Mart ayının 27-dən 28-i səhər saatlarınadək ölkə ərazisində müşahidə olunmuş intensiv xarakterli yağıntılar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, aparılmış monitorinqlərin nəticələrinə əsasən, ən çox artım Böyük Qafqazın Quba-Qusar, Dağlıq Şirvan və Şərqi Zəngəzur bölgələrindən axan çaylarda qeydə alınıb. Bəzi çaylarda isə qısamüddətli sel hadisələri baş verib:
"Böyük Qafqazdan axan çaylarda suyun səviyyəsi 2-61 sm artıb, Vəlvələçayda isə bu göstərici 196 sm təşkil edib. Hazırda Quba-Qusar və Dağlıq Şirvan bölgələrində bəzi çaylarda sel hadisələrinin davam etdiyi müşahidə olunur.
Qarabağ və Şərqi Zəngəzur bölgələrindəki çaylarda suyun səviyyəsi 2-78 sm yüksəlib, Zəngilan rayonu ərazisindən axan Bəsitçayda sel hadisəsi qeydə alınıb".
Məlumatda əlavə olunub ki, Kiçik Qafqaz, Naxçıvan Muxtar Respublikası və Lənkəran-Astara bölgələrindən axan bəzi çaylarda suyun səviyyəsi 4-19 sm artıb:
"Mövcud vəziyyət nəzarətdə saxlanılır, monitorinqlər davam etdirilir".
Telegram kanalımız