
“RM Sotheby's” hərrac evi aprelin sonunda ən nadir “Bugatti” modellərindən birini hərraca çıxaracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat hərrac evinin rəsmi saytında öz əksini tapıb.
Məlumata görə, söhbət 1990-cı illərin ikinci yarısında cəmi üç ədəd istehsal olunmuş “Bugatti EB112” modelindən gedir.
Dördqapılı fastbek üslublu bu avtomobil təxminən 30 illik ömrü ərzində cəmi 388 kilometr yol qət edib. Kolleksiyaçıya məxsus bu nümunənin 1,5 milyon avro ilə 2 milyon avro arasında satılacağı gözlənilir.
EB112 modeli 460 at gücünə malik 6,0 litrlik təbii aspirasiyalı mühərriklə təchiz edilib. Altı pilləli mexaniki transmissiya ilə birləşdirilmiş bu model avtomobilin 4,3 saniyəyə 100 km/saat sürət yığmasına və 300 km/saat maksimal sürətə çatmasına imkan verir.
Hərraca çıxarılan bu avtomobil 2015-ci ilə qədər Gildo Pastora məxsus olub.
Hazırda avtomobil ikinci sahibi tərəfindən satışa təqdim edilib.
Hərrac təşkilatçıları bildirirlər ki, bu satış müasir tarixdə faktiki olaraq yeganə “Bugatti” sedanına sahib olmaq üçün unikal imkandır.


