RU

“E-Məhkəmə” labirintə çevrilib  – vəkillər yenilənmiş sistemdən narazıdır  

Azərbaycanda məhkəmə sisteminin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən ən mühüm layihələrdən biri hesab olunan “Elektron Məhkəmə” sistemi ilə bağlı narazılıqlar artır.

Musavat.com xəbər verir ki, bir sıra vəkillər sistemin yeni versiyasının əvvəlkindən daha mürəkkəb və qeyri-funksional olduğunu bildirərək açıq şəkildə etirazlarını ifadə ediblər. Vəkillərin sözlərinə görə, elektron ədalət mühakiməsini asanlaşdırmaq üçün yaradılan platforma hazırda istifadəçilər üçün əlavə çətinliklər yaradır.

 “Asan imza işləyir, amma E-Məhkəmə sisteminə daxil ola bilmirəm”

Vəkil Elçin Sadıqov sosial şəbəkədə yazdığı paylaşımda sistemə daxil olmaqda ciddi problemlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, digər dövlət platformalarında işləyən identifikasiya vasitələri “E-Məhkəmə” sistemində qəbul edilmir: “Elektron məhkəmə sisteminə asan imza ilə və sima ilə daxil ola bilmirəm. Yazır ‘daxil edilmiş məlumat uyğun deyil’. Məhkəmə iclaslarımın qrafikinə və digər məlumatlara baxa bilmirəm. Asan imza və sima bütün sistemdə işlədiyi halda niyə e-məhkəmədə işləmir?”

Vəkilin sözlərinə görə, bu problem səbəbindən məhkəmə iclaslarının qrafiki və proseslə bağlı digər vacib məlumatlara çıxış mümkün olmur. Digər vəkil Aqil Layıc isə sistemin yeni versiyasının əvvəlki ilə müqayisədə daha qeyri-praktik olduğunu bildirib. Onun fikrincə, əvvəlki platforma daha sadə və funksional idi:  “E-Məhkəmə sisteminin əvvəlki versiyası daha praktiki, daha sadə və işlək idi. İndiki versiya daha çox əlaqəsiz məlumatlarla doludur. Əvvəlki Beta versiya kimidir. Sadəcə bərbaddır”. Vəkil bildirir ki, sistemdə ən böyük problem işlərin siyahısına operativ çıxışın olmamasıdır. Onun sözlərinə görə, əvvəllər vəkil öz işlərinin siyahısını birbaşa paneldə görə bilirdisə, indi hər dəfə axtarış etmək məcburiyyətində qalır: “İşlərin siyahısını əvvəlki kimi görmək mümkün deyil. Gərək hər dəfə tapmaca kimi axtarış verəsən. Əvvəllər panel açılan kimi bütün işlər görünürdü”.

Aqil Layıc sistemdəki vizual və funksional dəyişiklikləri də tənqid edib. O qeyd edib ki, əvvəlki versiyada panel demək olar ki, tam şəkildə işlərin izlənməsinə xidmət edirdi. “Açılan ekran həcminin sadəcə 30 faizi işlərə ayrılıb. Amma əvvəl demək olar ki, 100 faiz idi. İşləri izləmək çox daha rahat idi”. Vəkil hesab edir ki, elektron sənəd dövriyyəsi sistemləri mürəkkəbliyə deyil, sadəliyə və operativliyə əsaslanmalıdır.

Vəkil həmçinin xatırladıb ki, “Elektron Məhkəmə Sistemi” haqqında Əsasnaməyə görə platformanın əsas prinsipləri aşağıdakılardır: səmərəlilik, funksionallıq, operativlik və “bir pəncərə” prinsipi.

Onun fikrincə, mövcud vəziyyət bu prinsiplərlə ziddiyyət təşkil edir: “Elektron sənəd dövriyyəsi daha praktik və sadə olmalıdır. Mürəkkəblik və labirint deyil”. “Bu sistemdən ən çox istifadə edən vəkillərdir”.

Aqil Layıc hesab edir ki, sistemdə edilən dəyişikliklər zamanı vəkillərin rəyinin nəzərə alınmaması ciddi problemdir. Onun sözlərinə görə, “E-Məhkəmə” platformasından ən çox istifadə edənlər məhz vəkillərdir və buna görə də idarəetmə panelinin formalaşdırılmasında onların fikri əsas götürülməli idi. “Hesab edirəm ki, vəkillərin idarəetmə panelinin müqəddəratını vəkillər müəyyən etməli idi”.

Mütəxəssislər qeyd edirlər ki, elektron məhkəmə sistemləri ədalət mühakiməsinin sürətləndirilməsi və şəffaflığın artırılması üçün yaradılır. Lakin platformanın funksional problemlərlə üzləşməsi həmin məqsədlərin reallaşmasını çətinləşdirə bilər. Hazırda vəkillər sistemin əvvəlki versiyasının bərpa olunmasını və ya mövcud platformanın ciddi şəkildə təkmilləşdirilməsini tələb edirlər. “E-Məhkəmə” sistemi ilə bağlı səslənən tənqidlər göstərir ki, rəqəmsal məhkəmə infrastrukturu sahəsində aparılan islahatlar hələ də müzakirə mövzusu olaraq qalır.

 

E.Məmmədəliyev,
Musavat.com

Избранный
17
musavat.com

1Источники