Güclü yağışlar nəticəsində sel suları Qubanın Xınalıq kəndinə gedən avtomobil yolunda hərəkəti tamamilə dayandırıb.
Xezerxeber.az xəbər verir ki, dağlıq ərazidən keçən sel suları yolun bir hissəsini yuyub, asfalt örtüyündə çökmələr qeydə alınıb. Eyni zamanda, torpaq sürüşməsi baş verib və kəndlə nəqliyyat əlaqəsi kəsilib.
Eyni istiqamətdə yerləşən bir neçə kəndə də nəqliyyatın hərəkəti dayanıb.
Məlumata görə, yolun 31-ci kilometrliyində də suötürücülərin sırdan çıxması səbəbindən asfalt örtüyü dağılıb. Texnikalar vasitəsilə qaya parçaları yoldan təmizlənsə də, hərəkət bərpa olunmayıb.
Qeyd olunub ki, yolun bərpası və fəsadların aradan qaldırılması hava şəraiti sabitləşəndən və intensiv yağışın dayanmasından sonra mümkün olacaq. Sürücülərə və vətəndaşlara təhlükəsizlik məqsədilə həmin istiqamətdə hərəkət etməmələri tövsiyə olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.