RU

Ovannisyan: Ermənistanda yeni Konstitusiya hələ hazır deyil


Ermənistanda yerli hakimiyyət nümayəndələri  yeni konstitusiya ilə bağlı layihənin yekun variantının formalaşmadığını etiraf edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” partiyasının fraksiya katibi Artur Ovannisyan yeni Konstitusiya layihəsi ilə bağlı açıqlama verib.

O, martın 27-də keçirilən brifinqdə bildirib ki, layihə hələ də müzakirə mərhələsindədir və yekun mətn hazırlanmayıb.

Ovannisyanın sözlərinə görə, sənəd üzərində iş davam edir və layihə fraksiya daxilində də müzakirə olunur:

“Yeni Konstitusiyanın mətni hələ də müzakirə mərhələsindədir. Artıq bir görüş keçirilib”.

Deputat qeyd edib ki, hazırda yalnız işçi sənədlər mövcuddur və onlar hələlik ictimaiyyətə açıqlanmır.

“Bu sənədlər yalnız müzakirələr tamamlandıqdan və dərc üçün hazır vəziyyətə gətirildikdən sonra təqdim olunacaq”, – deyə o vurğulayıb.

Ovannisyan əlavə edib ki, layihə dərc edildikdən sonra geniş ictimai müzakirələr keçiriləcək və bu prosesə ekspertlər, siyasətçilər və cəmiyyət nümayəndələri cəlb olunacaq.

O, eyni zamanda mediada yayılan məlumatlara da münasibət bildirib və yerli vətəndaşları yalnız rəsmi mənbələrə inanmağa çağırıb:

“Hazırda mövcud olan sadəcə işçi sənəddir. Vətəndaşlardan xahiş edirəm ki, müxtəlif nəşrlərin təsiri altına düşməsinlər və yalnız rəsmi açıqlamaları izləsinlər”.

Musavat.com

 

Избранный
13
1
musavat.com

2Источники