RU

Məhkəmə küçədə bacısını döyən qadını cəzadan azad etdi

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Zərifə Məmmədovanın (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, təqsirləndirilən şəxsin müdafiəçisinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətləri və dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib, Gəncə Şəhər Məhkəməsinin hökmü dəyişdirilib. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarının 5.1, 5.2.2 və 5.3-cü bəndlərinə əsasən Zərifə Məmmədova Gəncə Şəhər Məhkəməsinin hökmü ilə ona təyin edilmiş 1500 manat miqdarında cərimə cəzasından azad olunub, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.


İbtidai istintaq orqanı tərəfindən toplanmış materiallara görə, Zərifə Məmmədovaya Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Araşdırmalarla müəyyən edilib ki, hadisə 11 iyun 2024-cü il tarixdə, saat 13:05 radələrində Gəncə şəhəri, Atatürk prospekti 265 ünvanında yerləşən marketin qarşısında baş verib.


Belə ki, təqsirləndirilən şəxs bacısı, zərərçəkmiş Təhminə Məmmədova (adı, soyadı şərtidir) Zərifənin onun barəsində şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığını iddia edərək və bu səbəbdən xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Zərifə də bunu bəhanə gətirərək bacısı ilə ictimai yerdə mübahisə yaradıb. O, ətrafda olan şəxslərə məhəl qoymadan ictimai qaydanı kobud şəkildə pozaraq, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib.


İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs Təhminəni nalayiq ifadələrlə təhqir etdikdən sonra zor tətbiq edərək sağ yumruğu ilə onun burun nahiyəsinə qəsdən bir zərbə vurub. Nəticədə zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan qançır və şişkinlik xəsarətləri alıb ki, bu da sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət kimi qiymətləndirilib.


Bundan başqa, hadisə zamanı Təhminənin əlində olan ona məxsus mavi rəngli “Redmi Note 8” markalı mobil telefon yerə düşərək zədələnib və arxa hissəsi çatlayıb. Nəticədə zərərçəkmiş şəxsə 90 manat məbləğində maddi ziyan vurulub.


Beləliklə, Zərifə Məmmədova hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiqi və özgənin əmlakına ziyan vurulması ilə müşayiət olunan qərəzli xuliqanlıq kimi qiymətləndirilib.


Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Zərifə Məmmədova CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona 1500 manat məbləğində cərimə cəzası təyin edilib.

 

Kamal Məmmədov 

 

Tarix: 31 Mart 2026, 08:20   
Избранный
26
3
pravda.az

4Источники