RU

"Tehran və Təbrizdə raket zərbələrindən sonra yağış altında qalanlar bizim sosial şəbəkə “gəvəzələri”ndən daha soyuqqanlıdır"

"Bakıya yağış yağır. Normadan artıqdır? Bəli. Çətinliklər yaranır? Bəli! Amma nə qədər artıq olsa da, sosial şəbəkələrdəki panik statuslardan, yersiz şərhlərdən artıq deyil".

Redaktor.az xəbər verir ki, bunu REAL TV-nin rəhbəri, Əməkdar jurnalist Mirşahin Ağayev öz feysbuk səhifəsində paylaşıb.

O əlavə edib ki, nə qədər çox çətinlik yaratsa da, sosial platformalardakı “hərşeyşünasların, naqqalların” yaratdığından çox deyil:

"Heç kimə, xüsusilə şəhər təsərrüfatına rəhbərlik edənlərə, dünəndən başlayaraq, bütün gecə daxil olmaqla, bu saat da sısqa yağışın altında işləyənlərə – FHN, DİN, ADSEA əməkdaşlarına işləməyi öyrətmək lazım deyil. Tıxacdan şikayət etmək əvəzinə, lazım olmadığı halda avtomobillə yolları yükləməmək lazımdır. Polis əməkdaşları onsuz da yüklənib. Kömək etmək istəyiriksə, diqqətli olaq, ilk növbədə özümüzü çarəsiz vəziyyətə salmayaq ki, iş artırmayaq. Sakit bir damın altında oturub, çay içə-içə FHN-i qınayan statuslar paylaşmaq əvəzinə, sosial hesablarda problem yaranmış ərazilərin ünvanını dəqiq yazmaq, kömək yönəltmək üçün ipucu vermək lazımdır. Saytlar, sosial media alətləri – ümumiyyətlə, həmkarlar! Panik ovqat yaradan başlıqları, “Apardı sellər Saranı!” deyə “Xançoban”ı lənətləməyi yığışdıraq! ADSEA əlindən gələni edir. Yağışdır, leysandır, sısqadır, nədir, fərqi yoxdur, hər yerə yağır. Hər yerə. Bəlkə Azərbaycandan daha güclü, daha çox. Və inanın ki, raket zərbələrindən sonrakı Tehranda, Təbrizdə küçələrdə, meydanlarda yağış altında dayananlar bizim sosial şəbəkələrdəki gəvəzələrdən daha soyuqqanlıdırlar. Tapşırıqları intizamla yerinə yetirək.

Yeri gəldi-gəlmədi canlı açmaq lazım deyil. İmkan varsa, kömək edək. Yox, əgər suyun içində, yağışın altında bu soyuqda çalışan adamların əlindən şlanqı, lapatkanı alıb kömək edən deyilsinizsə, heç olmasa, heç kimə gərəkli olmayan giley-güzarınızı özünüzə saxlayın, tirajlamayın, mane olmayın. Öz işini ləyaqətlə görən insanları, qurumları populist yanaşmalarla incik salmayaq. Bu arada, fürsətdən istifadə edib DİN, ADSEA, FHN əməkdaşlarına təşəkkür edirəm. Elə bütün gecəni (bu saat da!) onlarla çiyin-çiyinə çalışan REAL TV-nin əməkdaşlarına da. Sağ olun, dostlar, peşəkarlar, bu saat da iş başındasınız! Yağışa, sosial şəbəkələrə fikir vermədən! İşiniz avand olsun!"

Избранный
2
3
redaktor.az

5Источники