RU

65 yaşlı qadının başına gələnlərə kimlər göz yumur? RƏSMİ QURUMLAR NİYƏ SUSUR?

ain.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son vaxtlar sosial şəbəkələrdə yaşlı qadının geniş müzakirə olunan müraciəti, yəqin ki, bir çoxunuzun diqqətindən yayınmayıb. Söhbət Daşkəsən rayonunun Qəbərtəpə kənd sakini, 65 yaşlı FirəngizƏliyevanın şikayətinə baxılmaması haqda müraciətindən gedir. 24 yaşlı Alıyev Elgün Əli oğlunu ittiham edən qadının sözlərinə görə, 2025-ci ilin iyul ayında sözügedən şəxs oğurluq məqsədilə evinə daxil olub və bu zaman ona zor tətbiq edərək, təcavüzə məruz qoyub.

İlk baxışda bu müraciət adi bir şikayət təsiri bağışlasa da, məsələnin dərinliyinə vardıqca ortaya çıxan məqamlar ciddi narahatlıq doğurur. Əvvəllər müraciəti sona qədər izləmədiyim üçün hadisənin mahiyyətini tam dərk etməmişdim. Lakin sonradan yayılan məlumatlar göstərir ki, burada təkcə bir şəxsin deyil, bütövlükdə hüquq sisteminə olan etimadın sınağa çəkildiyi bir vəziyyət mövcuddur.

Ən düşündürücü məqam isə ondan ibarətdir ki, müvafiq ekspert qurumları tərəfindən zorlama faktının təsdiqləndiyi iddia olunsa da, hüquq-mühafizə orqanlarının bu rəylərə münasibəti heç də adekvat deyil. Sual olunur, əgər ekspertiza rəyləri hüquqi qərarların verilməsində əsas rol oynamayacaqsa, o zaman bu qurumların fəaliyyəti hansı məqsədə xidmət edir? Dövlət büdcəsindən ayrılan vəsaitin, bu sahədə çalışan mütəxəssislərin əməyinin qarşılığı nə ilə ölçülür?

Bunlar təkcə bir hadisəyə deyil, ümumilikdə sistemin işləmə mexanizminə yönəlmiş ciddi suallardır. Günlərdir ki, zərərçəkmiş qadın sosial platformalar vasitəsilə Baş prokuror Kamran Əliyevə və daxili işlər naziri Vilayət Eyvazova səslənir, onlardan ədalətli araşdırma tələb edir. Təəssüf ki, əksər rəsmi media qurumları bu müraciəti görməzdən gəlir. Halbuki, bu kimi halların ictimailəşdirilməsi cəmiyyətin məlumatlandırılması ilə yanaşı, ədalətin bərqərar olunmasına da təkan verə bilər. Susmaq isə, əksinə, bu cür halların təkrarlanmasına zəmin yaradır.

Bir daha qeyd edək ki, iddialara əsasən, bu ağır cinayət faktı Daşkəsən Rayon Tibbi Ekspertiza Mərkəzi və Göygöl Rayon Tibbi Ekspertiza Mərkəzi tərəfindən təsdiqlənib. Bundan əlavə, Bakı Tibbi Ekspertiza Mərkəzində aparılan müayinələrin nəticələri də eyni qənaəti ortaya qoyub. Hazırlanmış rəy və sənədlər Daşkəsən Rayon Prokurorluğuna təqdim edilib.

Daha sonra zərərçəkmiş Gəncə Psixiatriya Xəstəxanasında müayinə olunub. Tural adlı həkim onunla söhbət aparsa da, tibbi rəy nə qadına, nə də yaxınlarına təqdim edilib. Bu isə əlavə suallar yaradır: niyə rəy gizli saxlanılır və ya təqdim olunmur?

Zərərçəkən bildirir ki, iş hazırda prokurorluğun icraatındadır, lakin bu günə qədər heç bir obyektiv və qəti qərar verilməyib. Nəticədə cəmiyyətdə belə bir təəssürat formalaşır ki, ya günahkar cəzasız qalır, ya da proses qəsdən uzadılır.

Digər tərəfdən, əgər ittiham olunan şəxs günahsızdırsa, bu halda ardıcıl şəkildə eyni nəticəni göstərən ekspertiza rəyləri necə izah olunur?

Unutmaq olmaz ki, bu gün belə hadisələrə göz yummaq, sabah onların artmasına şərait yaratmaq deməkdir. Ədalətin gecikməsi isə çox zaman ədalətin inkarı kimi qəbul olunur. Cəmiyyət bu kimi məsələlərdə aydınlıq, şəffaflıq və qətiyyət gözləyir.

Zərərçəkmiş qadının müraciətinə qoşularaq biz dı “Hürriyyət” olaraq aidiyyəti qurumlardan xahiş edirik ki, bu məsələ ətraflı araşdırılsın və günahkarın cəzasız qalmaması üçün müvafiq tapşırıqlar verilsin. Unutmayaq ki, bu məsələnin obyektiv, şəffaf və qanun çərçivəsində araşdırılması həm dövlət qurumlarına olan inamın qorunması, həm də gələcəkdə oxşar halların qarşısının alınması baxımından olduqca vacibdir.

Jalə FAMİLQIZI

Hurriyyet.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
hurriyyet.az

1Источники