Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ermənistanda siyasi fiqurlar Kremlə xidmət edir, "Böyük Ermənistan" planı yenidən gündəmə gətirilir
Cənubi Qafqazda baş verən hadisələr təkcə ölkələrin öz daxili siyasəti ilə bağlı deyil. Bu proseslərə böyük dövlətlərin də ciddi təsiri var. Xüsusilə Ermənistanda bəzi siyasətçilərin önə çıxması göstərir ki, bu təsir hələ də davam edir və regionda vəziyyətə birbaşa təsir edir.
Buna erməni siyasi analitik Edqar Arakelyanın bu yaxınlarda verdiyi açıqlama da sübut edir. O, söyləyib ki, hakim “Vətəndaş Müqavilə” partiyasının üzvləri və Baş nazir Nikol Paşinyanın “əgər biz seçilməsək, müharibə olacaq” kimi açıqlamaları şantaj yox, reallıqdır.
Ekspertin sözlərinə görə, Rusiya Ermənistanın keçmiş hakimiyyətlərinin və ya indiki müxalifətin təminatçısıdır:
Politoloq Natiq Miri mövzu ilə bağlı Sherg.az-a danışıb:
"Köçəryan Qarabağ klanının nümayəndəsidir. O, məhz Azərbaycanın tərkib hissəsi olan Qarabağda, dırnaq arası “qəhrəmanlaşdırılaraq” Ermənistanın siyasi səhnəsinə transfer edilib. Burada da konkret hakimiyyət çevrilişi nəticəsində hakimiyyətin zirvəsinə yüksəldilib. Sonradan digər Qarabağ klanının nümayəndəsi Sarkisyanla bu hakimiyyət, yəni Qarabağ klanının hakimiyyəti Ermənistanda davam etdirilib.
Qaripetiyan da eyni sxemin müxtəlif səviyyədə təzahürüdür. Qaripetiyan Rusiyada milyonları dırnaq arası “qazanıb”. Bu isə ona görə mümkün olub ki, Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları buna icazə verib. Əks təqdirdə, Rusiyada bu cür milyonları sərbəst şəkildə qazanmaq, xərcləmək və dövlət qarşısında hesabatlı olmamaq mümkün deyil.
Ona görə də Samvel Karapetyanın Ermənistana göndərilməsi onun şəxsi arzu və istəyi ilə baş verməyib. Karapetyan Rusiyanın konkret istəklərini yerinə yetirmək üçün Ermənistandadır".
Politoloq vurğulayıb ki, Karapetyanın müstəqil qərar vermək imkanı olsaydı, bir saniyə belə Ermənistanda qalmazdı:
"Rusiyanın yaratdığı və siyasi müstəviyə çıxardığı bu emissarlar müxtəlif səviyyələrdə Rusiyanın maraqlarına xidmət edirlər. Tarixə baxdıqda görürük ki, istər Çar Rusiyası dövründə, istər bolşeviklər hakimiyyətə gəldikdən sonra Sovetlər dönəmində, istərsə də SSRİ-nin dağılmasından sonra formalaşan Rusiya siyasətində Ermənistanda yetişdirilən siyasətçilər müəyyən ideyalardan heç vaxt imtina etməyiblər. Məsələn, zamanında “Miatsum” ideyası- yəni Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana birləşdirilməsi, yaxud “Böyük Ermənistan”- dənizdən dənizə Ermənistan kimi iddialar, həmçinin Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı ərazi iddiaları süni şəkildə Ermənistanın siyasi gündəminə daxil edilib. Bu isə Ermənistanı daha rahat idarə etmək və ondan istifadə etmək məqsədi daşıyıb.
Bu gün Köçəryan və Qaripetiyan kimi fiqurlar həmin missiyanı davam etdirirlər. Daha doğrusu, bu ideyaları guya həyata keçirmək üçün səhnədə müəyyən rol oynayırlar. Lakin Azərbaycan öz qanı ilə suvardığı Qarabağ torpaqlarını yenidən işğalçı qüvvələrə vermək niyyətində deyil.
Eyni zamanda bu məsələ artıq beynəlxalq hüquq müstəvisində də təsbit olunub".
Ekspert xatırladıb ki, beynəlxalq birlik Qarabağın Azərbaycanın ərazisi olduğunu qəbul edir və onun hərbi əməliyyatlar nəticəsində azad olunmasını legitim sayır:
"Buna baxmayaraq, Rusiyanın yenidən önə çıxardığı bəzi siyasətçilər bu ideyaları diriltmək üçün aktiv fəaliyyət göstərirlər. Bu məqsədlə böyük maliyyə və resurslar dövriyyəyə buraxılır. Bu o deməkdir ki, “ermənilərin Qarabağa qaytarılması” kimi cəlbedici şüarlar vasitəsilə erməni cəmiyyətinin dəstəyi qazanılmaq, hakimiyyətə gəlmək və nəticədə Ermənistanı yenidən tam şəkildə Rusiyanın təsiri altına salmaq istəyirlər. Bu isə Azərbaycanla yeni qarşıdurma və müharibə riskini artırır. Çünki bu, sadəcə humanitar şüar deyil. Bunun arxasında ciddi geosiyasi məqsədlər dayanır. “Miatsum” və “Böyük Ermənistan” ideyaları Ermənistanı qonşu dövlətlərlə qarşıdurmaya sürükləyir ki, bu da sabitliyə deyil, yeni münaqişələrə yol açır.
Bu səbəbdən həm baş nazir Paşinyan, həm də “Vətəndaş Müqaviləsi”nin nümayəndələri bu reallıqları erməni cəmiyyətinə çatdırmağa və onları yanlış seçimlərdən çəkindirməyə çalışırlar".
Analitikin sözlərinə görə tarix göstərir ki, erməni xalqı bu cür ideyalarla dəfələrlə aldadılıb və bunun ağır bədəlini ödəyib:
"XX əsrin əvvəllərində Birinci Dünya müharibəsi dövründə baş verən hadisələr, daha sonra isə Azərbaycan torpaqlarının uzun illər işğal altında saxlanılması nəticəsində yaranan ağır nəticələr bunun nümunəsidir. Bu proseslərin nəticələri bu gün də, ən azı psixoloji səviyyədə, hiss olunmaqdadır.
Buna görə də Karapetyan və Köçəryan kimi fiqurların aktivləşməsi, onların yenidən hakimiyyətə gəlmək istəkləri birbaşa Rusiyanın geosiyasi maraqları ilə bağlıdır. Bu isə regionda sabitliyin pozulması deməkdir. Çünki Rusiyanın Cənubi Qafqazı yenidən öz təsir dairəsinə salması üçün bu cür qarşıdurmalara ehtiyacı var. Belə problemlərin mövcudluğu həm Ermənistanı, həm də Azərbaycanı nəzarət altında saxlamağa imkan verir. Bu, Rusiyanın uzun illərdir tətbiq etdiyi spesifik siyasətdir. Bu siyasətdə dəyişən çox az şey var. Tətbiq olunan alətlər isə demək olar ki, eyni qalır".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.