RU

Yağışlar elektromobilləri sınağa çəkir: Elektrikli avtomobillər üçün su təhlükəlidirmi?

Son iki gündür Bakı və Abşeron yarımadasında müşahidə olunan intensiv yağışlar paytaxtın infrastrukturundakı boşluqları bir daha gündəmə gətirib. Bir çox qəsəbə və mərkəzi yolların gölməçəyə çevrilməsi nəqliyyatın hərəkətini çətinləşdirsə də, ən çox maraq doğuran məsələlərdən biri də son illər populyarlığı artan elektromobillərin bu hava şəraitinə nə dərəcədə dözümlü olmasıdır. Sürücülər arasında “elektromobil suda qısapanma verə bilərmi?” sualı aktual mövzuya çevrilib.

Məsələ ilə bağlı nəqliyyat eksperti Tale Ələddinzadə NOCOMMENT.az-a bildirib ki, müasir elektromobillər təhlükəsizlik baxımından daxili yanma mühərrikli avtomobillərdən daha ciddi izolyasiya sisteminə malikdir: “Elektromobillərin batareya blokları və yüksək gərginlikli kabelləri hermetik şəkildə qorunur. İstehsalçılar bu avtomobilləri beynəlxalq IP67 və ya IP69 standartlarına uyğun hazırlayırlar, bu da o deməkdir ki, batareya müəyyən müddət ərzində suyun altında qalsa belə, daxili hissələrə nəm keçmir. Yəni yağışlı havada elektromobil sürmək və ya gölməçədən keçmək, qızıl qaydalara əməl edildiyi təqdirdə, sürücü üçün hər hansı elektrik şoku təhlükəsi yaratmır”.

O, qeyd edib ki, buna baxmayaraq, sürücülər ehtiyatı əldən verməməli və suyun dərinliyini düzgün qiymətləndirməlidirlər: “Gölməçənin dərinliyi avtomobilin alt hissəsini tamamilə örtürsə və ya təkərin yarısından yuxarı qalxırsa, bu zaman risklər artır. Elektrik mühərriki özü qorunsa da, avtomobilin digər elektron sensorları, işıqlandırma sistemləri və ya salonun alt hissəsindəki naqillər zərər görə bilər. Unutmaq olmaz ki, elektromobillər sualtı qayıq deyil. Uzun müddət dərin suyun içində qalmaq korroziyaya və ya gələcəkdə ciddi elektron nasazlıqlara yol aça bilər. Ona görə də sürücülərə tövsiyə olunur ki, suyun səviyyəsi kritik həddədirsə, risk etməsinlər”.

Ekspertin sözlərinə görə, Bakıdakı mövcud yağış suları bəzən kanalizasiya axıntıları ilə qarışıq olduğu üçün tərkibindəki kimyəvi maddələr avtomobilin alt hissəsindəki metal detalları daha tez sıradan çıxara bilər. Bu səbəbdən, intensiv yağışlardan sonra elektromobillərin alt hissəsinin təmiz su ilə yuyulması gələcək fəsadların qarşısını almaq üçün effektiv üsuldur.

Tunar
NOCOMMENT.az

Избранный
20
nocomment.az

1Источники