RU

Putin Rusiyanı yeni modelə keçirir –26 illik plan işə düşdü

"Financial Times" qəzetinin məlumatına görə, Rusiya hakimiyyəti Ukraynadakı müharibənin artan xərcləri fonunda iri biznes nümayəndələrindən dövlət büdcəsini dəstəkləməyi istəyib. Nəşr yazır ki, Prezident Vladimir Putin hərbi xərclərin artması səbəbindən büdcə kəsirinin genişlənməsi fonunda rus milyarderlərlə maliyyə dəstəyi imkanlarını şəxsən müzakirə edib.

Qəzetin mənbələrə istinadən verdiyi məlumata görə, 2025-ci ildə müdafiə xərcləri əvvəlki illə müqayisədə təxminən 42 faiz artıb və müharibə üçün ayrılan vəsaitin ümumi həcmi yüz milyardlarla dollar təşkil edir.

"The Bell" nəşrinin məlumatına görə, bəzi rus milyarderləri artıq maliyyə dəstəyində iştirak etməyə hazır olduqlarını bildiriblər. Onların sırasında Süleyman Kərimov və Oleq Deripaska da var. Sanksiyalara baxmayaraq, son illərdə rus milyarderlərinin sərvətinin artdığı qeyd olunur.

Globalinfo.az-a danışan politoloq Tamilla Qulami deyib ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başladığı vaxtdan etibarən Prezident Vladimir Putinin ölkənin iri biznes nümayəndələrinə, xüsusilə milyarder və oliqarxlara müraciətləri ilə bağlı məlumatlar vaxtaşırı gündəmə gəlib:

"İlk növbədə qeyd etmək lazımdır ki, hələ 2000-ci illərin əvvəllərindən etibarən Kremlin siyasəti oliqarxların siyasi ambisiyalarını məhdudlaşdırmaq, əvəzində isə onlara iqtisadi fəaliyyət üçün müəyyən imkanlar yaratmaq üzərində qurulmuşdu. Bu gün isə Kreml həmin milyarderlərə təqdim etdiyi imkanları ön plana çıxararaq, qarşılığında dəstək tələb edir. Bu, Rusiyanın idarəetmə modelinin xarakterik xüsusiyyətlərindən biridir - edilən güzəştlərin əvəzinin geri qaytarılması gözlənilir.

Qərbin sanksiyaları nəticəsində bəzi rusiyalı milyarderlər, məsələn, Roman Abramoviç və Alişer Usmanov xaricdəki aktivlərinin bir hissəsini itirib və müxtəlif məhdudiyyətlərlə üzləşiblər. Bu isə onların maliyyə imkanlarını müəyyən qədər zəiflədərək, Kremldən asılılıqlarını artırıb. Belə şəraitdə Putinin maliyyə dəstəyi tələbi həm iqtisadi zərurət, həm də siyasi nəzarət aləti kimi qiymətləndirilə bilər".

Politoloq bildirib ki, Rusiya kimi ölkədə açıq etiraz edənlərin sayı onsuz da məhduddur, xüsusilə müharibə dövründə siyasi risklər daha da yüksək olur:

"Buna baxmayaraq, dolayı narazılıq siqnalları müşahidə edilir. İnvestisiyaların azaldılması, kapitalın ölkədən çıxarılması cəhdləri və dövlət layihələrində passiv iştirak bu baxımdan nümunə göstərilə bilər. Digər tərəfdən, bəzi biznes qrupları Kremlə yaxınlığını qorumaq üçün bu tələbləri qəbul edir, müxtəlif fondlar, könüllü ianələr və dövlət sifarişləri vasitəsilə dəstək verir.

Ümumilikdə, bu proses Rusiyanın iqtisadi modelində daha dərin dəyişikliklərin göstəricisi kimi dəyərləndirilə bilər. Görünən odur ki, ölkə uzanan münaqişə fonunda getdikcə müharibə iqtisadiyyatına keçid edir: dövlət xərcləri artır, özəl sektorun sərbəstliyi azalır və resurslar prioritet olaraq hərbi-sənaye kompleksinə yönləndirilir. Bu isə uzunmüddətli perspektivdə iqtisadi artımı zəiflədə, innovasiyanı azalda və biznes mühitini daha qeyri-müəyyən edə bilər.

Bütün bunları nəzərə alaraq demək olar ki, Putinin milyarderlərdən maliyyə dəstəyi istəməsi təkcə qısamüddətli büdcə ehtiyacları ilə bağlı deyil. Bu, eyni zamanda siyasi loyallığın yoxlanılması, iqtisadi resursların mərkəzləşdirilməsi və müharibə şəraitində dövlətin biznes üzərində nəzarətinin gücləndirilməsi strategiyasının tərkib hissəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
50
olaylar.az

10Источники