RU

31 Mart soyqırımı: erməni vandalizminin cinayətkar siması

Asif Əsgərov

Milli Məclisin deputatı

Son iki əsr ərzində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə məkrli siyasət nəticəsində xalqımıza məxsus tarixi mədəni abidələr və yaşayış məskənləri viran edilmişdir.

XIX əsrin əvvəllərindən başlayaraq bölgədə demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsi, azərbaycanlı əhalinin tarixi torpaqlarından sıxışdırılması və kütləvi köçürmələr planlı şəkildə həyata keçirilmişdir. Erməni millətçilərinin irəli sürdüyü mifik “Böyük Ermənistan” ideyası bu proseslərin ideoloji əsasını təşkil etmiş, nəticədə etnik təmizləmə, deportasiya və kütləvi qırğınlarla müşayiət olunan faciələr baş vermişdir.

1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr isə həmin siyasətin ən qanlı mərhələlərindən biri kimi tarixə düşmüşdür. Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur, Lənkəran və digər bölgələrdə dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla qırğınlar törədilmişdir. On minlərlə insan yalnız etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəni və dini irs məhv edilmişdir. Bu hadisələr mülki əhaliyə qarşı yönəlmiş məqsədli soyqırımı siyasətinin tərkib hissəsi idi. Qadın, uşaq və yaşlı insanların xüsusi qəddarlıqla öldürülməsi, yaşayış yerlərinin yandırılması və əhalinin kütləvi şəkildə didərgin salınması cinayətlərin mahiyyətini açıq şəkildə ortaya qoyur.

Aparılmış tədqiqatlar göstərir ki, 1918-ci il hadisələri geniş əraziləri əhatə etmişdir. Şamaxıda minlərlə insan qətlə yetirilmiş, onlarla kənd yerlə-yeksan edilmişdir. Quba qəzasında yüzdən artıq yaşayış məntəqəsi dağıdılmış, minlərlə insan həyatını itirmişdir. İrəvan quberniyasında isə yüz minlərlə azərbaycanlı doğma yurdlarından qovulmuş və ya məhv edilmişdir. Quba şəhərində aşkar edilmiş kütləvi məzarlıq bu faciələrin ən dəhşətli sübutlarından biridir. Aparılmış araşdırmalar nəticəsində burada qadın və uşaqların da daxil olduğu yüzlərlə insanın xüsusi qəddarlıqla qətlə yetirildiyi müəyyən edilmişdir. Bu faktlar soyqırımının miqyasının nə qədər geniş və ağır nəticələrə səbəb olduğunu bir daha təsdiqləyir.

Ulu Öndər Heydər Əliyev tərəfindən atılan məqsədyönlü addımlar nəticəsində 31 Mart soyqırımı dövlət səviyyəsində qiymət verilmiş, bu hadisələrin araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində sistemli iş aparılmağa başlanmışdır. Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılmışdır. Quba şəhərində Soyqırımı memorial kompleksinin yaradılması, müxtəlif dillərdə nəşrlərin hazırlanması, beynəlxalq konfrans və tədbirlərin təşkili bu sahədə görülən işlərin bariz nümunəsidir. Dövlətimizin başçısının 2018-ci il yanvarın 18-də 31 Mart soyqırımının 100 illiyi ilə bağlı imzalandığı Sərəncam isə bu prosesə yeni təkan verərək tarixi həqiqətlərin daha geniş miqyasda yayılmasına imkan yaratmışdır.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü milli yaddaşın formalaşması və qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu hadisələrin dərindən öyrənilməsi, mahiyyətinin düzgün dərk edilməsi və gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın mənəvi borcudur. Tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, saxta təbliğatın ifşa olunması və ədalətin bərpası istiqamətində fəaliyyət davamlı və məqsədyönlü şəkildə aparılır. Bu amil həm soyqırımı qurbanlarının xatirəsinə ehtiramın ifadəsi, həm də gələcəkdə belə faciələrin təkrarlanmaması üçün mühüm təminatdır.

Nəticə etibarilə, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində dərin iz buraxmış faciənin təzahürü olmaqla yanaşı, milli həmrəyliyin, tarixi yaddaşın və ədalət uğrunda mübarizənin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Bu həqiqətlərin yaşadılması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər gələcək nəsillər üçün də mühüm əhəmiyyət kəsb edir.

Избранный
5
2
sabahinfo.az

4Источники