RU

Aydın Sezer: Regionda İrana qarşı yeni bir koalisiya formalaşır

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ, İran və İsrail arasında getdikcə sərtləşən qarşıdurma Yaxın Şərqi geri dönüşü çətin olan geosiyasi labirintə sürükləyir. ABŞ və İsrailin, İranda texnologiya universitetlərini hədəf alması, münaqişənin hərbi müstəvidən çıxaraq elmi infrastrukturu da əhatə edən yeni eskalasiya mərhələsinə keçdiyini ortaya qoydu. Diqqət çəkən təhlükəli məqamlardan biri isə region ölkələrinin də bu qarşıdurmaya cəlb olunması ehtimalıdır. Beynəlxalq mediada yer alan məlumatlara görə, beş ərəb ölkəsi İrana qarşı zərbələr endirmək üçün öz ərazilərindən istifadə imkanı yaradır. İddialardan sonra İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın verdiyi açıqlama diqqət çəkib. O, bildirib ki, region ölkələrindən birinin ABŞ-yə dəstəyi ilə İran adalarına hücum planları müzakirə edilir. İranın regiona yönələn sərt reaksiyası, hərbi əməliyyatların miqyasının artması ilə özünü büruzə verdi.

Mövzu ilə bağlı xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a bildirib ki, Körfəz ölkələrinin İsrail və ABŞ tərəfində mövqe tutması üçün strateji səviyyədə planlar həyata keçirilir:

“ABŞ və İsrailin son hərbi əməliyyatlarını əvvəlki mərhələlərdən fərqləndirən əsas amil, Körfəz ölkələrinin də İran əleyhinə formalaşan siyasi-hərbi xəttə inteqrasiya edilməsidir. Körfəz ölkələrinin ABŞ hərbi bazalarına yer verməsi ilə yanaşı, əraziləri İsrailin kəşfiyyat xidməti olan MOSSAD-ın da yuvasına çevrilib. Hətta onların Qətər və Səudiyyə Ərəbistanında terror aktları törədərək məsuliyyəti İranın üzərinə yıxmağa çalışdıqları ortaya çıxdı. Xatırlayırsınızsa, martın 19-da, aralarında Azərbaycan və Türkiyənin də olduğu 12 ərəb və müsəlman ölkəsi, İranı qınıyan sənədə izma atdılar”. 

Ekpertin sözlərinə görə hazırda Körfəz ölkələrinin İran təhdidi ilə üzləşməsi onları ABŞ və İsrailə yaxınlaşdırır:

“Müharibə sabah başa çatsa belə, İranda fars rejimi hakimiyyətdə olduğu müddətcə bu təhdid davam edəcək. Şübhəsiz ki, ABŞ və İsrailin, İrana həyata keçirəcəyi yerüstü əməliyyatlar Körfəz ölkələrinin dəstəyi ilə reallaşacaq. Hətta ABŞ bu prosesdə, onların sayəsində bir addım öndədir. Körfəz ölkələrinin İrana qarşı mövqe tutmalarının əsas səbəblərindən biri də onların idarəetmə sistemlərinin ABŞ-nin siyasi təsiri altında formalaşmasıdır”. 

A.Sezerin fikrincə, qısa müddət ərzində Körfəz ölkələrinin İsraillə “İbrahim sazişləri” imzalamasının şahidi ola bilərik: 

“Bu da regionda İrana qarşı yeni bir koalisiyanın formalaşmasına zəmin yaradacaq. Hətta İranda ABŞ və İsrail yönümlü rejim dəyişikliyi baş verərsə, bu ölkənin də sözügedən koalisiyaya daxil edilməsi qaçılmaz olacaq. Çünki Tel-Əviv rəhbərliyinin strateji hədəfi, Yaxın Şərqdən başlayaraq Cənubi Qafqaza qədər İsrailin siyasi təsir dairəsini genişləndirməkdir. ABŞ Prezidenti Donald Trampın ziddiyyətli açıqlamaları isə müharibənin gələcək istiqamətini dəqiq proqnozlaşdırmağı çətinləşdirir”. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
sherg.az

1Источники