RU

Estetik əməliyyatlar məhdudlaşdırılır? – Qadağalar tətbiq oluna bilər

Son illər estetik əməliyyatlara marağın artması cəmiyyətdə yeni bir tendensiya formalaşdırıb. Əgər əvvəllər yalnız burun əməliyyatları üstünlük təşkil edirdisə, bu gün bədənşəkilləndirmə, liposaksiya, sinə dikləşdirmə kimi müxtəlif müdaxilələr geniş yayılıb. Məsələ o həddə çatıb ki, artıq bu əməliyyatlara ictimai təpki yaranıb. Xeyli məşhur simalar, əsasən də bəylər buna irad bildirməyə başlayıblar.

Estetik əməliyyatların sayının artması və bəzi hallarda ölüm risklərinin olması nəzərə alınarsa, bu məsələnin Milli Məclisdə müzakirəyə çıxarılması və bəzi əməliyyatların qadağan olunması mümkündürmü?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib ki, hüquqi baxımdan dövlətin ictimai sağlamlığı qorumaq məqsədilə tibbi xidmətləri tənzimləmək səlahiyyəti mövcuddur.

Onun sözlərinə görə, bu çərçivədə riskli və ya elmi əsaslara söykənməyən tibbi müdaxilələrin məhdudlaşdırılması mümkündür:

“Lakin estetik cərrahiyyənin bütövlükdə qadağan edilməsi nə tibbi, nə də hüquqi baxımdan məqsədəuyğun hesab edilə bilməz. Çünki bu sahə yalnız estetik məqsədlərlə deyil, eyni zamanda psixoloji rifahın yaxşılaşdırılması və bəzi hallarda rekonstruktiv tibbi ehtiyacların qarşılanması baxımından da əhəmiyyətlidir. Bununla yanaşı, qadağalar əksər hallarda gözlənilən nəticəni vermir. Əksinə, belə yanaşma qeyri-leqal və nəzarətsiz xidmətlərin yaranmasına səbəb ola bilər ki, bu da pasiyentlərin sağlamlığı üçün daha böyük risklər yaradır”.

R.Mahmudovun fikrincə, məsələyə daha rasional yanaşma sərt qadağalardan deyil, effektiv tənzimləmə mexanizmlərinin tətbiqindən keçir:

“İlk növbədə estetik əməliyyatların yalnız müvafiq ixtisaslaşmaya malik həkimlər tərəfindən icra olunması təmin edilməlidir. Klinikaların texniki təchizatı, xüsusilə də reanimasiya imkanları ciddi nəzarətdə saxlanılmalıdır. Eyni zamanda, pasiyentlərin əməliyyat öncəsi tam və obyektiv şəkildə məlumatlandırılması, risklərin aydın izah olunması mütləq tələb kimi qoyulmalıdır. Bununla yanaşı, estetik tibbi xidmətlərin reklamı da tənzimlənməlidir. “Tam təhlükəsiz”, “risk yoxdur” kimi ifadələrin istifadəsi qadağan olunmalı, cəmiyyətə daha realist və məsuliyyətli mesajlar verilməlidir. Əlavə edim ki, bütün estetik müdaxilələrin nəticələrinin və mümkün ağırlaşmaların qeydə alındığı milli reyestrin yaradılması bu sahədə şəffaflığın və nəzarətin gücləndirilməsinə xidmət edə bilər”.

Deputat bildirib ki, Milli Məclis səviyyəsində estetik tibbi xidmətləri əhatə edən daha spesifik normativ bazanın formalaşdırılması məqsədəuyğun olardı:

“Bu, həm həkimlərin fəaliyyətini dəqiq çərçivəyə salacaq, həm də pasiyentlərin hüquqlarının daha effektiv qorunmasına şərait yaradacaq. Nəticə etibarilə, estetik əməliyyatlara marağın artması müasir dövrün reallığıdır və bu prosesi inzibati qadağalarla dayandırmaq mümkün deyil. Əsas məqsəd bu sahəni təhlükəsiz, şəffaf və peşəkar standartlara uyğun şəkildə tənzimləmək olmalıdır. Yalnız bu halda həm vətəndaşların sağlamlığı qoruna, həm də tibbin bu sahəsində yaranan risklər minimuma endirilə bilər”.

Избранный
4
3
konkret.az

4Источники