Musavat.com xəbər verir ki, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff beynəlxalq forumda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev haqqında diqqətçəkən fikirlər səsləndirib.
O, çıxışında dünyada seçilən liderlərdən bəhs edərkən İlham Əliyevi xüsusi vurğulayıb və belə deyib:
“Dünyada bir sıra güclü liderlər var. Mən İlham Əliyevi xüsusi qeyd etmək istəyirəm. O, ölkəsini dəyişdirən xüsusi liderdir.”
Uitkoff qeyd edib ki, bu cür liderlər yalnız öz ölkələrində deyil, qlobal miqyasda da mühüm rol oynayırlar:
“Belə liderlər dünya üçün vacibdir, çünki onlar sabitlik yaradır və əməkdaşlıq üçün imkanlar açır.”
ABŞ rəsmisi əlavə edib ki, bu tip liderlərlə qurulan münasibətlər beynəlxalq siyasətdə mühüm əhəmiyyət daşıyır:
“ABŞ Prezidenti Donald Tramp məhz belə liderlərlə işləməyə üstünlük verir və bu, qlobal proseslərə müsbət təsir göstərir.”
Uitkoffun sözləri beynəlxalq auditoriyada diqqətlə qarşılanıb və Azərbaycan liderinin regional və qlobal siyasətdə artan roluna verilən qiymət kimi dəyərləndirilir.
Qeyd edək ki, Stiv Uitkoff bu fikirləri ABŞ-da keçirilən “FII PRIORITY 2026” forumunda çıxışı zamanı səsləndirib.
Musavat.com