Bakı şəhərində bəzi yaşayış evlərinin su basması son günlərdə əmlak təhlükəsizliyi və sığorta məsələlərini yenidən gündəmə gətirib. Bu cür hadisələr təbii fəlakətlərə qarşı hazırlıq səviyyəsini, vətəndaşların sığortaya münasibətini və mövcud sığorta mexanizmlərinin effektivliyini müzakirə mövzusuna çevirir.
NOCOMMENT.az xəbər verir ki, Sığorta mütəxəssisi Şahin İsmayılov deyib ki, yağıntılar nəticəsində yaşayış məntəqələrində evlərə, təsərrüfatlara və ictimai obyektlərə ziyan dəyib, insanlar həm maddi, həm də mənəvi itkilərlə üzləşiblər
“Yağıntılar nəticəsində yaşayış məntəqələrində evlərə, təsərrüfatlara və ictimai obyektlərə ziyan dəyib, insanlar həm maddi, həm də mənəvi itkilərlə üzləşiblər. Eyni zamanda infrastruktur ciddi zərər görüb. Yollar yararsız hala düşüb, elektrik və rabitə xətləri zədələnib, su təchizatında problemlər yaranıb və bu da gündəlik həyatın normal axarını pozub. Bu hadisələr bir daha göstərir ki, təbii fəlakətlərə qarşı dayanıqlı və sistemli yanaşma həm dövlət, həm də cəmiyyət üçün strateji əhəmiyyət daşıyır. Əsas müzakirə mövzularından biri isə zərərin kim tərəfindən qarşılanmalı olmasıdır. Qanunvericiliyə əsasən, fövqəladə hallarda dövlət qurumları müəyyən tədbirlər görür və zərərin aradan qaldırılmasına dəstək verir”.
O qeyd edib ki, sığorta mexanizmlərinin inkişafı və əhatə dairəsinin genişləndirilməsi vacibdir:
“Sığorta şirkətlərinin məsuliyyəti artırılmalı, vətəndaşların hüquqları tam şəkildə qorunmalıdır. Lakin eyni zamanda vətəndaşların da üzərinə məsuliyyət düşür. Təəssüf ki, praktikada bir çox hallarda insanlar əmlaklarını sığortalamağa maraq göstərmir, lakin hadisə baş verdikdən sonra kompensasiya gözləyirlər. Halbuki mövcud mexanizm bu şəkildə işləmir. Sığortalı həyat daha təhlükəsiz və rahat həyat deməkdir. Unutmaq olmaz ki, hadisə bir dəfə baş verir, lakin onun fəsadları uzun müddət davam edə bilər. Buna görə də vətəndaşların öz daşınar və daşınmaz əmlaklarını vaxtında sığortalamaları vacibdir”.
Qeyd edək ki, son iki gün ərzində Bakıya və Abşeron yarımadasına rekord yağışlar yağıb. Yağıntının miqdarı normadan 6 dəfə çox olub. Rəsmi açıqlamada bildirilir ki, sonuncu dəfə Bakı belə yağışı 1988-ci ildə görmüşdü.