RU

Bakıda həyatı iflic edən yağışda kimlər sinifdə qaldı ? Məmur məsuliyyətsizliyi, yoxsa ...

Azxeber.com portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Neçə gündür davam edən güclü yağışlar nəticəsində paytaxtda və ölkənin bir sıra bölgələrində həyat çətinləşib. Yağış suları bir çox ev və həyətləri su altında qoyub, sakinlər əmlaklarına zərər dəydiyini bildiriblər. Xüsusilə aşağı ərazilərdə yerləşən evlərdə su səviyyəsinin yüksəlməsi bəzi küçə və yolların keçilməz hala gəlməsinə səbəb olub.

Hadisə nəticəsində nəqliyyatda ciddi problemlər yaranıb, bir sıra avtomobillər yolda qalıb, ictimai nəqliyyatın hərəkətində fasilələr yaranıb. Sakinlər evlərini tərk etməkdə çətinlik çəkdiklərini deyirlər. Yerli əhali bildirir ki, evlərində mebel, texnika və şəxsi əşyalar suya qərq olub. Yağışın yaratdığı fəsadlar nəticəsində elektrik və su təminatında da problemlər yaşandığı qeyd olunur.

Ekoloq Qorxmaz İbrahimli AZXEBER.COM-a açıqlamasında bildirib ki, yağan yağışlar ekoloji baxımdan müsbət haldır:

"Yağan yağışlar ekoloji baxımdan müsbət haldır. Abşeron yarımadasına yağan yağış çox faydalıdır və bu il məhsuldar ilin olması gözlənilir. Bu, meyvə-tərəvəz və kənd təsərrüfatının daha yaxşı inkişaf etməsi baxımından müsbət təsir göstərə bilər və nəticədə məhsulların qiymətində ucuzlaşma ola bilər. Həmçinin, yağış havanı təmizləyir və ekoloji vəziyyətin yaxşılaşmasına xidmət edir”.

O qeyd edib ki, su altında qalan evlər sığortalı olsaydı, vəziyyət daha asan idarə edilə bilərdi:

"Şəhərdə evlərin su altında qalması məmur məsuliyyətsizliyi və korrupsiyanın nəticəsidir. Bu evlər sığortalı olsaydı, vəziyyət daha asan idarə edilə bilərdi. Lakin sığortalamaq çox vaxt mümkün olmur, çünki sığorta üçün evlərə qanuni çıxarış verilməlidir. Əgər icra hakimiyyəti çıxarış verməyibsə, vətəndaşlara kompensasiya ödənilməsi dövlət və ya məsul şəxslər tərəfindən həyata keçirilməlidir”.

Hüquqşünas Babək Umudov AZXEBER.COM-a açıqlamasında bildirib ki, yaranmış vəziyyət kanalizasiya sistemlərinin nasazlığı və ya fövqəladə təbiət hadisəsi kimi qiymətləndirilə bilər:

"Müşahidə etdiyim qədərilə kütləvi informasiya vasitələrində dövlət orqanlarının rəsmiləri çıxış edərək yağan yağışların normadan dəfələrlə artıq olduğunu, kanalizasiya sistemlərinin bu qədər yağışa hesablanmadığını bildirir və məsuliyyətdən yayınmağa çalışırlar. Belə olan halda sakinlərə və sahibkarlara dəymiş zərərin dövlətdən tələb edilməsi üçün şəhərin kanalizasiya sistemlərinin faktiki olaraq nasaz vəziyyətdə olduğunu sübut etmək lazımdır. Ancaq bunu sübut etmək demək olar ki, qeyri-mümkündür”.

O vurğulayıb ki, sakinlərin və sahibkarların yeganə ümid yeri icbari və ya könüllü sığortadır:

"Yaşanan subasma hadisələri təkcə kanalizasiya sistemlərinin nasaz olması və ya yağış sularını daşıya bilməməsindən deyil, eləcə də yol infrastrukturunun düzgün qurulmamasından qaynaqlana bilər. Hər bir halda dövlət orqanları bu məsuliyyəti üzərinə götürməyəcəyi üçün bu kimi çatışmazlıqları sübut etmək vətəndaşların və sahibkarların üzərinə düşür. Odur ki, sakinlərin və sahibkarların yeganə ümid yeri icbari və ya könüllü sığortadır, əlbəttə ki, bunu əvvəlcədən ediblərsə. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən daşınmaz əmlakın icbari sığortası tələb olunur. Mənzillərdən və fərdi yaşayış evlərindən fərqli olaraq, ticarət obyektlərinə münasibətdə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası da aparılmalıdır. Son günlər yaşanan subasma hallarına görə dəymiş zərərlərə görə bu sığorta şəhadətnamələri vasitəsilə kompensasiya tələb etmək mümkündür”.

Şahanə Ziyad

Yazı Medianın İnkişafı Agentliyinin "⁩Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda dərc edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
67
azxeber.com

1Источники