RU

Vətəndaş etimadını gücləndirən xidmət modeli

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər Bakıda və ölkənin müxtəlif bölgələrində müşahidə olunan normadan artıq yağıntılar bir daha dövlət institutlarının operativliyini və funksionallığını ciddi sınaq qarşısında qoydu. Təbii fəlakətlərin yaratdığı çətinliklər fonunda ən çox diqqət çəkən məqamlardan biri isə Azərbaycan polisinin nümayiş etdirdiyi yüksək peşəkarlıq, çeviklik və vətəndaş yönümlü fəaliyyət oldu.

Gücləndirilmiş iş rejiminə keçən polis orqanları yalnız ictimai asayişin qorunması ilə kifayətlənməyərək, faktiki olaraq fövqəladə vəziyyət şəraitində xilasedici missiyanı da öz üzərinə götürdü. Bu isə bir daha sübut edir ki, müasir Azərbaycan polisi klassik hüquq-mühafizə çərçivəsindən çıxaraq çoxşaxəli funksiyaları icra edən, dövlət-vətəndaş münasibətlərində etibarlı körpü rolunu oynayan instituta çevrilib.

Yağıntıların intensivliyi nəticəsində paytaxtın və regionların bir sıra ərazilərində yolların su altında qalması, nəqliyyatın iflic vəziyyətə düşməsi, yaşayış evlərinin zərər görməsi kimi hallar qeydə alındı. Məhz belə bir məqamda polis əməkdaşları hadisələrə operativ müdaxilə edərək yollarda qalan sürücülərin təhlükəsizliyini təmin etdi, onları çətin vəziyyətdən çıxardı, alternativ marşrutların təşkili ilə nəqliyyatın hərəkətini bərpa etməyə çalışdı.

Bununla yanaşı, su basmış evlərdə yaşayan ailələrə, xüsusilə də uşaqlara və yaşlılara göstərilən kömək polis əməkdaşlarının humanist yanaşmasının bariz nümunəsinə çevrildi. Bir çox hallarda polis əməkdaşları riskli şəraitdə insanların təxliyəsini həyata keçirərək onların həyatını xilas etdi. Bu faktlar göstərir ki, Azərbaycan polisi yalnız qanunun icraçısı deyil, həm də sosial məsuliyyət daşıyan, cəmiyyətin ən həssas anlarında onun yanında olan bir qurumdur.

Diqqətlə analiz etsək görərik ki, bu proseslər dövlət idarəçiliyində koordinasiyanın və institusional hazırlığın yüksək səviyyədə olduğunu göstərir. Polis orqanlarının digər aidiyyəti qurumlarla sinxron fəaliyyəti, qərarların çevik qəbulu və icrası fövqəladə halların idarə olunması mexanizmlərinin effektivliyini ortaya qoydu. Bu isə son illərdə aparılan islahatların real nəticəsi kimi qiymətləndirilə bilər.

Eyni zamanda, qeyd olunmalıdır ki, polis əməkdaşlarının bu fəaliyyəti təkcə fövqəladə vəziyyətlərlə məhdudlaşmır. Onlar gündəlik olaraq cinayətkarlıqla mübarizə aparır, ictimai asayişi qoruyur, dövlətin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayırlar. Təbii fəlakət zamanı isə bu funksiyalara əlavə olaraq humanitar və xilasedici missiyanı da uğurla yerinə yetirmələri onların peşəkar potensialının genişliyini göstərir. Siyasi aspektdən baxıldıqda isə bu cür fəaliyyət dövlətə sədaqətin, xidmətin və rəhbərliyə bağlılığın real təzahürü kimi çıxış edir. Azərbaycan polisi öz əməli fəaliyyəti ilə dövlətin gücünü və vətəndaşa olan diqqətini nümayiş etdirir. Bu isə cəmiyyətdə dövlət institutlarına olan inamın daha da möhkəmlənməsinə xidmət edir. Ümumilikdə deyə bilərik ki, son günlər baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan polisi yalnız təhlükəsizlik təminatçısı deyil, eyni zamanda vətəndaşın ən çətin anında onun yanında olan, humanizmi və peşəkarlığı özündə birləşdirən mühüm dövlət institutudur. Bu isə müasir dövlətçiliyin əsas prinsiplərindən biri olan “dövlət vətəndaş üçündür” tezisinin praktik təsdiqi kimi dəyərləndirilə bilər.

Ramiz Alıyev

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
modern.az

1Источники