Konkret.az saytına istinadən ain.az xəbər verir.
Azərbaycanda yanacaq qiymətləri ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Qlobal bazarlarda baş verən geosiyasi gərginliklər və enerji qiymətlərindəki dalğalanmalar fonunda ölkə daxilində də mümkün dəyişikliklər diqqətlə izlənilir. Bu isə xüsusilə ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar üçün mühüm suallar doğurur: görəsən, yanacaq qiymətləri artarsa, bu, ictimai nəqliyyat tariflərinin bahalaşmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırkı şəraitdə Azərbaycanda yanacaq qiymətlərinin artımı üçün əsaslı iqtisadi səbəblər görünmür.

Onun sözlərinə görə, ölkə özü neft istehsalçısıdır və daxili tələbat üçün dizel və A-92 benzini istehsal edir.
Ekspert qeyd edib ki, son dövrlərdə dünyada müşahidə olunan qiymət artımları daha çox geosiyasi gərginliklərlə bağlıdır. Xüsusilə, Körfəz ölkələri və İran ətrafında baş verən proseslər bazara psixoloji təsir göstərir. Lakin bu amillər uzunmüddətli deyil:
“Bu qiymət artımları iqtisadi səbəblərdən qaynaqlanmır. Müharibə və gərginlik fonunda yaranan müvəqqəti təsirlərdir. Gərginlik azaldıqdan sonra qiymətlər yenidən enə bilər”, – deyə o, vurğulayıb.
Natiq Cəfərli hesab edir ki, belə bir vəziyyətdə ictimai nəqliyyat tariflərinin artırılması üçün də əsas yoxdur.
Onun fikrincə, yanacaq qiymətlərində real və davamlı artım baş vermədiyi halda, tariflərin bahalaşması iqtisadi baxımdan zəruri sayılmır.
Beləliklə, ekspertin qənaətinə görə, mövcud şəraitdə yanacaq qiymətlərində mümkün dalğalanmaların ictimai nəqliyyat tariflərinə təsiri gözlənilmir.
Aynurə İsmayıl
KONKRET.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.