RU

“Mədəni irsə hücum bəşəriyyətin mədəni kimliyinə qarşı təhdiddir” - SƏFİRLİK

Yazını böyüt
Yazını kiçilt

“Hər hansı bir dövlətin tarixi və mədəniyyət obyektlərinə qarşı törədilən hücumlar, siyasi və ya hərbi motivlərdən asılı olmayaraq, nəinki həmin dövlətin milli suverenliyinə qəsd sayılır, həm də bəşəriyyətin ümumortaq irsinə qarşı birbaşa təcavüz kimi xarakterizə olunur. ABŞ və İsrailin İranın tarixi mərkəzlərinə yönəlmiş hərbi addımları beynəlxalq hüququn imperativ normaları ilə köklü ziddiyyət təşkil edir və beynəlxalq birlik tərəfindən qətiyyətlə pislənilməlidir”.

Bu sözlər İranın ölkəmizdəki Səfirliyindən Hafta.az-a daxil olan bəyanatda qeyd olunur.  Bildirilir ki, "Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının müddəalarına əsasən, razılığa gələn tərəflər mədəni mülkiyyətin hər hansı bir formada dağıdılmasından, təxribatından və ya hərbi məqsədlər üçün istismarından çəkinmək barədə hüquqi öhdəlik daşıyırlar. Mədəni irsin mühafizəsi üzrə fundamental beynəlxalq sənəd olan bu Konvensiya təsdiq edir ki, mədəniyyət inciləri xalqların milli kimliyinin bir hissəsi olmaqla yanaşı, bütün bəşəriyyətin mənəvi sərvətidir; onların qəsdən məhv edilməsi isə bəşəriyyət əleyhinə cinayət mahiyyəti daşıyır. Dolayısı ilə, bu cür məkanların hədəf seçilməsi beynəlxalq paktların və konvensiyaların kobud şəkildə pozulmasıdır.

“Bundan əlavə, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu, tarixi, mədəni və dini abidələrin qəsdən məhv edilməsini birbaşa "müharibə cinayəti" kimi tövsif edir. Sözügedən Statutun 8-ci maddəsi mədəniyyət və elm ocaqlarına, tarixi abidələrə və ibadət evlərinə qarşı hücumları qəti şəkildə qadağan etmişdir. Lakin İranın ərazi bütövlüyünə təcavüz edən ABŞ və İsrail qüvvələri beynəlxalq hüquqi prinsiplərə məhəl qoymayaraq, aşkar şəkildə İranın tarixi mərkəzlərinə raket zərbələri endirməkdədir.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsi də güc tətbiq etməmək və dövlətlərin ərazi bütövlüyünə hörmət prinsiplərini xüsusi olaraq vurğulayır. Təhlükəsizlik Şurasının icazəsi olmadan həyata keçirilən hər hansı hərbi fəaliyyət bu fundamental prinsipin pozulması hesab edilir. Beləliklə, İranın tarixi məkanlarına hücum edilməsi nəinki mədəni nöqteyi-nəzərdən, həmçinin hüquqi və siyasi baxımdan da əsaslandırıla bilməz” deyilən bəyanatda qeyd olunur ki, burada nəzərdən qaçırılmamalı olan digər bir məqam isə UNESCO da daxil olmaqla beynəlxalq mədəniyyət təsisatlarının üzərinə düşən məsuliyyətdir. Səfirlik qeyd edir ki, ümumdünya irsinin qorunmasına məsul olan bu təşkilatın vəzifəsi sözügedən təhdidlər qarşısında şəffaf və qətiyyətli mövqe nümayiş etdirməkdir. Şübhəsiz ki, tarixi abidələrin dağıdılmasına qarşı sükut nümayiş etdirmək, bu qurumun ən ali məqsədlərindən birinə göz yummaq mənasına gəlir.

“Eyni zamanda, bütün dünyadakı mədəniyyət mərkəzləri, universitetlər, elmi birliklər və mülki cəmiyyət institutları bu cür aktlara qarşı reaksiya verməlidirlər. Mədəni irsin məhv edilməsinə etiraz etmək siyasi bir mövqe deyil, əksinə, bəşəri və əxlaqi bir məsuliyyətdir. Tarix və mədəniyyət sərhəd tanımır; onların məhvi bütün bəşəriyyət üçün kompensasiya edilməsi mümkün olmayan bir itki olacaq. Xüsusilə qeyd edilməlidir ki, 28 fevral 2026-cı il tarixindən bu günədək ABŞ-nin və cinayətkar İsrail rejiminin İrandakı mülki hədəflərə qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi təcavüz nəticəsində, müxtəlif vilayətlərdə 120-dən çox muzey, tarixi abidə və mədəniyyət ocağına ciddi zərər dəyib. Bu silsilədən, İranın ən möhtəşəm tarixi məkanlarından sayılan Tehrandakı Gülüstan Sarayının aynakarlıq işləri, şəbəkəli pəncərələri və kaşı işləmələri ağır dağıntılara məruz qalıb. Bundan əlavə, Sədabad və Mərmər saraylarına, Tehran Erqinə, Azadlıq Qülləsinə və Tehran Böyük Bazarına da ciddi ziyan vurulub. İsfahan şəhərində isə bəşəriyyətin ortaq irsi olan Çehel-Sütun Sarayı, Nəqşi-Cahan Meydanı və Məscid kompleksinə böyük zərərlər yetirilib. İranın qərbində isə Fələk-ül Əflak Qalası və Sənəndəc şəhərindəki bir sıra tarixi imarətlər ağır zədələnib. Bəşər tarixinin düşmənləri tərəfindən törədilən bu cinayətkar aktlar faciənin dərinliyindən xəbər verir və bu canilərə qarşı qlobal kollektiv fəaliyyətin zəruriliyini ortaya qoyur”, - bəyanatda qeyd olunur.

Sonda Səfirlik bir daha vurğulayıb ki, mədəni irsin qorunması qlobal öhdəlikdir və bu irsə qarşı hər hansı hücum beynəlxalq hüququn mübahisəsiz prinsiplərinin pozulması, eləcə də bəşəriyyətin mədəni kimliyinə qarşı təhdid hesab olunur. Bu baxımdan, beynəlxalq ictimaiyyət vahid, mütəşəkkil və sarsıdıcı bir səslə ABŞ və İsrail hərbçilərinin bəşəri irs əleyhinə yönəlmiş bu cinayətkar əməllərini məhkum etməli, bu cür halların təkrarlanmaması üçün effektiv və çəkindirici tədbirlər görməlidir.

Избранный
47
hafta.az

1Источники