RU

Məşhur stəndapçıdan icra hakimiyyətinə: "Elə bil sözü daşa deyirsən"

“2 ildir Abşeron Rayon İcra Hakimiyyətinə hər cür müraciət eləmişəm, AzTV-yə kimi çağırmışam, gəlib yolları çəkiblər. Xeyri yoxdur, elə bil, daşa deyirsən sözü”.

Ölkə.Az xəbər verir ki, bu sözləri ssenarist, stəndapçı Alim Cəfər yaşadığı Məhəmmədi (Məmmədli) kəndində yolların vəziyyəti barədə qeyd edib

“Oturub-durub deyirlər ki, Xoşqədəmlə Zaurun verilişi bağlansın. Bu verilişlərin yaxşı ya pis olmağını qoyuram qırağa, mübahisələndirmirəm, amma kaş elə bəzi qurumlar bu aparıcılar kimi işini peşəkarıqla görəydilər.

ATV-də işləyəndə Zaur Baxşəliyevin komandasının necə peşəkarlıqla, qarışqa kimi işlədiyini görmüşəm. Eləcə də Xoşqədəm Hidayətqızı. Bir adamın itmiş oğlunu tapmaq üçün durub Rusiyanın ucqar vilayətinə kimi gedib çıxırdı. Başa düşürsünüz, işləyirdi adamlar, əziyyət çəkirdi. 

A kişi, 2 ildi küçəyə icra hakimiyyətindən bir nəfəri gətirdə bilmirəm, beş metr yolu düzəltməyə ərinirlər, işlərini görmək istəmirlər.

Zaurla Baxşəliyevlə Xoşqədəm Hidayətqızına həvalə eləsəydilər, bu işləri, bir aya görüb qurtarardılar. Düzdür, ortada bir ağlaşma, qəmli mahnı, 2 dənə klinikanın reklamı zad olacaqdı, amma yollar da düzələcəkdi.

Hürə-hürə bu yolları düzəltdirəcəm, başqa yolu yoxdur. Məhəmmədi kəndi Tacirin Bayatı "Şiraz"ındakı vətəndir, Şəhriyarın “Azərbaycan” şeirindəki Azərbaycandır. Bircə bunu Abşeron RİH və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi başa düşsə, problem həll olacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, A.Cəfər daha əvvəl də sözügedən problemlə bağlı şikayətini sosial şəbəkələrdə paylaşıb.

Ötən ilin sentyabrında onun müraciətinə cavab olaraq AAYDA-dan bildirilib ki, küçələrin asfaltlanması ilə bağlı qaldırılan məsələ qurumun balansında deyil, yerli icra hakimiyyətinin səlahiyyətlərinə daxildir. 

Abşeron RİH isə ötən il asfaltlanma üçün AAYDA-ya rəsmi müraciət edildiyini açıqlamışdı.

Billurə
 

Избранный
28
1
olke.az

2Источники