RU

"İranda lider dəyişikliyi ehtimalı istisna edilmir" - Oqtay Qasımov

"Müctəba Xamenei atasının ölümündən az sonra onun yerinə keçdi, Ekspertlər Şurası 88 nəfərdən ibarət bir qurumdur və orada 59 nəfər onun lehinə səs verib. Onun seçkisi ilə bağlı sonradan müəyyən iddialar səsləndirildi, belə ki İran daxilində də onun seçiminə etiraz edənlərin olduğu ortaya çıxdı və hazırda onun səhhəti ilə bağlı müxtəlif ziddiyyətli məlumatlar verilməkdədir və İran tərəfi də onun yaralandığını etiraf edib. Onun mətbuata və ictimaiyyətə çıxmamasının əsas səbəblərindən biri kimi də onun təhlükəsizliyi ilə bağlı olduğu izah olunur və İran hakimiyyəti bu səbəbdən onun hazırda ictimaiyyətə çıxmasını məqsədəuyğun saymır. O ki qaldı onun üzə çıxmaması, yaxud səhhəti və ya vəfatı ilə bağlı hansısa bir hal baş verərsə, əlbəttə ki, yeni lider seçilə bilər. Amma bir daha qeyd edirəm ki, onun səhhəti ilə bağlı verilən rəsmi məlumat ondan ibarətdir ki, o yaralanıb və hazırda müalicə olunur, özünü yaxşı hiss edir və təhlükəsizlik səbəblərindən ictimaiyyət qarşısına çıxması məqsədəuyğun sayılmır. Əgər hansısa yeni dəyişiklik olarsa, bunun necə nəticələnəcəyini demək çətindir. Çünki ABŞ və İsrail İranda əməliyyatlara başlayanda əsas məqsədlərdən biri rejim dəyişikliyi və Xameneinin aradan götürülməsi idi ki, buna nail olunmadı, lakin rejimdə də ciddi dəyişiklik baş vermədi. Bundan sonrakı dövrdə də belə bir hal baş verərsə, münasibətlərin necə olacağını söyləmək çətindir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Qeyd edək ki, ABŞ-nin fevralın 28-də İrana qarşı həyata keçirdiyi hücumlarla başlayan münaqişə hazırda da davam edir. Zaman keçdikcə daha da kəskinləşən qarşıdurma İranın siyasi və hərbi elitasında ciddi itkilərlə müşayiət olunur. İlkin mərhələdə İranın ali dini lideri Əli Xamenei ailəsinin bir neçə üzvü ilə birlikdə öldürülüb, qısa müddət sonra isə onun oğlu Müctəba Xamenei ölkənin yeni rəhbəri elan olunub. Atasından fərqli olaraq, Müctəba Xamenei daha çox kölgədə qalan və ictimai çıxışları ilə tanınmayan bir fiqur kimi xarakterizə olunur. Onun son günlər ictimaiyyət qarşısına çıxmaması səhhəti və təhlükəsizliyi ilə bağlı suallar yaradıb. ABŞ Prezidenti Donald Tramp da onun öldüyü və ya ağır vəziyyətdə olduğu barədə iddialar səsləndirib.

Siyasi şərhçi qeyd edib ki, hazırkı şəraitdə qarşıdurmanın daha da gərgin fazaya keçdiyini müşahidə edirik.

Избранный
71
aznews.az

1Источники