Ekspertin fikrincə, buna səbəb İranla müharibə göstərilsə də, başqa mətləblər də var...
ABŞ müttəfiqlərinə Ukraynaya silah tədarükündə yaxın aylarda gecikmələr ola biləcəyi barədə xəbərdarlıq edib. Buna səbəb İranla müharibədir. Gecikmələr əsasən sursat və “Patriot” sistemləri üçün raketləri əhatə edəcək.Məlumata görə, məsələ Parisdə keçiriləcək G7 xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.
ABŞ-ın bu qərarı Ukrayna cəbhəsində hansı real boşluqlar yarada bilər? Bu vəziyyət Rusiyanın xeyrinə strateji üstünlük yarada bilərmi?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında deyib ki, ABŞ-ın Ukraynanı Rusiya qarşısında yalnız buraxması yenilik deyil: “ABŞ prezidenti Donald Tramp hələ hakimiyyətə gəlməmişdən əvvəl Rusiyayönümlü mövqeyi ilə diqqət çəkirdi. Hətta ilk hakimiyyəti dövründə onun Rusiyanın sponsorluğu ilə bu pilləyə yüksəldiyinə dair dedi-qodular vardı. Dedi-qoduların əsas səbəbi isə ABŞ-ın faktiki xarici işlər naziri hesab olunan dövlət katibliyi vəzifəsinə “ExxonMobil” şirkətinin Baş direktoru Reks Tillersonu gətirməsi idi. 2 ilə yaxın ABŞ Dövlət Departamentinin rəhbəri vəzifəsini icra edən Tillerson 1975-ci ildən “ExxonMobil”də işləmiş və iş yerini dəyişdirməmişdir. 2004-cü ildən isə bu şirkətin Baş direktoru vəzifəsinə yüksəlmişdi. Onun rəhbərliyi altında “ExxonMobil” Rusiya ilə yaxın əlaqələr qurmuş, “Rosneft”lə birgə bir çox layihələr həyata keçirmişdi. Hətta 2014-cü ildə Krım işğal olunanda Rusiyaya tətbiq olunan sanksiyalara qarşı çıxmış, onun ləğvini tələb etmişdi. Üstəlik, Tillerson vəzifədə olduğu müddətdə də NATO-dan çox Rusiyanın tərəfini tutan addımları ilə yadda qalmışdı. 2017-ci ildə NATO dövlətləri Ukrayna və IŞİD-ə qarşı mübarizə məsələlərini müzakirə etmək üçün Avropada toplananda Tillerson gərginliyi azaltmaq adıyla Moskvaya getmişdi. Bütün bunlar Trampın və komandasının Rusiyanın adamı olması barədə tezislərin ortaya atılması ilə nəticələnmişdi”.
Siyasi ekspert deyib ki, Trampın ikinci hakimiyyəti dövründə Rusiyaya meylliliyi daha da artıb: “Hələ Bayden dövründə ABŞ-nin Respublikaçılar Partiyasını öz ətrafına toplayan Tramp Ukraynaya maliyyə yardımı ayrılmasını əngəllədi. Hakimiyyətə gələndən sonra Zelenskini Vaşinqtonda qəbul edib aşağıladı. Ona “əlində Rusiyaya qarşı kartın yoxdur” deyib təslimiyyətə çağırdı. İndiyədək də bu fikirlərindən əl çəkmək istəmir".
Heydər Oğuz vurğulayıb ki, İranla müharibə başlayandan sonra isə Tramp ABŞ-nin Ukraynaya yardımlarını dayandırıb bütün silahlarını Yaxın Şərqə göndərməyə çalışır. Bu isə faktiki olaraq Ukraynanı Avropanın ümidinə buraxmaq deməkdir: “Amma Avropanın da Rusiyaya qarşı dirənmək gücü yoxdur. İranın Hörmüz boğazını bağlamasından sonra Avropa tamamilə Rusiyanın enerji resurslarından asılı vəziyyətə düşüb və müqavimətini uzun müddət davam etdirə bilməz. Yəqin ki, Tramp administrasiyası da bunun fərqindədir. Buna baxmayaraq, öz anti-Ukrayna siyasətini davam etdirir. Nəticədə Aİ ilə onsuz da rəvan olmayan münasibətləri daha da korlanır”.
Siyasi şərhçinin fikrincə, Tramp administrasiyasının bu mövqeyi tutmasının əsas səbəbi Respublikaçılar Partiyasının iqtisadi maraqları ilə bağlıdır: “Bəllidir ki, Respublikaçıların Rokfeller ailəsi ilə yaxın münasibətləri var. Hətta 1974-1977-ci illərdə respublikaçı prezident olan Gerald Fordun vitse-prezidenti Nelson Rokfeller bu ailənin ağsaqqallarından idi. Rokfeller ailəsinin Rusiya ilə əlaqələri isə daha əvvəlki tarixlərə qədər uzanır. 1920-1930-cu illərdə Rokfellerə bağlı şirkətlərin SSRİ ərazisində neft axtarışları, hasilatı ilə məşğul olduqları bildirilir. 1960-cı illərdə David Rokfellerin dəfələrlə Moskvaya səfəri və rus rəsmiləri ilə yaxın münasibətlər qurması da sirr deyil. Rokfeller ailəsinin himayəsi ilə ABŞ-da çox yüksək vəzifələrə qədər irəliləyən Henri Kissincerin 2000-ci illərin əvvəlindən hər il Moskvaya səfəri və Putin ilə ən azı 15 dəfə görüşməsi də təsadüfə bənzəmir. Haqqında danışdığım Reks Tillersonun 1975-ci ildən son illərə qədər rəhbərlik etdiyi “ExxonMobil” şirkəti də Rokfeller ailəsinə məxsusdur. Başqa sözlə desək, Tramp Rokfeller ailəsi ilə bağlıdır və bu ailə ABŞ-ın neft şirkətlərini öz əlində cəmləşdirir. İran isə ilk növbədə neft deməkdir. Onun yerləşdiyi Fars körfəzi də dünya neft ticarətinin ürəyi sayılır. Deməli, İrana və Fars körfəzinə nəzarət dünya iqtisadiyyatı üzərində hegemoniyanın möhkəmlənməsi anlamına gəlir. Fikrimcə, Trampın Ukraynadan çox İrana üstünlük verməsinin səbəbi də bununla bağlıdır. Sanki Rusiya ilə sövdələşməyə gedən Tramp hakimiyyəti Ukrayna qarşılığında İrana sahiblənmək istəyir. Nəzərə alsaq ki, Rusiya dünya neft ehtiyatının 5%-nə malikdir, onunla əməkdaşlıq da Rokfeller ailəsinin maraqlarına uyğundur. Bu mənada Trampın İrana xüsusi diqqəti başadüşüləndir”.
Xalidə Gəray
Musavat.com