RU

“İranda oyunun taleyi Ankara və Bakının əlindədir” Pənah Hüseyn

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yaxın Şərqdə İranla ABŞ–İsrail koalisiyası arasında müharibə artıq 28 gündür davam edir.

Tərəflər hələlik hərbi üstünlük əldə edə bilməsə də, prosesin miqyası genişlənməkdədir. ABŞ-ın bölgəyə xüsusi təyinatlı qüvvələr göndərməsi və paralel olaraq Tehranla mümkün danışıqlar barədə açıqlamalar vəziyyəti daha da mürəkkəbləşdirir. Mövzu ilə bağlı “Bakupost”un suallarımı Azərbaycan Xalq Partiyasının (AXP) sabiq sədri Pənah Hüseyn cavablandırıb:

– Artıq 28 gündür ki, Yaxın Şərqdə müharibə gedir. Sizcə, ötən dövr nəyi göstərdi, proses necə cərəyan edir?

– Müşahidələrim ondan ibarətdir ki, İran tərəfi hələlik cavab verməkdə, müqavimət göstərməkdə davam edir. Nəticədə regionun infrastrukturu dağılır, insanlar həlak olur. ABŞ və İsrail isə beynəlxalq hüququ pozmaqla məşğuldur. Vaşinqton hətta öz məqsədinə çatdığını bildirir. Proses bütün dünyaya iqtisadi, siyasi, sosial və psixoloji baxımdan təsir göstərməkdə davam edir.

– Necə düşünürsünüz, ABŞ quru əməliyyatına başlaya bilər? Regiona xüsusi təyinatlıların göndərildiyi bildirilir. Bu, belə bir əməliyyat üçün zəmin yaradırmı?

– Analitiklərin çoxu hesab edir ki, ABŞ quru əməliyyatı aparsa, məqsədinə çatmayacaq. Belə bir əməliyyat olduqca risklidir. Xüsusi təyinatlı qüvvələrlə iri miqyaslı əməliyyatların keçirilməsi ehtimalı aşağıdır. Yalnız diversiya xarakterli əməliyyatlar mümkündür. Məsələn, müəyyən strateji nöqtələrin və ya adaların ələ keçirilməsi, yaxud hərbi-siyasi rəhbərliyin neytrallaşdırılmasına yönəlik addımlar atıla bilər. İsrail təkbaşına genişmiqyaslı əməliyyat aparmaq gücündə deyil. ABŞ da 3-4 minlik qüvvə ilə belə riskə getməz.

– Hadisələrin gedişindən asılı olaraq Güney Azərbaycanda rejimə qarşı etirazlar baş qaldıra bilərmi? Belə bir ehtimal nə dərəcədə realdır?

– Hələlik bütün İranda geniş protest hərəkatı müşahidə edilmir. Kürd silahlı qrupları ilə bağlı aktivlik də səngiyib. Güney Azərbaycan da bu baxımdan sakit görünür. Fakt odur ki, güneyli soydaşlarımızın əksəriyyəti Qərbin planlarında alət olmaq istəmir. Bu səbəbdən proses daha çox geopolitik amillərdən, həmçinin Bakı və Ankaranın mövqeyindən asılıdır. Hazırkı mərhələdə isə bu istiqamətdə ciddi dinamika görünmür.

Rüfət Sultan, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
1
www.bakupost.az

2Источники