərazilərimizə ermənilərin kütləvi şəkildə köçürülməsi ilə gələcək faciələrin əsasının qoyulmasına, “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlarının soydaşlarımıza qarşı müxtəlif illərdə törətdikləri kütləvi qırğınlara diqqət çəkib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hadisələrə hüquqi-siyasi qiymət verilməsi məqsədilə müvafiq komissiya yaradılsa da, sonrakı dövrdə bu proseslərin dayandırıldığını xatırladan Yaqub Piriyev yalnız 80 il sonra-1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış fərmanla hadisələrə adekvat siyasi qiymət verildiyini, 31 martın “Azərbaycanlıların Soyqırımı Günü” elan olunduğunu və bu istiqamətdə digər müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, ermənilərin soyqırım çinayətlərinin dünyaya nümayiş olunması istiqamətində tədbirlər ardıcıl xarakter daşıyıb və Prezident İlham Əliyevin təşəbbüsləri ilə aparılan genişmiqyaslı tədqiqatlar nəticəsində yeni faktlar üzə çıxarılıb. Quba şəhərində aşkar edilən kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. Ərazidə Prezidentin sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Azərbaycanın Vətən müharibəsində tarixi Zəfərə imza atması ilə, həm soyqırım qurbanlarının, həm də bütün şəhidlərimizin intiqamının alındığını deyən rektor çıxışının sonunda bu cür faciələrin bir daha təkrarlanmaması üçün tarixi unutmamaq, milli birliyimizi qorumaq, dövlətimizin müstəqilliyi və suverenliyini möhkəmləndirməyin hər birimizin əsas vəzifəsi olduğunu qeyd edib.
Sonra BMU-nun professoru Abbas Seyidov geniş məruzə ilə çıxış edib. O, çıxışında xalqımıza qarşı həyata keçirilmiş sistemli etnik təmizləmə və soyqırımı siyasətinin açıq təzahürlərindən biri kimi yadda qalan 31 mart hadisələrinin yalnız tarix deyil, həm də milli yaddaş məsələsi olduğunu diqqətə çatdırıb. Məruzədə Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Hacıqabul, Naxçıvan, Zəngəzur və digər bölgələrdə on minlərlə dinc azərbaycanlının məhv edilməsi, yaşayış məntəqələri, tarixi və dini abidələrin dağıdılması ilə bağlı faktlar təqdim olunub. Eyni zamanda bildirilib ki, bu hadisələrin dərindən öyrənilməsi, elmi-faktaloji əsaslarla tədqiqi, gələcək nəsillərə və beynəlxalq ictimaiyyətə düzgün şəkildə çatdırılması xüsusi əhəmiyyət daşıyır.