
İranın ABŞ və İsrailin nüvə obyektlərinə davam edən hücumları səbəbindən Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmağı gündəmə gətirdiyi bildirilir.
AFN.az xəbər verir ki, İranın "Tesnim" xəbər agentliyinin məlumatına görə, ölkə parlamenti və təhlükəsizlik qurumları bu ehtimalı ciddi şəkildə müzakirə etməyə başlayıb.
Məlumatda vurğulanıb ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) müqaviləyə əsasən, İranın dinc nüvə texnologiyalarından istifadəsini qorumalı və dəstəkləməli olduğu halda, buna əməl etmir. Bunun əvəzinə, BAEA rəhbəri Rafael Mariano Qrossinin ABŞ və İsrailə İranın nüvə obyektlərinə qarşı nüvə silahından istifadə etmək üçün dolayısı ilə cəsarət verdiyi iddia olunur.
Bildirilir ki, nüvə müəssisələrinə hücumların davam etməsi və Agentliyin bu aktları pisləməkdən boyun qaçırması İran üçün müqavilədə qalma zərurətini aradan qaldırır. Agentliyin xəbərində həmçinin qeyd olunur ki, NPT-dən çıxmaq nüvə silahı hazırlamaq mənasına gəlmir, əksinə, BAEA müfəttişləri adı altında aparılan casusluq fəaliyyətlərinin qarşısını almaq məqsədi daşıyır.
Xatırladaq ki, Qrossi Amerikanın "CBS News" telekanalına müsahibəsində "Nüvə müharibəsi olmadığı müddətcə heç bir müharibə İranın nüvə potensialını tamamilə məhv edə bilməz" demişdi. İran rəsmiləri isə bu açıqlamanı hücumları pisləmək əvəzinə, İranın nüvə fəaliyyətlərini yox etməyin yolunu göstərmək kimi qiymətləndirərək Qrossini kəskin ittiham ediblər.