RU

Qismət Alıyev: Əsas hədəf Millətlər Liqasında D Liqasından C Divizionuna yüksəlməkdir MÜSAHİBƏ

Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

"FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olan futbol üzrə Azərbaycan millisinin və “Zirə” komandasının müdafiəçisi Qismət Alıyev AZƏRTAC-ın suallarını cavablandırıb.

- Azərbaycan millisi FIFA-nın təşkil etdiyi turnirin qalibi oldu. Yığmanın yarış ərzində Sent Lüsiya (6:1) və Syerra Leone (1:1, p.9:8) ilə keçirdiyi oyunlar haqqında fikirləriniz maraqlıdır...

- Bu turnir millimiz üçün çox faydalı oldu. Qarşıdan Millətlər Liqası gəlir. Bu oyunlar baş məşqçidə futbolçuların seçimi ilə bağlı fikir formalaşdırır. Düşünürəm ki, haradasa alınan da, alınmayan da məqamlar oldu. Bundan sonra yay toplanışı olmalıdır. Orada da iki yoldaşlıq görüşümüz var. Əsas hədəfimiz tam optimal forma ilə Millətlər Liqasına hazırlaşmaqdır.

- Sizcə, rəqiblər asan idi, yoxsa millimiz güclü idi?

- Məsələn, Fransa kimi yığma ilə eyni səviyyədə olmasaq da, mübarizə apardıq. Biz milli formanı geyiniriksə, rəqibdən asılı olmayaraq, həmin turnirdə maksimum nə varsa, ortaya qoymağa çalışırıq. İlk oyunda rahatlıqla qələbə qazansaq da, ikinci matçda özümüz də gördük ki, rəqib həqiqətən də dişli idi. Sonda penaltilərlə də olsa, qələbə qazanıb turnirin qalibi olduq.

- Uzunmüddətli uğursuz seriyadan sonra ardıcıl gələn bu qələbələr komanda üçün psixoloji baxımdan nə dərəcədə əhəmiyyətlidir və bunu bir dönüş nöqtəsi hesab etmək olarmı?

- Uzun zamandır uğursuz seriyamız var idi. Bu iki oyunda qalib gəlmək fikrimcə, dönüş nöqtəsidir. Yayda da yoldaşlıq oyunları var. Artıq qələbəsiz seriyanı qırıb, qələbə seriyası ilə davam etmək istəyirik. Ancaq qələbələrlə Millətlər Liqasına getmək istəyirik. Düşünürəm ki, bu oyunların bizim üçün faydası var.

- Millətlər Liqasındakı rəqibləriniz - Litva və Lixtenşteyn barədə nə deyə bilərsiniz?

- İlk baxışdan bu dəqiqə üçün zəif komanda yoxdur. Heç bir komanda rahatlıqla qələbə qazana bilmir. Rəqiblərimizdən olan Litva Gürcüstan millisi ilə qarşılaşmanın ilk hissəsində pis oyun göstərmirdi. Komanda demək olar ki, Gürcüstan kimi seçmə ilə başa-baş mübarizə aparırdı. Sonda 0:2 hesabı ilə məğlub olsalar da, həqiqətən də dişli rəqibdir. Yəni düşünürəm ki, hər iki oyun bizim üçün önəmlidir və məqsədimiz bəllidir. D Liqasından C Liqasına yüksəlmək istəyirik.

- Premyer Liqada hazırda 42 xalla 4-cü pillədə qərarlaşan “Zirə”nin avrokubok şanslarını necə dəyərləndirirsiniz?

- Qarşıda bizi kubok matçı gözləyir. Güclü komanda ilə oynayacağıq. Yaxşı hazırlaşıb oyunu qələbə ilə başa vurmaq istəyirik. Eyni zamanda, çempionatda da məqsədlərimiz var. Ümumilikdə vəziyyət belədir ki, bizdən aşağıda olan komandalar 3–5 xal geridədir. Düşünürəm ki, indidən qəti nəsə demək çətindir. Növbəti oyunlarda kim daha yaxşı hazırlaşsa və daha diqqətli olsa, avrokuboklara vəsiqəni də o qazanacaq.

- Karyeranızı Avropada davam etdirməyi düşünürsünüz?

- Bu dəqiqə hələ heç bir fikrim yoxdur. Qarşıda “Zirə” ilə çox vacib oyunlarımız var. Bu dəqiqə o barədə düşünmürəm. Mövsümün sonunda müqaviləm bitəcək, ondan sonra götür-qoy edəcəyik.

- Klubla yeni sözləşmə ilə bağlı danışıqlarınız olub?

- Bəli, danışıqlarımız olub. Amma özümü mövsümün sonuna kimi əldə edəcəyimiz nəticələrə kökləmişəm. Ümid edirəm ki, nəticələr istədiyimiz kimi alınar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
4
icma.az

5Источники