Leysan yağışları nəticəsində Xaçmaz rayonunun 33 yaşayış məntəqəsində 537 fərdi yaşayış evini su basıb.
SİA-nın bölgə müxbiri xəbər verir ki, bu barədə rayon icra hakimiyyətinin selin fəsadları ilə bağlı rəsmi açıqlamasında məlumat verilib.
Məlumatda qeyd olunub ki, aramsız yağan leysan yağışları və rayon ərazisindən keçən çaylarda əmələ gələn sel suları Xaçmaz ərazisində bir sıra fəsadlar törədib. Yağış və sel suları vətəndaşlara məxsus fərdi yaşayış evlərinə və təsərrüfat tikililərinə dolaraq ciddi ziyan vurub.
Leysan yağışları nəticəsində rayonun 33 yaşayış məntəqəsində 537 fərdi yaşayış evini su basıb. Həmçinin çaylarda əmələ gələn sel suları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan 1 avtomobil körpüsünə də ciddi ziyan vurub. Belə ki, Hülövlü–Qaracik Zeyid–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba–Sərkərli avtomobil yolunda yerləşən Cağacuq çayı üzərindəki avtomobil körpüsü tamamilə dağılıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birlikdə sel sularından ziyan dəymiş ərazilərə baxış keçirib, fəsadların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
14:30
Martın 27-dən yağan güclü leysan yağışları nəticəsində yaranan sel suları Xaçmazda ciddi fəsadlar törədib.
SİA-nın bölgə müxbiri xəbər verir ki, Ağçay çayı məcrasından çıxaraq Cıgatay kəndində onlarla evin həyətinə, zirzəmilərinə dolub. Bundan başqa, Qarğalıq, Qaraçı, İlxıçı kəndlərində də selin fəsadları qeydə alınıb.
Qusarçay və Qudayalçayda qeydə alınan sel isə Dədəli, Uzunoba inzibati ərazi dairələrindəki kəndlərə ziyan vurub.
Xaçmaz rayon fövqəladə hallar komissiyasının sədri Anar Oruclu bildirib ki, hazırda müvafiq dövlət qurumlarının canlı qüvvəsi və ağır texnikası fəsadların aradan qaldırılması üçün ərazilərə cəlb olunub. Cıgatay kəndində sel sularının istiqamətinin dəyişdirilməsi üçün iş aparılır.