İranın mərhum ali dini lideri Seyid Əli Xameneinin öldürülməsindən bir aydan artıq vaxt keçir. Lakin onun dəfn edilməsi ilə bağlı heç bir rəsmi məlumat verilməyib.
Səbəb nədir - müharibənin davam etməsi, yoxsa yeni ali dini liderin tam sağalıb dəfn mərasiminə qatılmasının gözlənilməsi?
Deputat, dinşünas alim Ceyhun Məmmədov Musavat.com-a bildirib ki, şəriət nöqteyi-nəzərindən dünyasını dəyişən insan ən qısa vaxtda dəfn edilməlidir:
“Şəriətə görə dünyasını dəyişən insanın cənazəsinin uzun müddət saxlanılması düzgün sayılmır. Tövsiyə olunur ki, elə həmin gün dəfn olunsun. Hesab edirəm ki, Xameneinin dəfn edilməməsi sırf təhlükəsizliklə bağlı bir məsələdir. Xamenei elə bir şəxsdir ki, onun dəfnində milyonlarla insan iştirak edə bilər və bu da bombardman altında olan bir ölkədə təhlükəsizlik baxımından müəyyən problemlər yarada bilər”.
Ceyhun Məmmədovun sözlərinə görə, Xameneinin dəfn olunduğu ehtimal edilir:
“Sadəcə, dəfn ictimailəşdirilməyib. Bu da təhlükəsizliklə bağlıdır”.
Etibar Seyidağa,
Musavat.com