RU

İndiki şəraitdə qızıl almaq sərfəlidirmi? KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qlobal iqtisadi qeyri-müəyyənlik, geosiyasi gərginliklər və maliyyə bazarlarındakı dalğalanmalar fonunda qızıl yenidən investorların diqqət mərkəzinə çevrilib. Xüsusilə, 2026-cı ilin əvvəlindən qiymətlərdə müşahidə olunan dəyişkən dinamika, həmçinin manatın sabit məzənnəsi fonunda Azərbaycan bazarında qızılın alınıb-alınmaması məsələsi aktuallaşıb.

Bəs hazırkı şəraitdə qızıl almaq sərfəlidirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, ümumilikdə qızılın qiymətləri ilə bağlı artım gözləntiləri hələ də qalmaqdadır:

“2026-cı ildə qızılın daha da bahalaşacağına dair proqnozlar mövcuddur. İlin əvvəlindən təxminən 4,5 faiz artım qeydə alınıb. Lakin İran–ABŞ gərginliyindən sonra qiymətlərdə 12-13 faizə qədər ucuzlaşma müşahidə olundu. Bu da göstərir ki, bazarda kifayət qədər volatillik var. İnvestisiya şirkətləri hesab edirlər ki, qızılın qiymətində artım davam edə bilər və bu baxımdan hazırkı dövr alış üçün münasib hesab olunur.”

İqtisadçı əlavə edib ki, bu proqnozlar tam sabit deyil və risklər nəzərə alınmalıdır:

“İlin əvvəlində də qızılın bahalaşacağı gözlənilirdi, amma mart ayında qiymətlərdə kəskin – təxminən 13 faiz azalma baş verdi. Bu isə onu göstərir ki, bazar proqnozlara həmişə uyğun hərəkət etmir. Qızıl alan şəxslər adətən müəyyən maliyyə imkanlarına sahib olur və riskləri düzgün qiymətləndirməlidirlər.

İnvestorlar portfellərini diversifikasiya etməli, yəni vəsaitlərini müxtəlif aktivlər arasında bölüşdürməlidirlər. Bu baxımdan qızıla da müəyyən pay ayırmaq olar. Nəticə etibarilə, qızılın alınıb-alınmaması ilə bağlı qərar hər bir investorun maliyyə imkanları, riskə yanaşması və uzunmüddətli hədəfləri nəzərə alınmaqla fərdi şəkildə verilməlidir.”

Beləliklə, mövcud iqtisadi şərtlər və bazar gözləntiləri qızılın potensial olaraq cəlbedici investisiya aləti olduğunu göstərsə də, dəyişkənlik və risk amilləri bu qərarın diqqətlə verilməsini zəruri edir.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
1
konkret.az

2Источники