Dünən Azərbaycan və Sent-Lüsiya milli komandaları arasında keçirilən və futbolçularımızın böyükhesablı qələbəsi ilə (6:1) başa çatan qarşılaşma böyük rezonans doğurub. Sumqayıtda güclü yağışa baxmayaraq oyunu izləyənlər sırasında yığmanın keçmiş aparıcı müdafiəçisi, millidə 50-dən çox oyun keçirmiş Rail Məlikov da olub.
O, İdman.Biz-ə müsahibəsində meydanda gördüklərini şərh edib.
“Düzünü desəm, qələbə gözləyirdim, amma bu qədər böyük hesablı yox. Rəqib zəif idi, amma əsas odur ki, biz təxminən iki il davam edən qələbəsizlik seriyasına son qoyduq. Uşaqların milli komanda tarixində ən sürətli qolu vurmasına və rekord hesabla qələbə qazanmasına sevinirəm.
Bu oyunda məşqçinin əli görünürdü. Fasilədə kütləvi rotasiya etmək düzgün addım idi və bu, ehtiyatda olan demək olar ki, bütün futbolçuları işdə yoxlamağa imkan verdi. Əminəm ki, növbəti oyunda Sierra-Leone yığmasına qarşı ən azı uduzmayacağıq. Bu qarşılaşmalar Millətlər Liqasına start verməzdən əvvəl potensialın əla sınağıdır, burada isə komandamızın mümkün qədər tez D Liqasından çıxması sadəcə zəruridir”, - deyə Rail Məlikov bildirib.