RU

Bu avtomobilləri almaq istəyənlər OXUSUN: Qiymətlər BELƏ OLACAQ

Qlobal enerji bazarında artan qeyri-sabitlik, geosiyasi gərginliklər və müharibə riskləri fonunda avtomobil sənayesinin gələcəyi yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə, neft və benzin qiymətlərində baş verən kəskin dəyişikliklər istehlakçı davranışlarına təsir edərək alternativ enerji mənbələrinə marağı artırır. Bu kontekstdə elektroavtomobillərin bazardakı rolu və onların qiymət dinamikası daha çox diqqət çəkir.

Bəs mövcud qlobal enerji böhranı və müharibə şəraiti elektromobillərin qiymətində artıma səbəb olacaqmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, qlobal enerji böhranı və müharibə şəraiti avtomobil sənayesinə həm birbaşa, həm də dolayı təsirlər göstərir.

Bələdiyyələr

“Hazırda davam edən geosiyasi proseslər, xüsusilə enerji daşıyıcılarının təchizatında yaranan problemlər neft və benzin qiymətlərinin artmasına səbəb olub. Bu isə istehlakçıların alternativ enerji vasitələrinə, o cümlədən elektroavtomobillərə marağını artırır.
Benzin və dizel qiymətlərinin yüksəlməsi fonunda Avropada ikinci əl elektroavtomobillərə tələbat sürətlə artır. Bu tendensiya isə yeni elektroavtomobil modellərinə olan marağı gücləndirərək bəzi seqmentlərdə qiymətlərin artımını dəstəkləyir”.

Bununla yanaşı, Asif İbrahimov vurğulayıb ki, elektroavtomobillərin qiymətinə təsir edən əsas amillərdən biri batareya və xammal faktorudur.

“Batareya istehsalında istifadə olunan litium, kobalt kimi resursların böyük hissəsi məhdud sayda ölkənin nəzarətindədir. Qlobal ticarət siyasətində dəyişikliklər, tariflərin artması və logistika problemləri isə bu xammalın qiymətinə təzyiq göstərərək elektroavtomobillərin maya dəyərini yüksəldə bilər.

Qiymət artımı birbaşa qaçılmaz deyil. Lakin enerji qiymətlərinin yüksəlməsi elektroavtomobillərə tələbatı artırır, bu isə müəyyən modellərdə qiymətlərin yüksəlməsinə səbəb olacaq. Digər tərəfdən, ikinci əl bazarın aktivləşməsi qiymətlərin tam nəzarətsiz artmasının qarşısını ala bilər”, – deyə iqtisadçı əlavə edib.

Ekspertin fikrincə, yaxın gələcəkdə elektroavtomobil bazarında həm artım, həm də sabitləşdirici faktorlar paralel şəkildə təsir göstərəcək. Xüsusilə batareya xərclərinin artması və istehsalın məhdudlaşması qiymətlər üzərində təzyiq yarada bilər.
Nəticə etibarilə, qlobal enerji böhranı və müharibə şəraiti elektromobillərin qiymətlərində artım ehtimalını gücləndirsə də, bu proses avtomatik və qaçılmaz deyil. Bazar dinamikası, dövlət siyasətləri və alternativ təkliflər qiymətlərin formalaşmasında həlledici rol oynayacaq.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
31
1
konkret.az

2Источники