RU

Müharibənin BİR AYI: Ən dəhşətli SSENARİ bundan sonra baş tutacaq

Bu gün müasir tarixin ən təhlükəli və proqnozlaşdırılması çətin olan hərbi münaqişələrindən birinin – İran, İsrail və ABŞ arasındakı birbaşa qarşıdurmanın başlamasından düz bir ay ötür.

Ötən otuz gün ərzində dünya ictimaiyyəti onilliklərdir davam edən “kölgə müharibəsi”nin necə sürətlə açıq, şiddətli və qanlı bir müstəviyə keçdiyinin şahidi oldu. İlk günlərdə lokal raket zərbələri ilə başlayan bu gərginlik, hazırda regionun bütün hərbi və strateji arxitekturasını kökündən sarsıdır. Müharibənin hər keçən gün daha da qızışması, tərəflərin bir-birinin ən həssas hərbi-strateji nöqtələrini hədəf alması və diplomatik kanalların demək olar ki, tamamilə qapanması vəziyyəti “qarşısıalınmaz” bir mərhələyə gətirib çıxarıb. Artıq söhbət sadəcə bir neçə dövlətin maraqlarından deyil, bütövlükdə Yaxın Şərqin xəritəsinin yenidən cızılmasından və qlobal enerji təhlükəsizliyinin taleyindən gedir. Raketlərin intensivliyi, kiberhücumların miqyası və hərbi ritorikanın kəskinliyi göstərir ki, tərəflər üçün bu müharibə artıq bir varlıq-yoxluq müstəvisinə keçib.

CROSSMEDIA

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, münaqişənin bir ayı ərzində yaranan mənzərə beynəlxalq münasibətlər sisteminin iflic olduğunu sübut edir:

“Biz hazırda tarixin ən kəskin dönüş nöqtələrindən birini yaşayırıq. Bir ay əvvəl başlayan bu birbaşa hərbi toqquşma göstərdi ki, artıq proksi qüvvələrin (vasitəçi qrupların) dövrü bitib, dövlətlər özləri bir-birinə qarşı ölüm-dirim savaşına daxil olublar. İranın raket potensialını tam gücü ilə işə salması, İsrailin isə buna cavab olaraq İranın daxilindəki ən qorunan hərbi və logistik mərkəzləri vurması göstərir ki, artıq heç bir qırmızı xətt qalmayıb. ABŞ-nin regiona ən müasir hava hücumundan müdafiə sistemləri, əlavə aviadaşıyıcı qruplar və minlərlə şəxsi heyət yerləşdirməsi isə Vaşinqtonun bu prosesdə sadəcə dəstəkçi deyil, əsas hərbi komponentlərdən biri olduğunu təsdiqləyir. Müharibə elə bir həddə çatıb ki, hər hansı bir tərəfin bir addım geri çəkilməsi onun həm regionda, həm də daxili siyasətdə tam iflası demək olar. Bu səbəbdən hər iki tərəf vabank gedir və bu da müharibənin intensivliyini hər gün daha da artırır”.

O, qeyd edib ki, münaqişənin hazırkı fazası bütün qlobal iqtisadiyyat üçün “saatlı bomba” effektini yaradıb:

“Müharibənin qarşısıalınmaz vəziyyətə gəlməsinin kökündə dayanan əsas amil tərəflərin çıxarlarının heç bir nöqtədə kəsişməməsidir. İsrail öz təhlükəsizliyini tam təmin etmək üçün İranın hərbi-nüvə potensialını sıfırlamağa çalışır, Tehran isə regiondakı nüfuzunu qorumaq üçün bütün resurslarını, o cümədən strateji boğazlara nəzarət imkanlarını səfərbər edib. ABŞ isə bu tənlikdə həm İsraili qorumaq, həm də qlobal neft bazarının çökməsinin qarşısını almaq kimi çətin bir missiyanı icra etməyə çalışsa da, faktiki olaraq müharibənin alovunu söndürmək əvəzinə, onun bir hissəsinə çevrilib. Bu bir ayın acı reallığı odur ki, dünya artıq sülh danışıqlarından çox, genişmiqyaslı regional fəlakətin fəsadlarını necə minimuma endirmək barədə düşünür. Çünki bu müharibə dayansa belə, Yaxın Şərq artıq əvvəlki Yaxın Şərq olmayacaq və bu sarsıntının dalğaları hələ uzun illər bütün dünyada hiss ediləcək”.

Tunar
NOCOMMENT.az

Избранный
61
47
nocomment.az

10Источники